Kanadalı parlamentariyə dövlətimizin diaspor siyasəti barədə məlumat verilib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycana səfər edən Kanada nümayəndə heyəti ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə Kanada İcmalar Palatasının üzvü, deputat Çandra Arya, Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasının nəşriyyat direktoru Ron İst və Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin həmtəsisçisi Nigar Əliyeva iştirak ediblər.

Komitə sədri dövlətimizin diaspor siyasəti, həyata keçirilən fəaliyyət istiqamətləri barədə ətraflı danışıb. O, Kanadada yaşayan soydaşlarımızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyata sıx inteqrasiyasını yüksək qiymətləndirib. F.Muradov Ontario və Kanada parlamentariləri ilə Azərbaycan icması arasında əməkdaşlıq əlaqələrinin qurulmasında Çandra Arya kimi deputatların böyük rol oynadığını diqqətə çatdırıb, Torontodakı Azərbaycan Evini ziyarət etdiyi üçün ona xüsusi təşəkkürünü bildirib.

Səmimi görüşə görə minnətdarlıqlarını bildirən qonaqlar Komitənin fəaliyyətini müsbət qiymətləndiriblər.

Qonaqlar, eyni zamanda, Diaspor TV və Diaspor FM-in fəaliyyəti ilə də tanış olublar.

Qeyd edək ki, bu səfər Diasporla İş üzrə Dövlət Komitəsinin beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə məlumatlandırılması layihəsi çərçivəsində gerçəkləşdirilib.

Xatırladaq ki, 2022-ci ildə 28 May – Müstəqillik Günü münasibətilə Kanadanın Ontario vilayətinin Hamilton şəhər meriyasının binası üzərində, 9 Noyabr – Dövlət Bayrağı Günü və 2023-cü ildə 28 May – Müstəqillik Günü münasibətilə Ontario Qanunvericilik Məclisinin (Legislative Assembly of Ontario) önündə Azərbaycanın üçrəngli Bayrağının qaldırılması mərasimləri keçirilib. Bundan başqa, cari ilin iyun ayında Kanada parlamentində “Azərbaycan İrsi Günü” baş tutub.

Xudaferin.eu


 

16:50