Şəhla Vəliyeva; Maarifləndirməkdən başlamalıyıq

Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi Avrasiya Əməkdaşlıq Fondu ilə birlikdə ictimai fəaliyyətə yeni başlamış gənc xanımları `Yeni Nəsil Qadın Koalisiyasında` birləşdirmək, onların fəallığını artırmaq, ictimai güclərinə dəstək vermək, bilik və bacarıqlarını artırmaq, vəkilliklərini etmək üçün proqram həyata keçirməkdədir. Artıq proqramın yol xəritəsi üzrə müəyyən məsafə qət edilmişdir.Maraqlı görüşlər, təlimlər, müsahibələr keçirilmişdir.

Layihənin əsas istiqamətlərindən biri gənc fəalların ictimaiyyətə təqdim edilməsi eləcə də, müxtəlif sahələr üzrə onların ictimai vəkilliklərinin həyata keçirilməsidir.Artıq Koalisiya üzvlərindən bir çoxu müsahiblər vermiş, öz fikir və fəaliyyətləri haqda mülahizələrinin ictimaiyyətlə bölüşmüşlər.

Hazırda görüşlə, müsahibələr, ictimai təqdimatlar davam etməkdədir.

Bu günkü müsahibimiz isə `Yeni Nəsil Qadın Koalisiyası`nın üzvü Şəhla Vəliyevadır. Şəhla da çoxyönlü ictimai fəaliyyətlə məşğuldur.Uşaqlar və yeniyetmələrlə işləməyi sevir.Şəhlanın da həm gələcəyə bağlı maraqlı fikirləri və planları vardır. O da yüksək səviyyəli xarici unuversitetlərin birində təhsilini davam etdirək istəyir.

 

 

  •  Şəhla, sən `Yeni Nəsil Qadın Koalisiyası`nın üzvüsən. Artıq neçə aydır, bir aradasınız. Yeni bilik və bacarıqlar, təlimlər, görüşlər keçirsiniz. Bütün bunlar sənə, sənin kimi bir ictimai fəala nə qədər zəruri görünür? Hansısa bir fikir dəyişikliyi, yeni istiqamətlər, yaxşı karyera qurmaq üçün yeni yollar, üsullar göstərirmi? Bu biliklər sənə öz həyatında və ictimai həyatda dəyişikliklər etməyə yardım edə bilərmi?
  • `Yeni Nəsil Qadın Koalisiyası`nın üzvü olduğuma görə çox məmnunam. Məmnunam ki, bu seçimdə mənim də bəxtim gətirdi. Təlimlər çox faydalı oldu, çox maraqlı təlimçilərlə işlədik. Əlbəttə, bu biliklər mənə çox şey verdi. Elə qrupda ən çox sual verənlərdən biri də mən idim. Bütün suallarıma cavab aldım, bilmədiklərimi öyrənməyə çalışdım. Bu təlimlərdən əldə etdiyim faydalı məlumatlardan əlavə, yeni insanlarla tanış olmaq, fikir mübadilələri aparmaq mənə yol göstərir, yeni fikirlər, ideyalar verir. Və ən əsası isə, bu biliklər, görüşlər, ünsiyyətlər  qadınlara açılan imkanlardır. Mən hər zaman qarşıma çıxan bu imkanlardan yararlanmağa çalışıram. Öyrənmək fürsətini heç zaman qaçırmıram. Bu da gözəl bir fürsət oldu.

  • Görüşləriniz davam edir. Müxtəlif sahə liderləri ilə ünsiyyətdə olursan. Sənin karyera seçiminə, gələcəklə bağlı fikirlərinə daha çox kim təsir etdi?
  • Jalə Əmirbəyova ilə olan görüş məni öz fəaliyyətimlə bağlı yeni bir götür-qoy etməyə səslədi. Azərbaycan kimi bir ölkədə bir qadının kənd təsərrüfatı sahəsində bu qədər irəli gedə bilməsi, bu qədər keyfiyyətli işlər bacarması məni sözün yaxşı mənasına təəccüblləndirdi, həm də sevindirmişdi. Bundan əlavə onunla olan görüşə biznesə başlamaq üçün faydalı ola biləcək bir çox məsləhət, fikirlər əldə etdim.
  • Sən bizneslə məşğul olmaq istəyirsən?
  • Biznes çətin sahədir. Bizim ölkəmizdə biznes qadın üçün xüsusilə çətin sahədir. Amma Jalə xanımın fəaliyyəti isbat edir ki, bunu da bacarmaq, bu çətinlikləri də aşmaq olar. Mühüm olan israrlı və davamlı çalışmaqdır. Məni bilisiniz nə qane etmir, yaxşı tutaq ki, bir neçə nəfər çox istedadlıdır, bacarıqlıdır, qarşılarına çıxan bütün maneələri aşıb keçə bilirlər. Qalanları qalır hasarın o biri üzündə; uğursuz və uduzmuş. Mühit belə olmamalıdır. Hər kəs üçün imkan olmalıdır. Hamı super bacarıqlı ola bilməz ki. Orta qabiliyyətli insanlar, xüsusilə, qadınlar üçün də əlverişli mühit olmalıdır. Biznesə başlayan qadını həm dövlət, həm cəmiyyət, eləcə də qanunlar qolundan tutub irəli aparmalıdır ki, bunun hamıya, xüsusilə, cəmiyyətin inkişafına faydası olsun. Bəli, bu görüş məni çox düşündürdü və yenə mühitin yaxşılaşdırılmasının mühümlüyü üzərində durdum. Demək, biz daha fəal olmalıyıq. Qadınlar daha çox ictimai işlərdə çalışmalı, bu mühiti öz xeyirlərinə və gələcək nəsillərin xeyrinə dəyişməlidirlər.

 

  • İndi gənclər arasında xarici təhsil almaq üçün gedənlərin sayı artıb. İşləməyə, yaşamağa gedənlər də az deyil. Əminəm ki sənin də Avropada oxumaq planların var, çünkü bu, bütün gənclərin arzusudur.
  • Məncə təkcə gənclər yox əhalinin böyük əksəriyyəti artıq işləmək, yaşamaq üçün xaricə getmək istəyir. Bir tərəfdən belə halların çoxalmağının səbəbi ölkədəki problemləri göstərsə də, digər tərəfdən məncə yaxşı bir haldır. Mən özüm də hal-hazırda burda işimin, normal həyatımın olmasına baxmayaraq ilkin olaraq oxumaq və ya mümkün olarsa elə birbaşa işləmək üçün xaricə getməyi planlayıram. Bilirsiniz, bu normal haldır. Avropada insanlar böyüdüyü şəhərlərdə oxumurlar və ya işləmirlər. Hər mərhələdə yerlərini dəyişirlər, şəhərlərini, hətta ölkələrini dəyişirlər. Bu dəyişikliklər yeni kvalifikasiyalar qazandırır insana. Mən də belə dəyişikliklərin olmasının tərəfdarıyam. Gördün işin ləngiyir yerini, mühitini dəyiş…

  • Öz gələcəyini, həyatını hansı ölkədə görürsən. Hansı cəmiyyət sənin xəyallarının mühitidir?
  • Bu sualı düşünürəm, amma hələ ki cavabını bilmirəm.  Azərbaycandan kənarda yaşamamışam. Təcrübələrin nə qazandıracağını bilmirəm. Azərbaycanda   yaşam təcrübəm olduğuna görə, bu cəmiyyətin, bu həyatın mahiyyətinin bildiyimə görə, bilirəm ki, xəyalımdakı məkan, yaşamaq istədiyim mühit bu deyil. Bunu dəqiq bilirəm.

 

  • Bizə hansı dəyişikliklər lazımdır ki, ölkəmizdə yaşamaq istəyək?
  • Məncə, zəruri dəyişikliklər o qədər çoxdur ki… Demək olar ki, bütün sahələrdə köklü dəyişikliklərə ehtiyac var. Bu suala ən gözəl cavabı Qriqori Petrovun Bəyaz zanbaqlar ölkəsində kitabında tapmaq olar. Müəllif bu kitabda Finlandiyanın neca bataqlıqlar ölkəsindən xoşbəxtlər ölkəsinə çevrildiyindən bəhs edib. Kitabda verilən fikirlərdən ən bəyəndiyimi isə budur ki, qüsurlu cəmiyyəti yaxşılaşdırmaq üçün həmin cəmiyyəti maarifləndirməkdən başlamaq lazımdır, ancaq maarifçilik prosesində köhnə düşüncəli insanları dəyişdirmək üçün çox vaxt itirmək əvəzinə daha çox gənclər üzərində işləmək faydalıdır.

  • Sən özün ilk öncə nəyi dəyişmək istərdin, nələrdən başlardın?
  • Hələki buralardayam və uşaqlarla, gənclərlə işləyib nələrisə dəyişməyə çalışıram. Bayaq da qeyd etdiyim kimi, mövcüd olan qüsurlu bir şeyi düzəltmək üçün gənclərlə, uşaqlarlarla işləmək, onları müxtəlif sahələr üzrə maarifləndirmək lazımdır. Məsələn ingilis dili müəllimi kimi məktəbli uşaqlarla işləyirəm halhazırda. Adicə… uşaqlara dərsdə söz haqqı, seçim haqqı verməklə, dediklərini dinləməklə onlara əslində azad bir fərd olduqlarını, istəklərini sərbəst şəkildə ifadə etməklərini aşılamağa çalışıram. Gələcəkdə təhsil sahəsində daha yüksək yerlərdə olsam istərdim ki, bütün müəllimlər təlimlərdən keçsin, dərsliklərdə dəyişiklər edilsin. Məktəb, sadəcə, elm öyrənmək, müəllim də sadəcə elm öyrətmək vasitəsi olmasın, həm də uşaqları düzgün formalaşdıran bir mühit olsun, yaxşı insan, vicdanlı vətəndaş yetişdirsin.

 

  • Sənə ən çox mane olan nədir?
  • Baxır hansı məsələdə. Bəzən də insan əl-qolunda olan məngənələrə o qədər öyrəşir ki, artıq  bunu onun ömrünü çürüdən məngənə deyil, norma, həyat tərzi kimi qəbul edir. Məncə, bizim qadınların çoxu indi elə bir vəziyyətdədirlər. maneələri aşmaq üçün öncə o maneləri anlamaq lazımdır. Mənim də maneələrim yəqin ki, bildiyimdən çoxdur. Özümə gəlincə mənə halhazırda mane olan biri var, o da özüməm. Çünki hər hansı bir addımı atmaqda, ya nələrisə etməkdə ən çox özüm özümlə mübahisə edirəm. Bir də görürsən, bir işimi günlərlə təxirə salıram, ya elə götürək, bayaq dediyim xaricə təhsil almaq üçün getmək məsələsini. Bir çox sənəd, yazı-pozu işlərini tamamlamaqda, internetdə araşdırma aparıb müraciətləri doldurmaqda mənə mane olan ancaq özüm oluram. Özümdən narazıyam, təcili olaraq işlərimi sürətləndirməliyəm.Bunu Koalisiyamızın təlimlərində də bizə öyrətdilər; vaxtın idarə edilməsi. Mən vaxtımın idarəedilməsi qrafikini yenidən qurmalıyam. Öyrəndiklərim bu yeniliyi etməyim üçün yaxşı fayda verəcək, məncə.

 

  • Ən çox nəyə sevinirsən?

 

  • İndi məni ən çox sevindirən şey etməli olduğum işləri vaxtında və yaxşı səviyyədə edib bitirmək olur. Hər hansı bir test hazırlamalı oluram, müraciət formaları doldurmalı, ya da sənəd işləri, esse yazmalı oluram.Bunları tamamlayandan sonra gələn o rahatlıq, sevinc, hətta xoşbəxtlik hissi qədər məni sevindirən bir şey gəlmir ağlıma. Həmin anda özümü həm xoşbəxt həm də güclü hiss edirəm.

 

  • İndi harada işləyirsən, əsas işin nədən ibarətdir?
  •  Fizika riyaziyyat və informatika təmayüllü liseydə ingilis dilindən dərs deyirəm.  Eləcə də, British Council və Təhsil nazirliyinin həmin liseyin nəzdində açdıqları İngilis dili mərkəzində ingilis dili müəllimi işləyirəm.

Bu işdə ən çox sevdiyim hər gün özümçün nələrisə kəşf etməyimdir, öyrənməyimdir.Təkcə öyərtmirəm, proses müddətində həm də öyrənirəm. Bundan əlavə gələcəyin qurucuları  ilə işləmək, onlara təkcə bilik öyrətmək yox, hər dəfə yeni bir müsbət xarakter, müsbət keyfiyyət aşılamaq mənim üçün çox vacibdir. Pedaqoji işimi əsasən bu istiqamətdə qururam. Onlara təkcə dərs keçmək yox, şəxsiyyət  kimi davranmaq, belə anlarda onları müşahidə etmək mənə zövq verir.

  • Bəs ictimai fəaliyyətin nədən ibarətdir?
  •  Y-PEER Azərbaycan ilə birlikdə bir çox sosial problemlər üzərində təlimlər təşkil edirik. Cins və gender, gender bərabərliyi, cinsi və reproduktiv sağlamlıq, məişət daxili zorakılıq mövzularında məktəbli uşaqlar üçün bir neçə proyektimiz olub. Mən həmdə rəssamam. Bu iş də mənim ciddi bir həyat istiqamətimdir.

 

  • Gələcəyini harada axtarırsan; ictimai işlərdə, biznesdə, rəssamlıqda, yoxsa digər əmək fəaliyyətində?
  • Halhazırda çox qarışıq bir dövrdəyəm, demək olar, çoxsaylı işlərlə məşğulam. Bu gələcəkdə də belə davam edəcək, məncə. Rəngarəngliyi sevirəm. işə gedim, evə gəlim, yalnız maddi qazanc olan yerdə olum… bu, məni qane edəcək həyat tərzi deyil. Könüllülüyü sevirəm. haradasa könüllü xidmətim olanda, xüsusilə, uşaqlar və yeniyetmələrlə könüllü şəkildə işləyəndə çox məmnun oluram. Bu, yəqin ki, ömürboyu davam edəcək. Amma müəyyən bir müddət sonra peşəkar iş olaraq  incəsənətə, yəni rəssamlığa yönələ bilərəm. Bu barədə hələ tam təsdiqini tapmamış bir istəyim var. Bütün hallarda, elə indiki kimi peşəkar fəaliyyətimlə birlikdə ictimai fəaliyyətim və könüllü fəaliyyətim davam edəcək.

22:50