Qobu məktəbində “limit” sindromu

Abşeron rayonunun Qobu kəndindəki orta məktəbdə bu ilin sonuna qədər qaz, su və istilik sistemi “limit”i tükəndiyindən şagirdlər soyuqlara dözmək zorunda qalacaqlar.

Bu barədə redaksiyamıza məlumat verən valideynlər onu da bildirdilər ki, havalar qismən mülayim keçsə də,  şagirdlər və müəllim heyəti indidən qorxu içindədirlər. Belə ki, payızın yağmurlu havaları başlayınca məktəbdə böyük problemlər yaranacaq. Bu da öz növbəsində məktəbdə hamının xəstəliklə üzləşəcəyindən soraq verir. Qobu orta məktəbinin direktoru, yerli bələdiyyə və icra hakimiyyəti nümayəndələri isə bildirirlər ki, buraya qanunla təhsil nazirliyi tərəfindən ayrılmış “limit” tükənibdir. Bu problem ən qısa zamanda həll edilməsi üçün ya valideynlər tərəfindən “işıqpulu”, “supulu” və “qazpulu” ödəməlidir ki, yeni ilə qədər öz həllini tapsın, ya da hamı uzun payız mövsümündə donmaq rəzalətini yaşamalıdır.  
Təhsil sahəsi üzrə ekspertlər isə bildirirlər ki, uşaq baxçaları, orta və ali təhsil sahəsi üzrə müəssisələr qanunla dövlət tərəfindən maliyyələşdirildikləri üçün, işıq, qaz və su ilə bağlı təminata görə illik limit ayrılır. Qobu orta məktəbinə ayrılmış limitin necə və nəyə görə tükənməsi isə sual altındadır. Yaranmış problemlə bağlı valideynlər Abşeron rayon icra hakimiyyətinə və digər aidiyyatı orqanlara müraciətlər etsələr də, hələ ki, onlara bu məsələ ilə bağlı heç kim aydınlıq gətirməyib.  

10:04