Qadın liderlərlə görüş: Şəhla İsmayıl

Mehriban Vəzirin rəhbərlik etdiyi Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə "Yeni Nəsil Qadın Koalisiyası" layihəsini həyata keçirir. 
Layihə çərçivəsində qadınların bilik və bacarıqlarının artırılması, eləcə də, yerli və xarici qadın liderlərlə görüşlər nəzərdə tutulub. 
"Qadın liderlərlə görüş"  istiqaməti üzrə ilk tədbirin qonağı vətəndaş cəmiyyətinin tanınmış simalarından biri olan Şəhla İsmayıldır.
Tədbirdə layihənin digər əməkdaşları tanınmış media eksperti İlhamiyyə Rza və iqtisadçı ekspert Azər Mehtiyev iştirak ediblər.
Bu görüş tanıtım xarakterli olmuş, `Yeni Nəsil Koalisiyası`nın üzvləri özləri haqqında məlumat verməklə yanaşı,  Şəhla İsmayılın vətəndaş cəmiyyətindəki işgüzar fəaliyyəti və uğurları ilə tanış olmuşlar. 
Görüşün məqsədi ictimai fəaliyyətə yeni gələn xanımların motivasiya olunması, çətinliklərdən çəkinməmələri, liderlərin uğur hekayələri ilə tanış olmaları və canlı təmas qurmalarıdır.

Şəhla İsmayıl haqqında qısa məlumat:

1976-cı ildə Bakı şəhərində anadan olub. İxtisasca ingilis dili filologiyası üzrə magistr təhsilli filoloqdur. 
2005-ci ildə Birləşmiş Krallığın “İnsan Hüquqları, Demokratiya və Yaxşı İdarəçilik” mövzusunda Con Smit təqaüd proqramının Azərbaycandan olan ilk məzunlarındandır. 2011-ci ildə ABŞ-da yerləşən Avrasiya Fondunun “Avrasiyanın Gənc Liderləri” təqaüd proqramının Azərbaycan üzrə ilk mükafatçısıdır. 

2002-ci ildən Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri, ABŞ-ın Qadınlar üçün Qlobal Fondunun Azərbaycan üzrə müşaviri, 2005-ci ildən Norveç İnsan Hüquqları Fondunun Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi, 2011-ci ildən ABŞ-ın Qadınlar üçün Təcili Yardım Fondunun müşaviri, 2013-cü ildən Almaniyanın Konrad Adenauer Fondunun “Qadın Gücünə Güc” adlı layihəsinin rəhbəri vəzifələrində çalışıb. 

Azərbaycanın ilk Analıq Məktəbi, ilk Gender Ekspert Qrupu, ilk Qadın Resurs Mərkəzi, ilk Qadın Parlamenti, Bələdiyyələr nəzdində ilk Qadın Palataları layihələrinin müəllifidir. 
2014-cü ildən etibarən yaratdığı Azərbaycanda ilk gender-profilli kommersiya təşkilatı olan “Gender Port” adlı MMC-nin missiyası və məqsədləri Azərbaycan qadınının inkişafına və bərabərliyinə xidmət etməkdən ibarətdir. 2016-cı ildən etibarən “NEST Group” adlı ailələrə dəstək mərkəzinin təsisçisidir. 

Qadın hüquqları, insan hüquqları, gender bərabərliyi, təşkilatın idarə edilməsi, ünsiyyət bacarıqları sahələrində ixtisaslaşıb. Gender bərabərliyi sahəsində təhsilini davam etdirir. 
1998-ci ildən etibarən 100-dən çox elmi tədbirdə iştirakçı və məruzəçi qismində iştirak edib. 50-dən çox beynəlxalq və milli layihənin müəllifi və rəhbəri, eləcə də, 8 kitabın müəllifidir. 
Hazırda bir çox milli və beynəlxalq layihələrdə, o cümlədən, bir neçə biznes layihəsində genderə-həssas alətlərlə gender ekspertizasını həyata keçirir. 

Xudaferin.eu

14:37