Səbuhi Məmmədov: Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Bir filmin uğurunun yarısını yaxşı ssenari, rejissur işi müəyyənləşdirirsə, yarısını da aktyorların doğru seçilməsindən asılıdır. Onları tapıb müəllifə təqdim eləyənsə kastinq direktorudur. Azərbaycan kinosunda bu vacib vəzifə yeni-yeni tətbiq olunmağa, formalaşmağa başlayır. Azərbaycanın ilk kastinq direktorlarından biri olan Səbuhi Məmmədov da bu sahədə mövcud olan problemlərdən, uğurlardan və dünya kinosu ilə ayaqlaşmaq üçün gərəkli olan digər məsələlərdən danışır...
- Səbuhi bəy, bir az özünüz haqqında məlumat verərdiniz...
- İncəsənət Universitetinin Mədəni-Maarif fakultəsini bitirmişəm. Mədəni maarif işinin təşkilatçı metodisti ixtisası üzrə təhsil almışam. Universitetə daxil olandan sonra Akademik Dram Teatrında səhnə fəhləsi kimi işləməyə başlamışam. Eyni zamanda səslə maraqlanmışam və səs operatoru kimi bir neçə tamaşada işləmişəm. 1992-ci ildə isə Qarabağda ermənilərin işğalçılıq və separatçılıq siyasətinə görə baş verən savaş görə cəbhəyə getdim. Qayıdandan sonra Dövlət Akademik Dram Teatrında ilk öncə səs rejissoru və teatrda işlədiyim son iki il ərzində menecer kimi işləmişəm. Paralel olaraq YUG teatrinda, “SPACE” telekanalında, “ÜNS” yaradıcılıq səhnəsində səs rejissoru, İbrus teatrında direktor müavini işlədim. 2011-ci ildən Şərqi Avropa İfaçılıq Sənəti şəbəkəsinin üzvu olaraq müstəqil teatr prodüseri kimi fəaliyyət göstərirəm.
- Kastinqlə necə məşğul olmağa başladınız?
- “SPACE” kanalının “Gənclik” departamentinin “Çardaq” adlı bir layihəsi vardı. Bəzən kiçik səhnələr çəkirdilər, hansısa aktyoru dəvət etmək lazım gəlirdi. Teatrda işlədiyimi bildiklərinə gorə mənə müraciət edirdilər. Düzdür, buna kastinq demək olmaz, amma ilk dəfə orada başlamışam. Sonra yadınızdadısa, o vaxt çoxlu reklam carxları, kliplər çəkilirdi və aktyorlardan istifadə olunurdu. Mən həmin kliplərin bəzilərində həm prodüser kimi işləyirdim, həm də aktyor seçimi ilə məşğul olurdum.
- Professional şəkildə nə vaxt məşğul olmağa başladınız?
- 2005-ci ildə “Əkinçi Media Qrup”un istehsalı olan “Bizim sinif” kino-jurnalında. Dram teatrının aktrisası Məsmə Ağaverdiyevanın layihəsi idi və ilk dəfə İctimai televiziyada efirə çıxmışdı. Həmin layihə üçün böyük bir kastinq keçirdim, 300 nəfər uşaq iştirak etdi. Iki ay davam eləyən kastinqlərdən sonra 10-13 yaşlı uşaqların arasından 17 nəfər seçdik. Amma böyük kinoda ilk işim 2007-ci ildə Rusiya kinematoqrafçıları ilə olub: “Feniksfilm” kinokampaniyasının “Vəsiyyət əsasında nigah” çoxseriyalı bədii filmində. Onun 7-8-ci seriyaları Bakıda çəkilirdi. Həmin filmdə ikinci plan və epizodik rollarda15 aktyorumuz cəkildi. Kütləvi səhnələrdə isə 200 nəfərə qədər həvəskarlar və tələbələr istirak etdi. Elə o vaxtdan da kastinq direktoru kimi fəaliyyətə başladım.
- İndi sizin öz şirkətiniz, ya da komandanız varmı?
- Kastinq direktoru kimi freelancer (hər hansı bir sahə üzrə heç kimə bağlı olmadan, sərbəst işləmək-red.) çalışıram. Amma artıq beş ilə yaxındır ki, “Actors Agency” adlı şirkət yaratmışıq. Bu, sadəcə kastinq şirkəti deyil. Kastinq (casting) sözü orta əsrlərdə İngiltərədə balıq ovu zamanı torun, yaxud da tilovun xususi üsulla atılması metoduna deyirdilər. Sonradan kinematoqrafiyada “seçim” anlamında istifadə olunmağa başlanılıb. Kastinq –bədii fikrə uyğun olaraq rola düzgün namizədlərin seçilməsi deməkdir. Dünya kinematoqrafiyasında kastinq direktoru funksiyasını ilk dəfə Amerikada – Nyu-Yorkda Marion Duorti (Marion Dougherty), Hollivudda Linn Stalmaster (Lynn Stalmaster) tətbiq ediblər. Onlara qədər rejissorlar film çəkməyə başlayanda assistentlərin gətirdiyi siyahılara baxırdılar və aktyorlara hər hansı bir filmdə, ya da şouda oynadıqları tipaja uyğun rol verirdilər. Yəni ötən əsrin 60-cı illərinə qədər kastinq direktoru adlı vəzifə yox idi. Ona görə də bu işlə məşğul olan insanların öz fikirləri olmurdu. Marion Duarti ilə Linn Stalmaster bu işi elə bir səviyyəyə qaldırdılar ki, kastinq direktoru funksiyası kino istehsalatı prosesinin son dərəcə vacib bir parçasına çevrildi və artıq kastinq direktorları söz sahibi oldular. Çünki yaradıcı prosesdə bu labüddür. Kastinq direktoru birləşməsindəki “direktor” sözü ingiliscə “director” sözündən götürülüb və kastinq üzrə rejissor deməkdir. O, həqiqətən rejissordur, sadəcə meydançaya aktyor gətirmir, həm də doğru xarakterləri tapır. Məsələn, əgər bizdə kastinq direktoru prosesdə ssenarinin yazılmağa başladığı andan etibarən - yəni obrazların tapılması, xarakterlərin açılmasında iştirak etsəydi, bu çox produktiv olardı. Martin Skorseze deyir ki, filmin uğurunun 90 faizi aktyor seçimindən asılıdır. Aktyor yoxdusa, nə tamaşamız var, nə də filmimiz. Təəssüf ki, Azərbaycanda çox vaxt ancaq texnikaya üstünlük verilir, insan faktoru yaddan çıxır. Əlbəttə, hamıya aid deyil, amma unudanlar çoxluq təşkil etdir. Elə burdaca bir məsələyə aydınlıq gətirim: Bizdə hərdən kastinq keçirən şirkəti, ya da qrupu aktyor agentliyi ilə qarışdırırlar. Aktyor agentliyi sirf professional aktyorlarla əməkdaşlıq edir. Kecirdiyi kastinqlərə də professional aktyorları dəvət edir. Azərbaycanda rəsmi və qeyri-rəsmi kastinq şirkətləri, qrupları fəaliyyət göstərir. Bu çox yaxşıdır, amma aktyor agentliyi struktur etibarı ilə fərqlidir və kommersiya təşkilatıdır. Aktyor agentliyi ilk növbədə aktyorların tanıdılması, təqdimatı, professional hüquqlarının müdafiəsi ilə məşğul olur. Bizim agentlik hələlik Azərbaycanda bu sahədə fəaliyyət göstərən ilk şirkətdir. Ancaq çox istərdim ki, başqaları da olsun. Rusiyalı həmkarlarımız belə bir agentlik yaratdığımızı eşidəndə bizi ilk təbrik edən onlar oldu. Ardınca “bu vaxta qədər yox idi ki?” deyə soruşurdular. Bu, adamı bir az incidir. Geri qalırıq bu işdə.
- Təmsilçisi olduğunuz aktyorları özünüzmü seçirsiniz, yoxsa aktyorlar sizi tapırlar? Agentliklə əməkdaşlıq üçün onlardan nə tələb olunur?
- 2013-cü ildə agentlik yarananda mən bütün teatrlarda oldum. Həm gənc, həm də yaşlı nəslə müraciət etdim. Hətta neçə ildir sənətdə olan aktyorlarımız üçün özəl şərtlər təklif elədik. Onlara aktyor agentliyinin funksiyası barədə məlumat verdik. Dedik ki, agentliyin məqsədi aktyorların təqdimatı, tanıdılması, menecer-agent xidməti ilə təmin olunması və ən əsası, professional hüquqlarının müdafiəsini təmin eləməkdir. Digər tərəfdən aktyor agentliyi ilə əməkdaşlıq bir imicdir. Baxın, mənim daha çox Rusiya ilə əlaqələrim var. Orada aktyorlar, rejissorlar, prodüserlər, kastinq direktorları bunu normal qəbul edirlər. Və elə burdaca aktyor agentlərinin komisyonları barədə də məlumat verim: lahiyədən asılı olaraq aktyorun aldığı qonorarın 15-20 faizindən çox deyil. Avropada necədirsə, bizdə də o standartlardır. Agentliklə əməkdaşlıq etmək istəyən aktyor öz iş alətlərini - portfoliosunu hazırlamalıdır. Bura bir neçə şey daxildir:
Rezüme – bizim aktyorların, demək olar ki, 90 faizində yoxdur. Rezümedə aktyorun fiziki parametrləri, oyun yaşı, tipajı, filmoqrafiyası, tamaşaları, bacarıqları (xarici dil, idman, səs və s.) qeyd olunur;
Aktyorların fotolarından ibarət albom -mutləq ağ-qara fonda çəkilən, bədii portret formatlı, eləcə də naturada cəkilən şəkillər;
Video-vizit kartı –aktyor 2-3 dəqiqəlik videoda özünü təqdim etməlidir: Kimdir, nəçidir, nə fikirləşir. Söhbət quru təqdimatdan getmir - adım filankəs, filan ali təhsili almışam. O videoya baxanda onu tanımayan rejissorun, aktyor haqqında fikri formalaşmalıdır. Aktyorun ampluası, xarakteri, dünyagöruşü barədə məlumat olmalıdır. Video-vizit kartı aktyorun ozunu təqdimatı üçün vacib olan alətlərdəndir;
Showreel - aktyorun çəkildiyi filmlərdən, iştirak etdiyi digər layihələrdən, tamaşalardan yığılan 4 dəqiqəlik qısa filmdir. Hərdən bizdə kəsikləri bir-birinin ardınca düzürlər. Showreel – aktyorun muxtəlif planlı və ya konkret ampluada professional oyununu nümayiş etdirən əyani vəsait vasitəsi olan kiçik bir filmdir. Kino industriyası inkişaf etmiş bütün ölkələrdə showreel-in hazırlanması ilə məşğul olan xırda şirkətlər var.
- Bütün bunlar aktyorları uzun-uzadı sınaq çəkilişlərindən xilas edirmi?
- Bu alətlər kastinq prosesi zamanı vacibdir. Həm istehsalçı şirkətin və aktyorun vaxtının boş yerə sərfinin qarşısını alır, həm də professional münasibəti nümayiş etdirir. Ümumiyyətlə, mənə elə gəlir ki, uzun illər sənətdə olan, özünü təsdiqləmiş aktyorları kastinqə çağırıb “mənə bir performans göstər” demək doğru deyil. Sınaq çəkilişlərinin uzun-uzadı olmasına gəlincə, bu seçim zamanı baş verən normal iş prosesidir. Bu bizim işimizdir. Əsas düzgün seçim və nəticədir.
- Aktyorlara özəl təkliflərlə müraciət etdiyinizi dediniz...
- Uzun zaman sənətdə calışan və sozünu deyən veteran aktyorlarımıza bir il ərzində pulsuz xidmət təklif eləmişdik.
- Agentliklə əməkdaşlıq eləmək istəyənlər oldumu?
- Sözün açığı, bu özəl təklifə çox az aktyor reaksiya verdi. Məsələn, Nurəddin Mehdixanlı, Fəxrəddin Manafov, Hicran Nəsirova, Mehriban Zəki, Rafiq Əliyev, Sənubər İsgəndərli, Elxan Quliyev, Sona Mikayılova, Yaqut Paşazadə, Mələk Abbaszadə bizi dəstəklədi.
- Bəs gənc nəsil?
- Gənc nəsildən Pərviz Məmmədrzayev, İlyas Əhməd, Rasim Cəfər, Xumar Səlimova, Zarina Qurbanova, Gunay Əhməd, Xəyalə Cavadova, Abasağa Əlizadə və başqaları… Agentliyimizin necə deyərlər, ilk məhsulu olan gənc aktrisa Dəniz Tacəddin...
- Yəni siz hazırda adlarını sadaladığınız aktyorların agenti hesab olunursuz?
- Adlarını cəkdiyim aktyorların bəziləri ilə işbirliyimiz var. Məsələ ondadır ki, bizim cəmiyyətdə sizə inanmaları üçün ortaya iş qoymaq lazımdır. Dörd illik fəaliyyətimiz ərzində, altı bədii filmdə çalışmışıq – ikisi “Azərbaycanfilm”in Debüt studiyasının istehsalı olan qısametraj, xarici şirkətlərlə müştərək çəkilən “Əli və Nino” bədii filmi, Gürcustan istehsalı olan bir film, Rusiya istehsalı olan iki tammetrajlı bədii film, yerli istehsal olan uç serial və eləcə də Xorvatiya, Turkiyə və Gurcustanda cəkilən üç reklam carxı... “Nar”, “Asan İmza”, “Bakcell”, “Azersun”, “XirdalanBeer” kimi brend şirkətlərlə və digərləri ilə iyirmi reklam carxında bizim agentlik tərəfindən təqdim və təmsil olunan aktyorlar rol alıblar. Agentlik yarandığı il polyak rejissoru Tomasz Leszczyńskinin quruluş verdiyi “Sərhəddə” tamaşasının kastinqi agentlik tərəfindən kecirilib. Bu ilin yanvarında agentliyimiz ilk dəfə olaraq istehsalçı qismində İcveşrənin Cənubi Qafqazda Əməkdaşlıq Təşkilatı, Gurcustanın C/M Lab. Şirkəti və DOM teatrı ilə müştərək beynəlxalq teatr layihəsini təqdim etdi. Ancaq açığını desəm, Azərbaycan kinematoqrafiyasında hal-hazırda aktyor-agent və prodüser münasibətləri arzu olunan səviyyədə deyil. Aktyor layihələrə dəvət olunur, söhbət maliyyə münasibətlərinin tənzimlənməsinə gəlib çıxanda və deyəndə ki, mən agentliklə əməkdaşlıq edirəm, ya onu müəyyən səbəblər və bəhanələrlə layihədən uzaqlaşdırırlar, ya da deyirlər ki, bilirsiniz, bizdə maliyyə azdır, olar ki, elə sizinlə danışaq, üçüncü tərəf qarışmasın? Əksəriyyət elə dünüşünür ki, agenti olan aktyor böyük qonorar tələb edəcək. Əgər biz kino industriyanın inkişafından danışırıqsa, kinonun həm də biznes kimi inkişaf etməsini istəyiriksə, onda gəlin, bu biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq.
- Buna görə də xaricdə aktyor agentlikləri ilə yanaşı gildiyalar, həmkarlar ittifaqları, assosiasiyalar var və agentdən əvvəl onlar aktyorların hüquqlarını müdafiə edirlər.
- Xaricdə kastinq direktorlarının da gildiyası var. Düzdür, Azərbaycanda “MediaMaster” və “Oskar” kimi bir çox şirkətlər bizimlə əməkdaşlıq ediblər. Yəni demirəm ki, agentliklə əməkdaşlıq ümumiyyətlə yoxdur. Amma söhbət son vaxtlar çəkilən filmlər və seriallardan gedəndə, bu çox azdır. Yeri gəlmişkən, həmin kinoşirkətlərə - başda qocaman kino şirkətimiz “Azərbaycanfilm” olmaqla - demək istəyirəm ki, aktyorun agentinin olması, onu təmsil etməsi o demək deyil ki, maliyyə baxımından reallıqdan uzaq danışıqlar aparılacaq, ağlasığmaz qiymətlər deyiləcək. Xeyr! Şirkətlərin agentliklə işləməsi ilk növbədə istehsalçı şirkət üçün əlverişlidir. İnsanıq, sabah aktyor əsəbiləşə, nədənsə narazı qala bilər. Agent, istehsalçı şirkətlə aktyor arasında bir vasitəçidir və ancaq bu, təkcə maliyyə cəhətdən vasitəçiliklə bitmir. Onların əməkdaşlığı layihə başlayandan bitənə kimi davam edir. Aktyor agentliyi aktyorla bağlanan müqavilədə qeyd olunan, yaxud şifahi danışılan şərtlərin yerinə yetirilməsinin zəmanəti rolunu oynayır. Yəni hər şey beynəlxalq standartlara uyğun formadadır. Mən Amerika kəşf etmirəm ki… Bu, bütün dünyada tətbiq olunan, bayaq adlarını çəkdiyim insanların işlədiyi, yaratdığı bir sistemdir.
- Beynəlxalq standartlar belədir ki, aktyorluq karyerasına təzə başlayanlar üçün ilkin qiymətlər- qonorarlar müəyyənləşdirilib. Hər hansı layihədə, serialda, filmdə cəmi bir söz deməyin də öz qiyməti var, iki söz deməyin də, bir dəqiqə görünməyin də, 10 dəqiqə görünməyin də. Azərbaycanda bu standartları kim və necə müəyyənləşdirməlidi?
- Bayaq dedik, gildiyalar, assosiasiyalar olmalıdır. Məsələn, Rusiyada aktyor agentlikləri assosiasiyası var. Bu təşkilat agentlərin, agentliklərin işlərinə nəzarət efyir, hətta “stop list” adlı qara siyahıları da var. Yəni peşə qaydalarını pozan aktyorlar, agentliklər həmin siyahıya salınır. Amerikada aktyorların professional həmkarlar təşkilatı var. Aktyorların qonorarlarını tənzimləyən mexanizm movcuddur. Bütün kino şirkətləri bunu bilirlər və hec bir aktyoru artıq təsdiq olunmuş minimal məbləğdən aşağı qonorara çəkə bilməzlər. Sovet vaxtı bu mexanizm bizdə də movcud idi. Bu gun aktyor agentliyi bu mexanizmin bizim kinoda yenidən işləməsi üçün çalışır. Təbii ki, hər şeyin həddi var. Mən həyatında ilk dəfə kamera qarşısında dayanan aktyor, aktrisa üçün öz başımdan bir qiymət deyə bilmərəm, axı?! Fəqət söhbət ondan gedir ki, bizdə bu institutlar yoxdu. Həmidə xanım Ömərova neçə il əvvəl çox xeyirxah bir iş gördü və “Aktyorlar Gildiyası”nı yaratdı. Amma çox təəssüf ki, bu gün həmin qurum fəaliyyətsizdir. Həmidə xanım öz üzərinə düşən işi gördü, ancaq köməksiz qaldı. Bilirsiniz, bizdə nə çatışmır? Bizdə menecment problemi var. İstər teatrda, istər kinoda. Komanda yoxdur. Azərbaycanda yaxşı prodüser ola bilər və var, yaxşı rejissor ola bilər və var, ancaq onun komandası yoxdur. O komandanı ya qurmaq istəmirlər, ya da lazım olan insanları tapa bilmirlər. Amma “o insanlar yoxdur” demək düzgün deyil. Heç kimin haqqını yemək olmaz. Kino kollektiv sənətdir. Buna görə də biz onu kollektiv şəkildə inkişaf etdirməliyik.
- Hal-hazırda agentliklə əməkdaşlıq eləyən aktyorlar varmı?
- Agentliyimiz bu ildən aktyorlarla əməkdaşlıq sistemini bir az dəyişib. 2013-2016-cı illər ərzində kino ictimaiyyətini agentliyin tanıdılması, funksiyası, məqsədləri və fəaliyyəti ilə maraqlandırmağa çalışdıq. Bu ildən agentliklə əməkdaşlıq etmək istəyən aktyorlarla, əsasən eksklüziv müqavilələr bağlanacaq. Məsələn, biz Dəniz Tacəddinlə ilk gündən eksklüziv çalışırıq. Hal-hazırda onunla yanaşı Zarina Qurbanova ilə müqavilə bağlanılıb. Əməkdar artistlərdən Rasim Cəfər, Pərviz Məmmədrzayev, Şəlalə Şahvələdqızı ilə də ekskluziv müqavilə bu yaxınlarda imzalanacaq. Digər aktyorların agentliklə əməkdaşlığı daha cox xarici lahiyələr zamanı baş verir.
- Mümkünsə, “eksklüziv” sözünü bir az aydınlaşdırardınız. Yəni aktyorun agentliyin xəbəri olmadan iş qəbul etməyə ixtiyarı olmayacaq?
- Eksklüziv – o demək deyil ki, bu sahədə hansısa monopoliya yaranır. Seçim sənət adamında, aktyordadır. Bu müqavilənin anlamı odur ki, aktyor öz professional hüquqlarının təmsili və qorunmasını agentliyə etibar eləyir. Biz eksklüziv müqavilə bağladığımız aktyorlarla komanda şəklində çalışırıq. Məsələn, aktyor hansısa təklif ala bilər. Agentlik və aktyor təklifi qəbul edib-etməyəcəklərinə birlikdə qərar verirlər. Aktyor desə ki, bəli, mənə maraqlıdır və işləmək istəyirəm, qalan proseduru agentlik idarə edyir. Bura aktyorun iş qrafikinin dəqiqləşdirilməsi də aiddir, çəkiliş meydançasına vaxtlı-vaxtında gəlib-getməsinə nəzarət də. Və nəhayət, maliyyə. Film istehsalçılarının çoxu deyir ki, aktyor agentliklə işləyirsə, söhbətə birinci maliyyədən başlayacaq. Amma belə deyil. Aktyor birinci olaraq dramaturji materialdan başlayacaq - ssenari və təklif edilən roldan. Qonorar məsələsinə gəldikdə isə, qızıl orta həmişə var. Çünki aktyor öz peşəsi ilə məşğul olmağa, çəkilməyə maraqlıdır. Digər tərəfdən eksklüziv, yaxud qeyri-eksklüziv – əsas keyfiyyətdir. Həm bizim işimizdə, həm aktyorlar üçün, həm film istehsalçıları üçün. Bundan əlavə agent xidmətləri də təklif eləyirik. Məsələn, eksklüziv müqaviləmiz olmayan aktyorlarla konkret bir lahiyə üçün müəyyən vaxt müddətində bağlanan müqavilə.
- Səbuhi bəy, söhbətimizdən belə başa düşdüm ki, hələlik aktyor agentliyi ilə işləməyə daha çox əcnəbilər üstünlük verirlər. Yerli aktyorlarla hansı əcnəbi və ya müştərək lahiyələrdə işləmisiniz və hal-hazırda kimlərlə əməkdaşlıq edirsiniz?
- Agentlik açıldığı müddətdə əsasən, Rusiyadan agentliyimizə qoşulanlar daha çox olub. Xüsusilə də, cavanlar. Yaşlı nəsildən Rusiyada yaşayıb-işləyən aktyor və rejissor Ramiz İbrahimov, aktyor Fərhad Huseynov. Hamısını sadalasam, uzun siyahı alınar... Onları daha çox xarici kastinqlərə təklif edirəm. Azərbaycanda əcnəbi aktyorların dəvət olunmasına bir az qısqanclıqla yanaşırlar. Hərçənd elə mən də burada daha çox öz aktyorlarımızın çəkilməyinin tərəfdarıyam. Amma filmdə italyan aktyoruna ehtiyac olduğu əsaslandırılsa, onda niyə də dəvət olunmasın? Yaxud rus aktyorları. “Səməd Vurğun adına Rus Dram Teatrı”nın çox yaxşı aktyorları var, amma ola bilsin ki, rejissora lazım olan tipaj Rusiyadadır. Məsələn, Rövşən İshaqın “Aktrisa” filmi üçün Alesiya Kaçer dəvət olunmuşdu. Amma yenə də deyirəm, daha çox öz aktyorlarımızın işləməsi və püxtələşməsinin tərəfdarıyam. O ki, qaldı sualınızın ikinci hissəsinə, bizim aktyorlarla xarici lahiyələrdə əməkdaşlıq 2007-ci ildə Rusiya istehsalı olan çoxseriyalı filmlə başlayıb, ikinci plan və epizodik rollarda on beşə yaxın aktyorumuz çəkilib. 2008 ildə “NərimanFilm” kinoşirkətinin Gürcüstan kinomatoqrafçıları ilə müştərək istehsalı olan “Sahə” filmində beş aktyorumuz çəkilib. Bu filmdə aktyor agenti və location menecer (çəkiliş meydançası üzrə menecer) kimi çalışmışam. “Azərbaycanfilm” və Rusiya kinematoqrafçılarının birgə istehsalı olan “Qorxma, mən səninləyəm - 1919” filmində 3 ay kastinq direktoru işləmişəm. Mənim kastinq etdiyim aktyorlardan altısı filmə təsdiq olunmuşdu. 2013-cü ildə ünlü rejissor Eldar Şengelayanın “Qafqaz triosu” adlı filminin Bakıda çəkilən səhnələrində üç aktyorumuz epizodik rollara dəvət alıb. Agentliyin təzə fəaliyyətə başladığı dövrlərdə təmsil etdiyimiz aktyorlar bir çox xarici şirkətlərin reklamlarında çəkiliblər. 2015-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə, İlgiltərənin “Pie-Pia Films” şirkəti tərəfindən çəkilən “Əli və Nino” filmində 17 Azərbaycan aktyoru iştirak edib. Onlardan doqquzu ikinci plan rollarda idi, səkkiz aktyor epizodik səhnələrdə çəkildilər. Ümumiyyətlə, “Əli və Nino” agentliyin böyük işlərindəndir. Həm miqyasına görə, həm də maliyyə baxımından heç kim narazı qalmadı. Daha sonra 2016-cı ilin yayında Rusiyanın “Sreda” kompaniyasının istehsal etdiyi “Toyla sovrulanlar” filmində üç aktyorumuz iştirak edib - Şəlalə Şahvələdqızı, Zarina Qurbanova və Cavanşir Məhərrəmov. 2016-cı ilin payızında yenə Rusiyanın “Partnerşip” şirkətinin istehsalı olan məşhur “Mətbəx” teleserialının filmi çəkildi – “Mətbəx-son döyüş” adı ilə. Orada Dəniz Tacəddin Dmitri Nağıyevin tərəf müqabili oldu. Agentlik yaranandan bu yana xarici layihələrdə işlərimiz hələ ki, bu qədərdir. Ümid edirik davamı gələcək…
- Əcnəbi istehsalçılar çoxdan agentliklərlə işləyirlər, harada kimi necə tapmaq lazımdır bunu çox yaxşı bilirlər. Bəs siz özünüz əlaqələr qurmağa çalışırsınızmı, yoxsa ancaq sizi tapırlar?
- Özümüz də əlaqələr yaratmağa çalışırıq. Məsələn, İstanbulda, Moskvada, Kiyevdə tərəfdaşlarımız, razılaşmalarımız var. Sadəcə bir nüansı unutmaq olmaz: hərdən konkret nəticələr əldə etməkdən ötrü bir neçə il lazım gəlir. O qədər layihələr olub ki, gecə-gündüz işləmişik, göndərmişik, hətta sınaq materialları da çəkilib, ancaq ya bizim aktyorlar uyğun gəlməyib, ya da layihələr bağlanıb, təxirə salınıb. Məsələn, 2015-ci ildə məşhur “Dumandan və qumdan qurulmuş ev” filminin rejissoru Vadim Perelmanın yeni filmi üçün Bakıda böyük bir kastinq keçirdik. Təəssüf ki, sonra layihə müəyyən müddətə dayandırıldı. Amma çox yaxşı bir şey baş verdi. O əməkdaşlığımızın üstündən iki il keçəndən sonra Perelmanla əlaqələrimiz bərpa olundu. O, məni yeni filminin kastinq direktoru ilə tanış elədi. Ona deyibmiş ki, Bakıda çox maraqlı sınaq çəkilişləri olub. O gündən həmin kastinq direktoru ilə əməkdaşlıq edirik. Məsələn, Dəniz Tacəddinin Rusiyaya dəvət olunması həmin əməkdaşlığın nəticəsi idi. Hal-hazırda da müxtəlif şirkətlərlə danışıqlar aparırıq.
- Rejissor Emil Quliyev “İkinci pərdə” filminin kastinqləri zamanı baş verən xeyli tragikomik əhvalatlar yazmışdı. Sizin də təcrübənizdə belə hallar olubmu? Kastinqin Sovet dövründə sınaq çəkilişləri adlandırdığımız sistemdən fərqi nədir?
- Format başqadır. Sovet vaxtında bu işi ikinci rejissorlar və rejissor aissitentlərindən biri idarə edirdi. İndi bu işlə xüsusi məşğul olan şəxslər – kastinq direktorlar olmalıdır. Təəssüf ki, Azərbaycanda bu funksiya faktiki olaraq yox dərəcəsindədir. Bir nəfərə tapşırırlar ki, kastinq işi ilə məşğul ol. O da şəkilləri gətirir, aktyorlara zəng vurub sınağa çağırır. Amma kastinq bu deyil, axı?! Kino industriyası inkişaf etmiş ölkələrdə rejissor heç vaxt kastinq prosesinə qarışmır, bu işi kastinq üzrə rejissor yerinə yetirir. Yalnız sınaq çəkilişlərində istədiyi zaman iştirak edir və prosesin son mərhələsində aktyoru təsdiqləyir. Baxın, xaricdən mənə birinci ssenarini göndərirlər. Onu oxuyuram və öz fikirlərimi rejissora bildirirəm. Sonra onunla bir yerdə personajların xarakterlərini cızırıq və onlara uyğun aktyor axtarırıq. Yəni kastinq üzrə rejissor, kastinq direktoru siyahı tutub aktyorları kastinqə çağıran adam deyil. Bədii fikrə uyğun gələn namizədi tapıb təqdim edən şəxsdir. Ən əsası, istehsalat prosesində öz fikri olan bir şəxsdir. Hətta rejissorun hansısa aktyora tərəddüdlə yanaşdığı məqamlarda onu inandıra biləcək bir şəxsdir. Kastinq direktoru aktyorları tanımalıdır, sevməlidir. Ola bilsin, mənim hər hansı aktyora simpatiyam yoxdur, ya da hansınısa zəif aktyor hesab edirəm. Dəxli yoxdur, əgər rola uyğun gəlirsə, onu kastinqə çağırmağa borcluyam. Emil Quliyevin kastinqdə üzləşdiklərindən danışdınız. Yenə deyirəm – əgər kastinqi rejissor ozü və ya ikinci rejissor yox, bu sahənin peşəkarı keçirsəydi – söhbət məndən getmir – bütün problemlərdən qaça bilərdi. Təəssüflər olsun ki, bu gün kinomuzun beşiyi, ata kinoşirkət saydığımız “Azərbaycanfilm”də belə kastinq üzrə rejissor funksiyası aktual deyil. Orada çox istedadlı adamlar var. Şəxsən tələbəsi olmasam da, Akif Rüstəmovu özümə müəllim sayıram. Bu gün də orada çalışan ikinci rejissorlara - Əliqulu müəllimə, Çingiz müəllimə, Elman müəllimə, vaxtı ilə kinostudiyada aktyor şobəsinin müdiri işləmiş Azər Əkbərova çox hörmətim var. Ancaq ikinci rejissor qərargah rəisidir və kastinq onun nəzarət etdiyi çoxsaylı funksiyalarından biridir. O, yalnız aktyorları dəvət edib rejissorla görüşdürür və imkanı olanda prosesdə iştirak edir, çünki başqa vacib vəzifələri var, lokasiyalara baxmalıdır, sənədləşdirmə aparmalıdır, təşkilati işlər və s. Müəyyən filmlərdə kastinqləri keçirən adamlar var, heç birinin əziyyətini yerə vurmaq istəmirəm. Amma onlar funksionallıq etibarilə kastinq rejissoru kimi yox, daha çox aktyor üzrə assistent kimi fəaliyyət göstərirlər. Həmin adamlara dəstək verilməlidir və onlar daim qiymətləndirilməlidir. Əgər nəyisə bilmirsə, öyrənmək heç vaxt gec deyil. Məsələn, mən bu yaşımda belə öyrənməyə davam edirəm. Kinonun inkişafı üçün on illik proqram cərçivəsində, heç olmasa, bu işlə məşğul olan adamları ustad dərslərinə göndərmək olardı. Rusiyada, Gürcüstanda, İranda, Avropada belə bu ustad dərsləri, treninqlər keçirilir. Bunların bizdə olmamağı çox təəssüfedici haldır. Ona görə də bizim rejissorların bəziləri sonradan “aktyor oynaya bilmədi” deyirlər. Aktyor oynaya bilmədisə, günah onda deyil, seçimdədir. Deməli, kastinq prosesində səhvə yol verilib. Bir rola ən azı 3 namizəd olmalıdır, onlara mətn verilməlidir, rol izah olunmalıdır və s. Bəlkə aktyor fleqmatikdir, amma personaj sanqvinik? Hər şey nəzərə alınmalıdır. Əgər aktyor özü öz menecmentini qura bilirsə və özünü təqdim edə bilirsə, nə yaxşı, etsin. Amma bunun üçün insturmentlər lazımdır. Söhbətin əvvəlində danışdıq onlardan- portfolio, showreel və s. Məsələn, tanınmış aktyorlarımızdan birini Moskvaya kastinqə dəvət etmək istəyirdilər. Portfoliosunu gəndərdim, baxdılar və dedilər ki, biz onun hansı səviyyədə olduğunu başa düşdük. Bu, artıq münasibətdir. Həm bədii cəhətdən, həm də menecment- maliyyə cəhətdən. Artıq onun qiymətini bilirlər. Ən əsası isə ona hansı rolu təklif etməli olduqlarını. Aktyorlardan çox xahiş edərdim ki, onlar özləri üçün protfolio hazırlasınlar. Sutkanın 24 saatı ərzində müraciət edib soruşa da bilərlər. Aktyorun fəaliyyət meydanı məhduddur- səhnə, çəkiliş meydançası. Burada ya birinci olmalısan, ya da yox. Nə qədər çətin olsa da, öz üzərlərində çox işləməlidilər. Dünya bu dəqiqə intellektual aktyorları daha maraqlı hesab edirlər. Aktyorlara şərait yaradılmalıdır, stimul verilməlidir ki, evinə bir tikə çörək apara bilsin və sosial problemləri fikirləşməsin, özünü tamamilə sənətinə həsr etdin.
- Yeri gəlmişkən, kommersiya kinosu istehsalçıları sizə müraciət edirlərmi?
- Təkrar edirəm. Məncə, ata şirkət saydığımız “Azərbaycanfilm” başlasa, onlar da başlayarlar. İndi “binayi qədimdən belə olub” deyirlər. Ancaq nəyisə dəyişmək, inkişaf etmək istəyiriksə, sistem, struktur dəyişikliyi olmalıdır. Konkret sualınıza cavab olaraq deyim ki, agentlik yarananda serial biznesi ilə məşğul olan bir-iki prodakşn müraciət etmişdi. Amma hazırda çəkilən filmlərin istehsalçıları müraciət etmirlər. Ya tanımırlar, ya da “agent gəlib baha qiymət deyəcək” qorxusu var onlarda. Yenə deyirəm: Cavanlara hər zaman dəstək vermişəm, bundan sonra da kömək etməyə hazıram. Təbii ki, təzə-təzə ayaq üstə duran gənc rejissorlarla, həm kastinq direktoru kimi, həm də agentlik kimi ingilislərlə, ruslarla işlədiyim qiymətə işləməyəcəm. Bu gun gənclərə veriləcək dəstək sabah kinomuzun inkişafı üçün zəmin yaradır.

Aygün Aslanlı
13:29
Digər xəbərlər