“Rusiya Qərbdə jandarm, Şərqdə isə cəlladdır”

 

Bu sözlər böyük rus yazıçısı və filosofu Fyodr Dostayevskiyə məxsusdur

 

Rusiyanın Azərbaycan qarşı soyqırım siyasətinin xronikası

Mədəni dünya rus xalqına və Rusiyaya Anton Çexov, Aleksandr Puşkin, Lev Tolstoy, Vissarion Belinski, Maksim Qorki və başqa bəşəri humanizmə xidmət edən dahilərin gözü ilə baxmaq istəyir. Bu istəklərin tarixi kökləri XIX yüzildən başlayır. Ancaq təəssüflər olsun ki, “rus velikoşovinizmi”, “imepriya” düşüncə sistemi, ifrat dərəcədə başqa xalqlara qarşı “kin-küdurət” bəsləmənin ən dəhəşət saçan üzü də, iyrənc dəyərlər də məhz Rusiyaya məxsusdur. Faktiki olaraq, rus xalqı və Rusiya dövləti bir imperiya düzəni adına 1556-cı ildən bu günə kimi qan tökür. Mütfəxorcasına başqa xalqların ərazilərini işğal siyasətini yürüdür. Rusiyanın qan içməkdən, qan tökməkdən gözü heç bir zaman doymayan imperiya xisləti beləcə bəşəriyyətə qarşı antihumanist bir düzənlə davam edir. Xüsusilə də Azərbaycan xalqına qarşı apardığı bütün soyqırımların misli yoxdur. Rusiya bir dövlət olaraq, 1793-cü ildən indiyə kimi Azərbaycan Türklərinə qarşı soyqırım siyasətini bir an da olsun durdurmamışdır. 1793-1812, 1815-1828, 1830-1860, 1865-1893, 1905-1907, 1909-1914, 1917-1920-ci illər ərzində Azərbaycan torpaqlarında aparılan amansız və dəhşət saçan qanlı müharibələr, 1920-1939-cu illərdə yaşanılan qəddarcasına yürüdülən repressiya siyasəti, 1941-1945-ci illərdə II Dünya Savaşı dönəmində faşizmlə mübarizə adı altında 350 min nəfər azərbaycanlının ölməsi, 1957-1965-ci illərdə “xam torpaqlarda işləmək” adı ilə azərbaycanlıların soyuq iqlimi olan Qazaxıstan çöllərinə sürdürülməsi, 1974-1982-ci illərdə “BAM” (Baykal-Amur Magistralı) tikintisi adı altında uzaq Sibir çöllərindəki bataqlıqlarda “zərbəçi komsomol əməkçiləri” proqramı altında 250 min nəfər azərbaycanlının məhv edilməsi siyasəti milli tariximizin acınacaqlı salnaməsidir. 1990-1994-cü illərdə “Dağlıq Qarabağ sindromu” adı altında bir milyon beş yüz mindən çox dinc əhalinin doğma torpaqlarından didərgin salınması ən sonuncu sarsıdıcı zərbə oldu.        

 

“Etnik separatizm” adı altında soyuq savaş

1991-ci ildə keçmiş Sovetlər Birliyi kimi bir imperiya çökdükdən sonra, Rusiya imperiya xislətinə sadiq qalaraq, Azərbaycana qarşı soyqırım siyasətini bu gün davam etdirir. Bu dəfə bütün çirkin niyyətlərini qondarma “Dağlıq Qarabağ” adı altında gerçəkləşdirir. İndi beynəlxalq birliyin çox ciddi təzyiqləri sayəsində açıq müharibəyə girişməsə də, işğal olunmuş ərazilərimizdə təmas xətti boyunca bölgələrdə demək olar “erməni silahlıları” adı altında bu murdar siyasət davam etdirilməkdədir. Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Tərtər, Goranboy, Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Cəbrayıl rayonlarının təmas xətti boyunca idarə olunan savaş siyasəti Rusiyanın ana hədəflərindən biri kimi davam edir.
Azərbaycanı siyasi və iqtisadi baxımdan təsir altında saxlamaq üçün Rusiya bir dövlət olaraq bu gün dəridən-qabıqdan çıxır. Azərbaycan bir dövlət olaraq inkişaf etmək kimi sorunlarını çözmək üçün nə zaman addım atırsa, dərhal “cəbhə bölgəsi” boyunca silahlı çatışmaların da miqyası artır. Elə, götürək son bir həftəni. Azərbaycan Polşanın başkəndi Varşavada dəmir yollarının normal çalışdırılması üçün yeni vaqonlar almaqla çox mühüm sənədlər imzaladı. Bu anlaşma ən azından 100 milyon dollarlıq bir layihə idi. Bu ilin sonuna qədər Bakı-Tiflis-Kars dəmir yolu işə salınacaq. Beləliklə Orta Asiya və Qafqaz üzərindən dünya bazarına çıxış məsələsində Rusiya faktoru bir qədər arxa plana keçə bilər. Rusiya Orta Asiya nəqliyyat dəhlizi sayəsində ildə azından 25 milyard dollar vəsait qazanır. Bakı-Tiflis-Kars dəmir yolu işə düşən kimi, Rusiya azından ildə 15 milyard dollar gəlirindən məhrum qala bilər. Bu, həm də Orta Asiya və Qafqazın köləsi olmaqdan qurtuluş yoludur. Ona görə də, Azərbaycanın işğal edilmiş ərazilərində gündə bir qorxunc olay ssenarilərini işə salır.

 

Dəhşətli qətllərdə ermənilərlə yanaşı, Rusiyanın əməlləri

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbara atanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb. Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub. Azərbaycanın müdafiə nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Bu fakt baş vermiş olayın statistik göstəricisidir. İki yaşında uşağı ağır silahlardan açılan atəşlə öldürülməsi dəhşətli bir olaydır. Ancaq o da bəllidir ki, bu provakasiya ermənilərdən daha çox, rus hərbi taktikasına bənzəyir. O da bəllidir ki, Dağlıq Qarabağ boyunca erməni əhalisi tamamilə köçüb gediblər. Bölgədə sadəcə əldən düşümüş qocalar qalıblar. Rusiya isə, Ermənistan müdafiə nazirliyinin hərbi qüvvələri ilə birlikdə Azərbaycan işğal olunmuş ərazilərinə hərbi nəzarətini davam etdirir. Kremlin indiki siyasətçiləri bəşəri mənada humanizmi sərgiləməkdə çox acizlik çəkirlər. Ona görə də, heç bir suçu olmayan sadə rus xalqının adından sui-istifadə edərək başqa xalqlara qarşı öz hərbi siyasətini davam etdirməkdədir. Gürcüstan, Azərbaycan, Ukrayna və Moldova buna parlaq örnəkdir. Bu bağımsız dövlətlərin ərazisindəki etnik separatizm siyasətinin arxasında da məhz Rusiya durur. Ona görə də, tərəqqipərvər beynəlxalq çox haqlı olaraq bildirir ki: “Harada Rusiya var, orada qan var. Harada rus əsgərinin ayaq izləri mövcuddursa, orada etnik qarşıdurmalar var. Rusiya öz imperiya siyasətini qəddarlıqla bu gün də davam etdirir. Ermənistan və ermənilər sadəcə imperiya siyasətinin maşası rolunda çıxış edirlər.  

P. S. Hollandiyada yasayan bütün Azərbaycan əsilli yurddaşlarımı və Azərbaycansevər bütün insanları Haaga (Den Haag) şəhərində iyulun 11-də Ermənistan səfirliyinin önündə etiraz mitinqinə dəvət edirik. Milli davada iqtidar- müxalifət, bölgəcilik və qəbiləçilik olmur!!! Bıçaq sümüyə dirənibdir. Bu gün Diasporumuz Nehrəmli deyil, Azərbaycan olmalıdır!!!

 

Elman Mustafazadə,
Hollandiya/Amsterdam,  Avropada "Azərbaycanın Dostları Cəmiyyəti"nin sədri,
“Xudafərin” dərgisinin və eyniadlı internet portalının təsisçisi və baş redaktoru

 

01:40