Rövşən Hacıbəyli: Blogerin türmədə ölməsi söz azadlığına münasibətin nümunəsidir

 

“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda mətbuat azadlığının durumu, sosial şəbəkələrin ictimai rəyin formalaşmasında rolundan danışıb. “Azadlıq” qəzetinin çapı dayandırılıb, azadliq.info saytına girişə blok qoyulub.

Amerikanın Səsi: 3 may - Beynəlxalq Mətbuat Azadlığı günüdür. Azərbaycanda mətbuat azadlığının hazırki durmunu necə xarakterizə edərdiniz?

Rövşən Hacıbəyli: İlk növbədə, mətbuat azadlığı günü münasibəti ilə Azərbaycanda ağır şəraitdə fəaliyyət göstərən azad mətbuat nümayəndələrini təbrik etmək istəyirəm. Eyni zamanda, 3 mayla bağlı dünənki gündən başlamaq istəyirəm. Bilirsiniz ki, dünən saytların bloklanması (hökumət azadliq.info, azadliq.org, meydan.tv, azerbaycansaati, Turan TV saytlarına girişi məhdudlaşdırıb-red) ilə bağlı məhkəmə prosesi başlayıb. Əslində, bu prosesin başlanması özü mətbuat azadlığının hansı durumda olduğunun göstəricisidir. Eyni zamanda, bu gün türmədə olan jurnalistləri, mənim təmsil olunduğum “Azadlıq” qəzetinə təzyiqləri yada salmaq istəyirəm. Qəzetin əməkdaşlarının mühacirət həyatı yaşamağa məhkum edildiyini xatırlatmaq istəyirəm. Yəni, bütün bunlar Azərbaycanda söz azadlığının hansı durumda olduğunun gerçək nümunələridir. Daha bir nümunə, bu günlərdə türmədə öldürülən blogerlə bağlıdır. Bu da Azərbaycanda söz azadlığına hansı münasibət göstərildiyini ortaya qoyur.

Amerikanın Səsi: Medianın əsas funksiyalarından biri ictimai rəyi formalaşdırmaqdır. Ölkə mediası ictimai rəyi necə formalaşdırır?

Rövşən Hacıbəyli: Medianın əsas funksiyalarından biri ictimai rəyi formalaşdırmaqdır. Bu günləri Azərbaycanda hakimiyyət də bunu yaxşı anlayır, yaxşı dərk edir. O baxımdan, ictimai rəyə təsir edən mətbuat orqanlarına qarşı uzun illərdir total hücum başlayıb. Bu, sistemli şəkildə aparılır. Müxtəlif vaxtlarda müxtəlif müstəqil orqanlar sıradan çıxarılıb. Lap son nümunə kimi ANS telekanalını göstərə bilərik. ANS telekanalın ictimai rəyə təsiri çox böyük idi, Haklimiyyət də bu telekanalla hesablaşırdı. Amma sonrakı mərhələdə görünür bu, hesablaşma onları qane etmədi və ANS telekanalını hədəfə aldılar, nəticədə sıradan çıxardılar. Bunun ardınca, “Azadlıq” qəzetinə qarşı da həmin kampaniya aparıldı, eyni zamanda ötən ilin sentyabrından bu qəzetin nəşri dayandırıldı. Bundan əlavə, “Zerkalo” qəzetinin nəşri dayandırılıb. Yəni, ictimai rəyə təsiri olan bütün mümkün vasitələr sıradan çıxarılıb.

 

Amerikanın Səsi: Bəs sosial medianın rolunu necə qiymətləndirirsiniz? İctimai fikrə təsir edə bilirmi?

Rövşən Hacıbəyli: Sosial şəbəkələr son zamanlar ortaya çıxıb və populyarlaşıb. Sosial şəbəkələrin təsiri böyükdür. Amma hesab edirəm ki, onun əhatə dairəsi o qədər də geniş deyil. Ölkədə əhalinin durumu ağırdır, internetə çıxış hər yerdə əlçatan deyil. O baxımdan hesab edirəm ki, sosial şəbəkələr hələ bundan sonra daha geniş yayılacaq, daha geniş formalaşacaq, daha geniş əhatə dairəsi olacaq.

Amerikanın Səsi: Ölkənin müstəqillik dövrünün ilk müstəqil qəzeti “Azadlıq” qəzeti artıq çapını dayandırıb, “azadliq.info” və digər saytlara girişə blok qoyulub. Bunların səbəbi nədir?

Rövşən Hacıbəyli: Bunların səbəbini bəlkə də ictimai rəyə təsir mənasında bundan əvvəlki sualda da axtarmaq lazımdır. Yəni, bu saytların, bu qəzetlərin, - təkcə “Azadlıq” qəzetini demirəm, “Azadlığ”ın yanında olan, onunla birgə fəaliyyət göstərən müstəqil media qurumlarının fəaliyyəti hakimiyyəti qane etmirdi. Çünki həmin mətbuat orqanlarının ictimai rəyə ciddi təsiri var idi. Eyni zamanda, ölkədə baş verən müxtəlif korrupsiya halları, oliqarxların monopoliyası və başqa məsələlərlə bağlı bu qəzetlərdə, bu saytlarda məlumatlar gedirdi. Yəni, ictimai rəyi formalaşdıran məlumatlar idi ki, hakimiyyət də bununla barışmırdı. Bu baxımdan onlar, əvvəlcə “Azadlıq” qəzetini və başqa müstəqil media qurumlarını sıradan çıxardılar. Sonra, görünür ki, bu yenə qane etmədi. İndi saytları əsas hədəf seçiblər. Saytları sıradan çıxarmağa çalışırlar. Bildiyiniz kimi, saytları məhkəməyə veriblər. Dünəndən məhkəmə prosesi başlayıb. Güman edirəm ki, ənənəvi nəticə olacaq, yəni prokurorluq məsələ qaldırıbsa, hakimiyyətdən gələn sifarişdirsə, məhkəmə də həmin sifarişi yerinə yetirib saytları bloklayacaq.

Amerikanın Səsi: Mövcud durumdan çıxışı nədə görürsünüz? Media azadlığının gələcəyini necə proqnozlaşdırmaq olar?

Rövşən Hacıbəyli: Mövcud durumdan çıxış çətindir. Çünki hakimiyyət beynəlxalq təşkilatlar qarşısında bir xeyli öhdəliklər götürüb. Bu öhdəliklərə əməl olunmur, öhdəliklər yerinə yetirilmir. Üstəlik də total şəkildə mətbuata hücumlar başlayıb. Əslində, bu gün bunlar təbliğat aparırlar ki, 1998-ci ildə senzura götürülüb, Azərbaycan mətbuatına hakimiyyət ciddi şəkildə qayğı göstərir, KİV-ə Dövlət Dəstəyi Fondu yaradılıb. Belə yalançı təbliğat aparırlar. Əslində o fond yaranmaqla, mətbuata bəlkə də ölüm hökmü çıxarıldı. Çünki həmin fondun yaranması ilə müstəqil mətbuat demək olar ki, tamamilə küncə sıxışdırıldı, hakimiyyət yönümlü mətbuata geniş meydan verildi, üstəlik onlara müxtəlif adlar altında qrantlar paylanıldı. Eyni zamanda, bu qrantların nəticəsi olaraq söz adamlarına, mətbuat adamlarına susmaq göstərişi verildi. Yəni, sən bu pulu alırsansa susmalısan. Azərbaycan mətbuatının əslində bu günki durumu bu vəziyyətdədir. Yenə optimizmi saxlayıram. Hesab edirəm ki, söz azadlığının qarşısını almaq mümkün olmayacaq. Zaman-zaman söz azadlığına qarşı mübarizə aparılıb, ölümlər olub, dəfələrlə həbslər olub. Bu günün özündə də müxtəlif media orqanlarını təmsil edən, sosial şəbəkələrdə fəal olan gənclər türmədədir. Amma yenə azad sözü susadurmaq mükün olmayacaq. Hesab edirəm ki, Azərbaycan dünyadan kənar bir ölkə deyil, dünyanın bir parçasıdır. Dünya inkişafa doğru gedir və Azərbaycan da dünyanın bir parçası olaraq inkişaf etməlidir. Eyni zamanda, internetin qarşısını almaq mümkünsüzdür. Getdikcə genişlənir. Bir vasitə ilə qarşısını alırlar, başqa vasitələr ortaya çıxır ki, onunla söz demək olur. Mən Mehman Hüseynovun (hazırda həbsdə olan bloger Mehman Hüseynovu nəzərdə tutur. Onun yalnız Facebook-da bir neçə yüz min izləyicisi var-red) timsalında bunu demək istəyirəm. Yəni, bir tək adam nə qədər işlər gördü. Müxtəlif korrupsiya əməllərinin üstünü açdı. Şübhəsiz ki, Mehmanın ardıcılları gələcək. Onlar o yolu davam etdirəcək. Əslində, bu gün də o ardıcıllar var. O gəncləri müxtəlif tədbirlərdə, aksiyalarda görürük. Güman edirəm ki, onlar bu günki texnologiyaların inkişafından yararlanaraq daha uğurlu fəaliyyət göstərəcəklər və inkişafa öz töhfələrini verəcəklər.

Qeyd: Azərbaycan hökuməti bir qayda olaraq ölkədə media azadlığının tam təmin edildiyini, KİV-lərə və jurnalistlərə dövlətin hərtərəfli qayğı göstərdiyini bəyan edir. Rəsmi Bakı insanların jurnalist və bloger fəaliyyətinə görə deyil, əməllərinə görə hüquq qarşısında cavab verdiklərini bildirir. Bununla yanaşı, beynəlxalq təşkilatlar Azərbaycanda söz və mətbuiat azadlğının pozulduğu, jurnalistlər və blogerlərin həbs edildiyi barədə bəyanatlar yayır. Azərbaycan beynəlxalq media azadlığı reytinqinə görə, dünyada 180 ölkə arasında 165-ci yerdə qərarlaşıb.

Amerikaninsesi.org

09:38