Roman Ağayev və Raqib Bayramova azadlıq!

Jurnalist Roman Ağayev və ictimai fəal Raqib Bayramova Rusiya hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açıldığına öz etirazımı bildirirəm. Rusiya və Azərbaycan arasında millətlərarası münasibətlərin inkişafında, Azərbaycan həqiqətlərinin təbliğində xüsusi xidmətləri ilə seçilən hər iki soydaşımız Rusiya Cinayət Məcəlləsinin 213 cü maddəsinin 2 ci bəndi ilə məsuliyyətə cəlb ediliblər. Onlara qarşı cinayət işi Moskva azərbaycanlıları milli mədəni Muxtariyyətinin sədri Ağadadaş Kərimovun şikayəti əsasında açılıb. A. Kərimov iddia edir ki, adıçəkilən soydaşlarımız ona qarşı təcavüz edib. Hesab edirəm ki, A. Kərimovun şikayəti inandırıcı deyil və gerçəklik mənzərəsini təhrif edir. Təqsirkar kimi göstərilən Roman Ağayev və Raqib Bayramov A. Kərimova qarşı təhqir və təcavüz etməyib. Onların arasında yaşananlar müzakirə ilə məhdudlaşıb ki, ən pis halda baş verənləri mübahisə kimi xarakterizə etmək olar.
Ağadadaş Kərimovun inandırıcı olmayan, ciddi şübhələr doğuran iddiaları əsasında qaldırılmış cinayət işi ilə bağlı Rusiya hüquq-mühafizə orqanlarını sözügedən məsələdə qanuniliyi və hüquqi şəffaflığı təmin etməyə çağırıram. Roman Ağayevin və Raqib Bayramovun Ağadadaş Kərimova qarşı təcavüz etmədiyini əminliklə bildirir, işin dəlil-sübut bazasının toplanmasında korrektəyə ehtiyac duyulduğu fikrindəyəm.
Rusiya ictimaiyyətini hər iki soydaşımızın taleyinə qarşı laqeyd olmamağa çağırıram. Sizin dəstəyiniz heç bir günahı olmadan azadlığı məhdudlaşdırılmış və yaxında məhkəməsi başlayacaq dəyərli soydaşlarımızın başına gətirilənləri ictimailəşdirməniz olar.
Hər kəsi, xüsusilə media mənsublarını Rusiyada ədalətin zəfər çalması naminə fəallıq göstərməyə, haqqında danışılan məsələni gündəmdə saxlamağa səsləyirəm. Kim hansı dildə bacarırsa Roman Ağayev və Raqib Bayramova qarşı cinayət işinin şəffaf aparılmasını və soydaşlarımızın azad olunmasını tələb etməlidir. Əgər biz ictimai fəallıq göstərməsək, hər iki dəyərli vətəndaş azadlıqdan məhrum edilə bilər. Unutmayaq ki, biganəlik günaha bərabərdir!!!
Bu gün Romana və Raqibə qarşı edilənlər müstəqil jurnalistikaya, ictimai fəallara olan zərbədir. Əgər ciddi şübhələr doğuran, inandırıcı olmayan iddialar əsasında iki vətənpərvər insan azadlıqdan məhrum edilərsə, deməli ki, jurnalsitlərə və ictimai fəallara qarşı kim nə istəsə edə bilər, deməli ki, “BİZİM ARXAMIZCA YENƏ GƏLDİLƏR”... Bütün oxucuları və həmkarlarımı susmamağa çağırıram!

Roman Ağayev və Raqib Bayramova AZADLIQ!

Jurnalist və ictimai fəalların şərlənməsinə SON!

Hörmətlə, Anar Həsənov

Xudaferin.eu

18:04