Saakaşvili Kiyevdəki Azərbaycan diasporu ilə isti münasibətlərə önəm verir

 

O, Ukraynanın prezidenti Poroşenkoya qarşı müxalifətin impiçment kimi irəli sürdüyü mitinq şəhərciyində Hikmət Cavadovla şam etdi

 

Gürcüstanın sabiq prezidenti, Ukrayna müxalifətinin lideri Mixail Saakaşvili etirazçıların Kiyevdə Ali Radanın qarşısında yaratdığı çadır şəhərciyində olub. O, etirazçılarla görüşüb və söhbət edib. Saakaşvili ona dəstək verənlər arasında azərbaycanlıların da olduğunu bildiyini deyərək, şəhərcikdə “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu”nun sədri Hikmət Cavadovla görüşmək istəyib. O, diaspor sədri ilə söhbətində mitinqlərə dəstək verdiyi üçün Azərbaycan diaspor nümayəndələrinə təşəkkürünü bildirib. Saakaşvili qeyd edib ki, Ukraynadakı azərbaycanlıların ona verdiyi dəstəkdən xəbərdardır və bu barədə məlumatları daimi olaraq izləyir.

H.Cavadov Saakaşviliyə onu sona kimi dəstəkləyəcəklərini və hər gün etirazçıların yanında olduqlarını deyib. Daha sonra Saakaşvili Cavadov və digər həmyerlilərimizlə birlikdə şam edib.

Qeyd edək ki, bir neçə gündür, Kiyevdə Ali Radanın qarşısında mitinq keçirilir. Mitinq iştirakçıları deputat toxunulmazlığının ləğvini, seçki qanunvericiliyinin dəyişdirilməsini və anti-korrupsiya məhkəməsinin yaradılmasını tələb edirlər. İki gün əvvəl Ali Rada etirazçıların bir neçə tələbini icra etməyə başlayıb. Rada deputat toxunulmazlığının ləğvi haqqında qanunu baxılması üçün Konstitusiya Məhkəməsinə təqdim edib. Parlament həmçinin seçki qanunvericiliyini nəzərdən keçirməyə başlayıb. Lakin Ukraynada antikorrupsiya məhkəmələrinin yaradılması haqqında qanun layihəsi Ali Radanın gündəliyinə daxil edilməyib.

 

Xudaferin.eu
Ukrayna, “Kiyev Bürosu”

10:04