Qarabağ xalça məktəbinin müasir durumu müzakirə edilib

 

Qarabağ xalçaçılıq ənənələri, xalçaçılarımızın, toxucularımızın genetik yaddaşında yaşayan unudulan texnologiyaları hana arxasında canlı şəkildə bərpa etmək, onu foto, videoçəkiliş vasitəsilə əbədiləşdirmək və prosesə həm peşəkar, həm də etnoqrafik yanaşmanı xatirələr əsasında bərpa edərək yenidən gündəmə gətirmək hər birimizin qarşısında duran vacib məsələdir. Bu fikirlər Bakıda “NUR Art House” sənət ocağında “Qarabağ xalça ənənələrini yaşadaq” adlı tədbirdə səsləndirilib.

Tədbir "Azərbaycan xalçaçıları" İB-nin prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Qarabağda xalçaçılığın müasir inkişaf potensialı" layihəsi çərçivəsində reallaşıb. Tədbirdə minilliklər boyu yaşadılaraq bu günümüzə gəlib çatan, Azərbaycan xalqının etnoidentikliyinin təsdiqi olan Azərbaycan xalça sənətinin özünəməxsusluğu ilə seçilən Qarabağ xalça məktəbinin müasir durumu müzakirə edilib.

Tədbirin fərqli cəhətlərindən biri də hazırda Bakıda yaşayan Cəbrayıl, Füzuli və Ağdamdan olan xalçaçılarımızın bu ənənəni Qarabağdan, ənənəvi mühitlərindən uzaq düşmüş balalarımıza, öz varislərinə öyrətməkdən ibarətdir. Bu ideyanı əsas götürən İctimai Birlik həmin mühiti bərpa etmək məqsədilə tədbirin auditoriyasını da məhz belə seçmişdir: Qarabağ sakinləri olan nənələr və babalar sənətlərini xalçaçılıqdan uzaq mühitdə böyüyən övladlarına, nəvə-nəticələrinə bu ənənəni “NUR Art House”da yaradılan imkan nəticəsində öyrədəcəklər.
Layihənin yekununda “Azərbaycan xalçaçıları” İctimai Birliyi Qarabağ xalçaçılarının elektron bazasını və layihə haqqında kitabçanı geniş ictimaiyyətə təqdim edib.

Xatırladırıq ki, 2012-ci ildən bəri YUNESKO-nun “Qeyri-Maddi Mədəni İrs üzrə QHT Forumunda Azərbaycanı təmsil edən “Azərbaycan xalçaçıları” İctimai Birliyi 2010-cu ildən dövlət qeydiyyatına alınmış və fəaliyyət müddətində ölkədaxili və beynəlxalq tədbirlərdə fəal iştirakla yanaşı, onların bir çoxunun təşkilatçısı kimi də çıxış etməkdədir.

Xudaferin.eu
“Bakı Bürosu”

09:44