Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 85 illiyi qeyd olunacaq

Dekabrın 21-də AzTV-nin Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 85 illiyi münasibətilə konsert proqramı təşkil olunacaq. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşəcək tədbir MTN və AzTV-nin birgə təşkilatçılığı ilə gerçəkləşdiriləcək. Tədbirdə orkestrin yaranmasından, Azərbaycan Televiziya və Radiosunda, o cümlədən ölkəmizin mədəni həyatındakı fəaliyyətindən söz açılacaq. Konsertdə xalq çalğı alətləri orkestrinin müşayiəti ilə bir sıra xalq və bəstəkar mahnıları səsləndiriləcək.

Səid Rüstəmov adına Xalq Çalğı  Alətləri Orkestri Müslüm Maqomayevin təklifi ilə Üzeyir Hacıbəyli tərəfindən 1931–ci ildə yaradılmaqla, nəinki Azərbaycanda, bütün Türk Dünyasında və Şərq aləmində professional notlu xalq çalğı alətləri orkestrinin əsasını qoymuş olur. İlk  dövrlərdə orkestrin dirijoru və rəhbəri Üzeyir Hacıbəyli, konsertmeysteri isə Səid Rüstəmov olmuşdur. Orkestrin tərkibi isə ancaq  kamança, saz, balaban, zurna, dəf, nağara alətlərindən ibarət olmuşdur. İlk heyyəti Səid Rüstəmov, Əhmədxan Bakıxanov, Məmmədxan Bakıxanov, Ağabacı Rzayeva, Əmrulla Məmmədbəyli, Cəvahir Həsənova, Tutu Kərimova, Məmmədağa Muradov, Süleyman Hüseynquluoğlu, Əbülfəz Fərəczadə, Xalıq Babayev, Əlihəsən Nuriyev, Xosrov Məlikov, Qılman Salahov, Qönçə İsrafilova, Hacıbaba Əliyev, Hacı Xanməmmədov, Ə.Quliyev və b.-dən ibarət idi.
1935 – ci ildən sonra Üzeyir Hacıbəylinin təklifi ilə Səid Rüstəmov orkestrə baş dirijor və bədii rəhbər vəzifəsinə təyin olunur. Orkestrin repertuarı xalq mahnı və təsniflərindən, rənglərdən ibarət olsa da tezliklə  Müslüm Maqomayev, Üzeyir Hacıbəyli, Səid Rüstəmov orkestr üçün yeni əsərlər yazmağa başlayırlar. Radionun yaradılmasına həsr olunmuş  Müslüm Maqomayevin RV-8 (Radio marşı), Üzeyir Hacıbəylinin 1 və 2 №li fantaziyaları, Səid Rüstəmovun mahnıları orkestrin repertuarını daha da genişləndirir. 1936-cı ilin aprel ayında I Ümumittifaq Radio festivalında iştirak edib mükafat qazanan orkestr, 1937-ci ildə Moskva və Leninqrad  şəhərlərində uğurla konsertlər verir. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündə Üzeyir Hacıbəyli “Arşın mal alan” musiqili komediyasını xalq çalğı alətləri orkestri üçün işləməyi Səid Rüstəmova həvalə edir. 1938-ci il aprelin 9-da Moskva şəhərində “Böyük teatr”ın səhnəsində göstərilən “Arşın mal alan” musiqili komediyası böyük uğur qazanır.  Ertəsi gün isə göstərilən tamaşa radio vasitəsi ilə yayımlanaraq geniş dinləyici kütləsinə təqdim edilir. Həmin dekadada Hökümə Nəcəfova ordenə layiq görülən ilk Azərbaycanlı qadın olur. İkinci Dünya Savaşı illərində orkestr öz ifası ilə əsgərlər qarşısında, cəbhə bölgələrində, radio dalğalarında çıxış edərək, xalğın bu çətin günündə qələbəyə uğur və düşmənə nifrət hissləri oyatmağa müəssər olur. 1947- ci ildə Şərqdə xalq çalğı alətləri orkestri üçün Fikrət Əmirovun yazdığı ilk fortepiano konserti  Emilya Qrenberq tərəfindən uğurla ifa olunur. O vaxtlar Moskvada çıxan “İncəsənət” jurnalı bu konsert və ifa barədə geniş məqalə yazmışdı. Orkestrin heyyətində Adil Gəray, Rəhilə Kərimova, Baba Salahov, Şövkət Babayev, Əhsən Dadaşov, Hafiz Mirzəliyev, Qəribə Hacızadə, Şəfiqə Məmmədəliyeva, İzzət Bağırova, Bəhruz Zeynalov,  Vəcihə Səfərova,  Fərhad Dadaşov, Hacı Məmmədov, Əşrəf Abbasov, Qənbər Hüseynli, Sərvər İbrahimov, Tərlan Qazıyeva, Asya Tağıyeva, Azər Mustafayev, Dadaş Dadaşov, Rəna  Kəngərli, Gövhər Qasımova, Ağasaleh Abasəliyev, Ceyran Cəfərova, Məmməd Quliyev, Səyyarə Əliyeva, Ramiz Mirişli, Elman Bədəlov, Möhsüm Möhsümov, Ələkbər Ələsgərov kimi görkəmli ifaçılar işləmişlər.
1974 –cü ildə orkestrə bədii rəhbər və dirijor Nəriman Əzimov təyin olunur. Tezliklə orkestrə fleyta, kontrabas, qaboy alətləri daxil edilərək səslənməni zənginləşdirir. 1979-cu ildən orkestrin 2- ci dirijoru Faiq Sadıqov təyin olunur. 1983-cü il dekabr ayında görkəmli bəstəkar Fikrət Əmirovun “Qurd Ovşarı” simfonik muğamı Səsyazma Evində lentə yazılarkən bəstəkar orkestr qarşısında ürək sözlərini belə deyir - “Mən bilsəydim bu cür xalq çalğı alətləri orkestrində səslənmiş bu əsəri simfonik orkestr üçün yazmazdım”
Orkestrin hal-hazırda dirijorları əməkdar artist Faiq Sadıqov və Fərhad Qarayusiflidir.

Xudaferin.eu

11:18