Qarabağa yeni ümid: Münasibətlərə hörülən beton divar

Elşən Manafov: “Beton divarların tikilməsi Dağlıq Qarabağ münaqişəsinə təsir göstərəcək”

Türkiyənin Ermənistanla sərhəddə beton divar tikmək niyyəti barədə informasiyalar iki ölkə arasında münasibətləri gərginləşdirə bilər. Xatırladaq ki, Ermənistan mediasının Türkiyə KİV-lərinə istinadən belə bir məlumat yayıb. Mənbə qeyd edir ki, Türkiyənin müdafiə və maliyyə nazirlikləri Ərdəhan, Qars və İqdır şəhərləri ilə Ermənistan arasında beton divar ucaltmağı planlaşdırır. Sonrakı mərhələdə Türkiyənin İranla sərhəddində də divar inşa etmək istədiyi bildirilir. Hələlik birinci mərhələdə Türkiyə terrorçuların və qaçqın axının qarşısını almaq üçün Suriya ilə 910 km sərhəddə beton divar ucaldır. Türkiyənin bu qərarı terrorizmdən müdafiə və sərhəddin qeyri-qanuni pozulması hallarının qarşısını almaq məqsədi daşıyır. Türkiyə Suriya ilə sərhəddə yerləşən Kilis vilayətində 11 km beton divar inşa edib. Yanvarın 10-dan isə Suriya ilə sərhəd boyunca daha 12 kilometrlik ərazi boyunca ayırıcı divarın inşasına başlanılıb. Beton divarın üstü tikanlı məftillərlə əhatə olunacaq, ətrafına asfalt örtük çəkiləcək. Eyni zamanda, sərhəd divarlarda terrorçulardan mühafizə məqsədilə dəliklər açılıb. Həmin dəliklərdə snayperlər və silahlı əsgərlər növbə çəkir. Qeyd edək ki, dünya təcrübəsində beton sərhəddi İsrail hökuməti İordan çayının qərb sahilində Fələstin yaraqlılarından müdafiə məqsədi ilə ucaldıb.
Türkiyədə son illər terror aktlarının sayının kəskin şəkildə artması və Suriyadan və İraqdan 3 milyon nəfərə yaxın qaçqının bu ölkənin ərazisinə axını rəsmi Ankaranı sərhəddi möhkəmləndirmək üçün daha sərt tədbirlərə əl atmağa vadar edib. Bu baxımdan, Türkiyənin PKK terrorçularından müdafiə olunmaq üçün yaxın gələcəkdə İraqla sərhəddə də beton divar inşa edəcəyi ehtimalı böyükdür. Bu isə Türkiyənin quru sərhədlərinin əksər hissəsinin betonla hörüləcəyindən xəbər verir.
Politoloq Elşən Manafovun sözlərinə görə, hazırda Suriya və İraq ərazisindən Türkiyəyə terrorçuların keçməsi ehtimalı daha böyükdür: “Türkiyənin Ermənistanla sərhəddinin bağlı olmasına baxmayaraq, PKK-nın və İŞİD-in fəallaşması, bu ölkədə terror aktlarının sayının artması Ankaranı belə bir addım atmağa vadar edə bilər. Məlum olduğu kimi, suriyalı qaçqınların böyük əksəriyyəti Avropaya Türkiyə üzərindən mühacirət edir. Türkiyə də qaçqınların sosial problemlərinin həlli üçün Avropa Birliyindən 3 milyard dollar vəsait tələb edir. Aparılan danışıqlara baxmayaraq, bu məsələ hələ də öz həllini tapmayıb. Ona görə də Türkiyə Suriya tərəfindən belə bir beton sərhəddin tikilməsində daha çox maraqlı olmalı idi. Ermənistan tərəfindən isə belə bir sərhəddin tikiləcəyinə inanmıram. Çünki Ermənistanın suverenliyinin və təhlükəsizliyinin təminatçısı Rusiyadır. Ermənistan ərazisində Rusiyanın 102 saylı diviziyasının yerləşdiyini nəzərə alsaq, Moskva terrorçuların Türkiyəyə keçməyəcəyinə dair zəmanət verməlidir. Rusiya ilə Türkiyə arasında hazırkı razılaşmalar buna imkan verir. Rusiya Ermənistan ərazisindən Türkiyəyə terrorçu qruplaşmaların keçməsində maraqlı olmamalıdır. Son vaxtlar hətta Türkiyənin NATO-nun tərkibindən çıxması və Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması barədə təkliflər gündəmə gəlib. Yəni, Qərbin, xüsusilə də ABŞ-ın xüsusi xidmət orqnlarının Türkiyəyə münasibəti bəllidir. Fətullah Gülənin Türkiyədə “paralel dövlət” layihəsinin reallaşmasında Qərbin maraqları var. Burada da əsas məqsəd prezident Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaqdır. Güman edirəm ki, bu gün Türkiyəyə ən böyük təhlıükə Suriya və İraq ərazisindən gözlənilir. Türkiyə ilə Ermənistan arasında yaşanan münaqişənin tarixi kökləri var. Ermənilər I Dünya Müharibəsi illərində Osmanlı imperiyasına xəyanət ediblər.

Əgər indiyə qədər Türkiyə Ermənistanla sərhəddə beton divarlar qaldırmayıbsa, bundan sonra belə bir addımın atılması Dağlıq Qarabağ probleminin həlli prosesinə mənfi təsir göstərə bilər. Türkiyə bildirir ki, Ermənistan ərazilərindən öz qoşunlarını çıxardarsa, o zaman Ermənistanla sərhəddi aça bilər. Ona görə də beton divarların tikilməsi Türkiyənin mövqeyində qeyri-müəyyənlik olması barədə rəy yarada bilər. Belə bir mövqe hazırda Türkiyənin təhlükəsizlik maraqlarına cavab vermir. Qərbdə belə bir rəy formlaşa bilər ki, Türkiyə ilə yaranmış ziddiyyətlər Rusiyaya münasibətlə bağlı deyil, Ərdoğan iqtidarının siyasətindəki qeyri-müəyyənliklə bağlıdır. Sərhəddə beton divarların tikilməsi həm Türkiyənin Ermənistanla münasibətlərini gərginləşdirəcək, həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə mənfi təsir göstərəcək. Bu, rəsmi İrəvan tərəfindən Azərbaycan və Türkiyənin Ermənistanı blokadaya alması kimi qəbul olunacaq. Ermənilərin bir şairi var idi, Silva Kaputikyan, o deyirdi ki, Ermənistan iki türk dövlətinin arasında sıxılıb qalıb. Bu baxımdan, beton sərhəddin ucaldılması ermənilərin əlinə belə bir bəhanə vermiş olar. Rusiya ilə münasibətlərin indiki səviyyəsi belə bir addımın atılmasını zəruri etmir. Ermənistanı ərazisindən Türkiyəyə terrorçuların keçməməsinə Rusiya özü də nəzarət edə bilər”.

Müşfiq Abdulla
Cebhe.info

12:25