Roma şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə reallaşan tədbirdə İtaliyadakı Azərbaycan icmasının üzvləri, bu ölkənin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr, İtaliyada fəaliyyət göstərən Azərbaycan-İtaliya dostluq təşkilatlarının nümayəndələri iştirak edib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra tədbiri giriş nitqi ilə açan İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının Roma üzrə əlaqələndiricisi Fərid Abbasov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edərək, İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının məqsədləri və fəaliyyət planından bəhs edib.

Daha sonra Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə dünyada yaşayan soydaşlarımızın milli mənəvi dəyərlərə bağlılığının və Vətənlə təmaslarının möhkəmləndirilməsinin daim dövlətimizin diqqət mərkəzində olduğunu deyib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunduğunu vurğulayan diplomat ümummilli lider tərəfindən azərbaycançılıq məfkurəsi ətrafında dünya azərbaycanlılarının milli birlik və həmrəyliyinin gücləndirilməsi üçün həyata keçirilən ardıcıl tədbirlər barədə danışıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini deyən diplomat Azərbaycan dövlətinin başçısının dünya azərbaycanlılarına müraciətindəki fikirlərə istinad edərək İtaliyada yaşayan həmvətənlərimizi milli maraqlarımızın müdafiəsi naminə azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməyə çağırıb.

2019-cu ilin Azərbaycan-İtaliya münasibətlərinin inkişafında əhəmiyyətli hadisələrlə yadda qaldığını bildirən diplomat bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün İtaliyada yaşayan soydaşlarımızın və fəaliyyət göstərən Azərbaycan diaspor, dostluq və gənclər təşkilatlarının da öz səylərini artırmasının vacibliyini bildirib. Səfir Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarına öz təbrik və xoş arzularını çatdırıb.

16:03