SƏHNƏMİZİN SÖNMƏZ ULDUZU

Xalq artisti Mərziyə Davudovanın 115 illiyi münasibətilə

Böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlı deyib ki; “Mərziyə yetkin sənətkardır, aktrisa, səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətəmiz bir istedada malikdir”.

Azərbaycan teatrında bir sıra əvəzolunmaz aktrisalar var ki, zaman keçdikcə onlar daim teatr tarixində əbədi olaraq qalacaqlar. Belə sənətkarlar səhnədə bir sıra möhtəşəm, yaddaşlardan silinməyən obrazlar qalereyası yaradıblar. Onlar nəinki özləri iştirak etdikləri tamaşalarda, hətta iştirak etmədikləri tamaşalarında müvəffəqiyyətinə seviniblər. Bütün tamaşaların uğurlu alınmasında ürəkdən çalışıblar. Belə sənətkarlardan biri də SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Mərziyə xanım Davudova idi.
Milliyyətcə tatar olan Mərziyə Yusif qızı Davudova (Dautova) 1901-ci il dekabr ayının 8-də Həştərxan şəhərində dünyaya göz açmışdı. Onun anası Qaşqa-Camal elmə, ədəbiyyata meyillı bir insan idi. O, qızı Mərziyəni 1908-ci ildə kəndlərində fəaliyyət göstərən dördillik “Darültəhsil” tatar məktəbində oxutdurub. Məktəbi bitirəndən sonra M. Davudova Həştərxanda “Qaliyə” məktəbində təhsilini davam etdirib.

Səhnəyə ilk dəfə 14 yaşında olarkən A. Dümanın “Kameliyalı qadın” əsərinə tamaşa edib. XX əsrin əvvəlində N. Vəzirovun, N. Nərimanovun əsərləri tatar dilinə tərcümə olunur və Hüseyn Ərəblinski, Mirzağa Əliyev kimi böyük səhnə ustaları yerli həvəskarlarla qastrol tamaşalarında çıxışlar edirlər. Tatar teatrının tərəqqisində Azərbaycan aktyorları mühüm rol oynayıblar. Getdikcə M. Davudovanın teatra həvəsi artır və o, ilk dəfə “Birinci teatr” tamaşasındakı Əfifə rolu ilə səhnəyə çıxır. Hüseyn Ərəblinski 1918-ci ildə Həştərxan şəhərinə növbəti dəfə qastrol tamaşasına gələndə, vaxt tapıb dram həvəskarlarının da tamaşalarına baxır, Mərziyə Davudovanın ifa tərzini bəyənir və Bakıya gəlməsini təklif edir. 1919-cu ildə anasını itirən M. Davudova Bakıya Birləşmiş Dövlət Teatrosu nəzdində Türk Dram Teatrosu kollektivinə aktrisa qəbul olunur. H. Ərəblinski Mərziyə Davdovanı Bakı səhnəsində görə bilmir. Beləliklə, Mərziyə Davudovanın professional səhnədəki fəaliyyəti başlayır.

Bir müddət Bakı Türk İşçi Teatrında çalışsa da, sonra ömrünün axırına kimi indi ki, Akademik Milli Dram Teatrının aparıcı sənətkarlarından olub. Əksər Azərbaycan, Rus, Qərbi-Avropa dramaturgiyasının baş qəhrəmanlarına səhnə həyatı verib. Həvəskar aktrisalıqdan SSRİ xalq artisti səviyyəsinə yüksələn Mərziyə Davudova 1962-ci ildə yanvar ayının 5-də altmış yaşında həyat ilə vidalaşıb, birinci “Fəxri xiyaban”da dəfn olunub.
Mərziyə Davudova hələ gənc yaşlarında səhnəni, böyük məhəbbətlə sevmiş, bütün həyatını səhnə sənətinə həsr etmişdir. Neçə on illər tamaşaçılar Mərziyə Davudovanın böyük sənətindən zövq almış, böyük bir aktrisalar nəsli ona baxıb, səhnəyə gəlmişlər. Mərziyə xanım aktrisalıq şöhrəti o qədər parlamışdır ki, onu Azərbaycandan çox-çox uzaqlarda da tanıyırdılar. Mərziyə Davudova bir tərəfli aktrisa olmamışdır. Onun yaradıcılığı müsbət və mənfi obrazlar ilə zəngindir. Aktrisa bunların hansını yaxşı ifa edib? Bu suala cavab vermək çətindir. Mən deyərdim ki, hamısını. Çünki, bütün böyük sənətkarlar kimi Mərziyə xanım üçündə obrazın böyük və kiçikliyi, mənfi və müsbətliyi olmayıb. Aktrisa ona tapşırılan obrazı öz sənət süzgəcindən keçirib, yüksək sənətkarlıqla tamaşaçılara təqdim edib.
Onun ifa etdiyi Sevil, Gültəkin, Firəngiz, Gülnisə, Yaxşı, Gülsabah, Solmaz, Nabat, Şəmsa (“Sevil”, “Aydın”, “Oktay Eloğlu”, “Solgun çiçəklər”, “Almaz”, “Dönüş”, “Od gəlini”, “1905-ci ildə”, “Trablis mühribəsi”), Xuraman, Qızyetər, Şirin, Səhər (“Vaqif”, “Xanlar”, “Fərhad və Şirin”, “İnsan”), Südabə, Xumar, Jasmen, Anjela (“Səyavuş”, “Şeyx Sənan”, “Knyaz”, “Uçurum”), Səlimə, Sona (“Pəri cadu”, “Dağılan tifaq”), Həyat, Lina (“Həyat”, “Madrid”), Həcər (“Qacaq Nəbi”), Gülzar (“Şərqin səhəri”), Məshəti (“Nizami”), Ülkər (“Vəfa”), Nüşabə (“Nüşabə”), Gertruda, Dezdemona, Qonerilya, Ledi Maqbet (“Hamlet”, “Otello”, “Kral Lir”, “Maqbet”), Luiza (“Mərk və məhəbbət”), Joziana (“Gülən adam”), Kriçinina, Kabanixa (“Günahsız müqəssirlər”, “Tufan”), Vassa Jeleznova (“Vassa Jelezniva”), Lambrini (“Gözəllik və sevgi adası”) və s. obrazlar Azərbaycan teatr tarixinin qızıl fonduna daxil olmuşlar.

“Mərziyə Davudova daxili ehtirası, güclü səhnə temperamentinə, monimental janrın tələblərinə cavab verən ifadə vasitələri, romantik təxəyyülü ilə faciə aktrisası idi. Psixoloji dramatizminə, obrazın ikinci planını tamaşaçıya təqdim etmək hünərinə, dramatik personajların ifasına oyun-üslub keyfiyyətlərinə görə realist aktyorluq məktəbinə mənsub idi” (İ. Rəhimli “Səhnəmizin fədailəri”, Bakı, 2002, s. 147).
Mərziyə Davudova yaradıcılıqda nə qazanıbsa hamısını gərgin əmək sayəsində əldə edib. Onun həyatı, obraz üzərində böyük təmkinlə işləyən, xarakterin bütün təfərrüatını dərindən mənimsəyən zəhmətkeş bir insanın həyatıdır. O, zəngin xarakterlər, qüvvətli ehtiraslar ustası idi. O, qırx illik yaradıcılıq dövründə yüzlərlə rəngarəng, unudulmaz səhnə qəhrəmanları yaratmışıdır. O, görkəmli səhnə xadimi kimi, birdən-birə meydana gəlməmişdir. Sənətkarlığın yüksən pilləsinə zəhmətlə, əziyyətlə yüksəlmişdir.
Mərziyə Davudovanın ifasındakı zəngin boyalar onun ifaçılıq sənətinin fərqləndirən əsas əlamətlərdəndir. Aktrisanın ifa üslubu son dərəcə çətin və mürəkkəb idi. “O, müxtəlif cəhətlərin, başqa-başqa üsulların, bəzən təzadların uyuşmasından, vəhdətindən istifadə edir. Romantik ünsürlər onun oyununda məişət boyaları, faciə ünsürləri isə yumor boyaları ilə uzlaşır, o, qəhrəmaniliyi göstərmək üçün adilikdən, monumentallığı sezdirmək üçün təfərrüatdan istifadə edir. İlham dəqiqələrində biz SƏHNƏMİZİN SÖNMƏZ ULDUZUMərziyə xanımın oyununda böyüklüyün sadəliyini və sadəliyin böyüklüyünü az görməmişik” (M. Məmmədov “Teatrlar Aktyorlar Tamaşalar”, Bakı, Azərnəşr, 1966, s. 146).
Mərziyə Davudovanın böyük istedadla ifa etdiyi obrazların ideyaları, arzu və əməlləri fərqli idi. Məsələn, Dezdemona ilə Gülnisə, Ledi Maqbet ilə Şirin, Kabanixa ilə Xumar və ya Südabə ilə Sevil bir-birləri ilə daban-dabana zidd olan obrazlardır. Bu obrazları yüksək bədii səviyyədə tamaşaçılara sevdirmək, ancaq Mərziyə Davudova kimi nəhəng bir istedadın sayəsində ola bilərdi. Və oldu da...
“Mərziyə xanım hər bir surətin daxili aləmini, həyəcanlarını, iztirablarını incəliklərinə qədər açıb tamaşaçıya çatdıra bilirdi. O, sözsüz səhnələrdə də bacarıqla oynayırdı... M. Davudovanın yaradıcılığında bir sehrkarlıq qüvvəsi vardı. Tamaşaçılar bu isteadalı aktrisanı sevir, hər bir rolunda ona heyran olurdular. Çünki o, tamaşaçıları ələ almağı, onları düşümdürməyi, surətin taleyini ağladıb-güldürməyi bacarırdı” (A. İsmayılova “Azərbaycan qadınları səhnədə”, Bakı, İşıq, 1977, s. 89-90).

Mərziyə xanım səmimi aktrisa idi. O, obrazı özününkü etməmiş səhnəyə çıxmazdı. Bu da onun tamaşaçılara hörmətindən irəli gəlirdi. O, səhnədə çıxış etdiyi hər sözün arxasında axtarışlarla dolu olan, gərgin duyğular dayanmışdı. Bu cəhət Mərziyə Davudovanın tamaşaçılara sevdirməsinin əsas şərtlərindən biri idi. SSRİ xalq artisti Mərziyə Davudova dərin insan ehtiraslarının böyük ifaçısı idi. Onun ifa etdiyi obrazlar heç biri digərinə bənzəmir. O, obrazı tamaşadan tamaşaya təkmilləşdirir, onu canlı insan şəklinə salırdı. Mərziyə xanım obrazın inkişaf dinamikasını düzgüm müəyyənləşdirə bilirdi, əsərdə baş verən hadisələrə onun münasibətini göstərirdi. Bu böyük aktrisanın səhnə fəaliyyəti illər boyu parlamış, Azərbaycan teatr tarixində nadir hadisəyə çevrilmişdir. Onun ifa etdiyi zəngin obrazlar indi də öz bədii dəyərini itirməmişdir.
Mərziyə Davudova dram artisti olmaqla yanaşı öz istedadını Azərbaycan kinosunda da sınamışdır. O, otuzuncu illərdən başlayaraq ömrünün sonuna qədər irili-xırdalı bir necə filmə (“Hacı Qara”, “Bir ailə”, “Bakının işıqları”, “Bəxtiyar”. “Həqiqi dost”, “Bir məhəlləli iki oğlan”, “Koroğlu”) çəkilmişdir. Xüsusən onun “Bir ailə”, “Bakının işıqları” və “Koroğlu” filmlərində ki, yaratdığı müxtəlif xarakterli ana obrazları öz bədii dəyəri ilə seçilən sənət nümunələridir. Bu il SSRİ xalq artisti Mərziyə xanın Davudovanın 115 yaşı tamam olur. Artıq 55 ilə yaxındır ki, həyatda olmayan bu nadir sənətkar, bu gündə yaşayır, yad edilir. Çünki nə qədər Azərbaycan incəsənəti yaşayır, Mərziyə Davudovanın böyük sənəti də yaşayacaqdır.

İmran AXUNDOV, fəlsəfə doktoru

14:38