QARABAĞ ŞİKƏSTƏSİ...

QARABAĞ ŞİKƏSTƏSİ...

Kiçik vaxtı səhvim oldu,
qorxa-qorxa evə gəlib
dədəmdən də üzr istədim.
Dədəm məni, bağışladı.
Anamdan da üzr istədim,
o da məni bağışladı
Nənəm qalxıb dədəmin də
anamın da mərhəmətin
gülə-gülə alqışladı.

Bir az keçdi, şagird oldum,
hansısa bir dərsimdə də
yalnış oldum.
Müəllimdən üzr istədim,
müəllim məni bağışladı.
Nənəm də ki, müəllimin
mərhəmətin alqışladı.

İllər keçdi, əsgər oldum,
anam demiş, dədəm demiş,
igid, qorxmaz bir ər oldum.
Əsgərlikdə komandirin
cəmi bircə tapşırığın
doğrultmadım, töhmətləndim.
Üzr istədim komandirdən,
komandirim bağışladı.
Nənəm yenə komandirin
mərhəmətin alqışladı.

Yaşa doldum, saç ağardı,
sevdiyim bir torpaq vardı,
yenə də var.
O torpaqda Xan əmimin
can bəstəsi.
Qarabağın Şikəstəsi.
İndi məni haqq edərək bağışlamır,
Qarabağın şikəst qalan
Şikəstəsi.
Bilirəm ki, nənəm də heç bağışlamaz,
alqışlamaz....

Mirzə Sakit

21:06