PEŞƏKAR HÜQUQŞÜNASDAN “DEMOKRATİYA DƏRSLƏRİ”

Bu gün çoxsaylı soydaşlarımız müxtəlif səbəblərdən Azərbaycanı tərk edir. Təbii ki, hər bir proses səbəbsiz deyil. Ölkədə getdikcə ağırlaşan sosial-iqtisadi və mənəvi-psixoloji durum öndəgələn səbəblər sırasındadı. Azərbaycanda elə bir mühüt yaradılıb ki, insanlar eybəcərlikdən zövq almağa sanki məcbur edilir, onlar “dövlətçiliyin inkişafı” adlıla hər cür ictimai cəhalətə, əslində isə antidövlətçilik, antihumanist məzmunlu prosesə məcburən qatılmağa sövq edilir. Korrupsiyanın ictimai əxlaqın əsas elementinə çevrildiyi bir cəmiyyətdə süni, çürük dəyərlərə əsaslanan prinsiplərlə yaşamaq istəməyənlərdi həm də ölkəni tərk edənlər. Ölkə zorən nadanlığın, cəhalətin yeni və kəskin bir mərhələsinə daxil olmaqdadı. Bu təşkil edilmiş prosesdir və məqsəd aktiv insanları ölkədən uzaqlaşdırmaq və mövcud talançı, korrupsioner rejimə etiraz edənləri ölkədən kənarlaşdırmaqdır. Lakin bu kütləvi miqrasiya fonunda bir xüsusiyyət də var: müxtəlif sahələr üzrə peşəkarlar, cəmiyyətin, deyərdim ki, ən aktiv kəsimi də Vətənini tərk edənlər cərgəsindədi.

Əminəm ki, bu durum kortəbii deyil, şüurlu şəkildə, düşünülmüş bir plan üzrə icra edilir. Məqsəd ictimai heysiyyəti tam itmiş bir cəmiyyət formalaşdırmaqdır. Amma buna nail ola bilməyəcəklər, çünki Azərbaycan xalqının ziyalıları harada yaşamasından asılı olmayaraq mövqeyini, öz xalqının arzu və iradəsini ifadə edib və onun idealları uğrunda daim mübarizə aparıb. Xalqın arzusundan, qayğısından xəbəri olmayan hakimiyyətlə mübarizənin fikir-ideya əsasını da məhz belə ziyalılar, öz sahəsi üzrə peşəkarlar yaradıb. Professional və mövqeyi olan insanlarımız kifayət qədərdir və onları digərlərindən fərqləndirən başlıca xüsusiyyət harada yaşamasından asılı olmayaraq mənsub olduğu xalqa, dövlətə kömək etmək cəhdləridi. Belə uğurlu cəhdlərdən biri hazırda Niderlandda mühacirətdə yaşayan Bakı Dövlət Universitetinin sabiq müəllimi, hüquqşünas Ataxan Əbilovun nəşr etdiyi “Demokratiya dərsləri” kitabıdı.

“Demokratiya dərsləri”ndə müasir dövlət və hüquq elminin müxtəlif istiqamətləri, insan hüquqlarının, sosial dövlət və onun funksiyalarının, demokratik dəyərlərin və vətəndaş cəmiyyətinin əsas nəzəri anlayışları, paradiqmaları qısa, amma aydın-anlaşıqlı şəkildə təqdim edilir. Modern dövlət, onun başlıca əlamətləri və funksiyaları müxtəlif ölkələrin yaxın və uzaq tarixindən zəngin nümunələrlə və təbii ki, Azərbaycan Respublikasında baş verən siyasi-hüquqi proseslərlə müqayisədə izah edilir. Belə təqdimat “Demokratiya dərsləri”ni oxunaqlı edən xüsusiyyətlərdəndi.

Şübhəsiz ki, Azərbaycan cəmiyyətinin Avropaya inteqrasiyası müxtəlif ictimai institutların, xüsusilə vətəndaş cəmiyyəti institutlarının inkişafı və sərbəst fəaliyyəti, mətbuatın öz funksiyalarını azad şəkildə ifadə etməsi ilə sıx surətdə bağlıdır. Məhz Avropaya inteqrasiya və bu proseslə bağlı yeni ictimai ənənələrin yaranması fikrinin zəruriliyi kitabın əsas leytmotividir desək, yanılmarıq.

Kitabda Qarabağ problemi və onun beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə ayrıca diqqət yetirilib. Həmçinin son illərdə Azərbaycanda insan hüquqları uğrunda mübarizə aparan vətəndaşlarımıza, müstəqil və müxalif düşüncəli fəallara qarşı aparılan repressiyalar kitabın mühüm bir hissəsini təşkil edir. Kitabın bölmələrindən biri məhz son illərdə Azərbaycanda haqsız yerə təqib edilən, mövcud mürtəce rejim tərəfindən qanunazidd şəkildə mühakimə olunmuş çoxsaylı vətəndaşlarımızın problemlərinə həsr edilib.

Beynəlxalq Cinayət Məhkəməsi, məhkəmələrdə nümayəndəlik institutu, miqrantlarla bağlı qanunların şərhi və digər hüquqa aid izah və müqayisələr oxucu üçün yeni və maraqlıdı.

Kitabda milli kimlik, vətəndaşlıq və milli məsələnin həllinin Niderland variantı, bu ölkənin təhsil və sosial təminat sistemi müqayisəli şəkildə təqdim edilir. İnkişafın və idarəetmənin Niderland təcrübəsi kitabın ən maraqlı fəsillərindəndi. Burada inkişafın önündə gedən kiçik bir ölkənin nailiyyətləri təhlil edilir.

Hər bir kitab gerçək bir tarixi mərhələnin problemlərini, dünyagörüşünün əksidir. Bu kitab, zənnimizcə, müasir demokratiyanın nəzəri və praktik məsələləri, həmçinin müasir tariximizin, ölkəmizdə demokratiya uğrunda mübarizənin mühüm bir mərhələsi haqda əsaslı bir mənbə və çağdaş dövrün demokratik prosesləri, mövcud hüquqi problemlərini özündə əks etdirən vacib bir mənbədir. Kitabın müəyyənedici ideyası elə məqalələrin birində dolğun ifadə olunub: hamınıza demokratiya arzusuyla…

Mehman XANLAROĞLU

politoloq

P.S: Ataxan Əbilov kimdir?

Ataxan Əbilov 1965-ci ildə anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1983-1985-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1986-1991-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra BDU-nun Beynəlxalq hüquq və xarici ölkələrin konstitusiya hüququ kafedrasında əmək fəaliyyətinə başlamışdır. 1991-1997-ci illərdə Bakı Dövlət Universitetində çalışmışdır. 1997-2007-ci illərdə qeyri-hökümət sektorunda hüquqi tədqiqat və hüquq müdafiə fəaliyyətilə məşğul olmuşdur. Azərbaycan Hüquqşünaslar Forumunun idarə heyətlərinin üzvü olmuşdur. Azərbaycan Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr Cəmiyyətinin məsul katibi, "Beynəlxalq hüquq" jurnalının redaktoru vəzifələrində çalışmışdır.

2009-cu ildən Niderland Krallığında yaşayır.

Ataxan Əbilov 2017-ci ildə Niderland Krallığında İnholland Tətbiqi Elmlər Universitetinin Sosial-Hüquqi Xidmət fakültəsini bitirmişdir.

100-dən çox elmi-publisistik məqalələrin, 6 kitab və monoqrafiyanın, o cümlədən Azərbaycan və Avropa Şurası əlaqələrilə bağlı Avropa Şurası və Azərbaycan, Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan, Azərbaycan Avropa ailəsində kitabların müəllifi, universitetlərin Hüquq və Beynəlxalq hüquq fakültələrin tələbələri üçün yazılmış Beynəlxalq xüsusi hüquq dərsliyin həmmüəllifidir.

Sonuncu kitabı isə məhz "Demokratiya dərsləri" kitabıdır. 

Hüquq müdafiə fəaliyyətinə və ictimai-siyasi mövqeyinə görə 1997-ci ildə Bakı Dövlət Universitetindən uzaqlaşdırılıb.

Azərbaycanın Avropa Şurasına üzv olmaqla bağlı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının Azərbaycanda öyrənilməsi, təbliği və tətbiqi istiqamətində geniş fəaliyyət göstərmişdir. Konvensiyanın Azərbaycan dilinə ilk tərcümə variantını hazırlamışdır. Bakı şəhərində ilk dəfə olaraq Avropa Məhkəməsinə müraciət etmə Mərkəzinin açılmasında fəal rol oynamış və sonralar ona rəhbərlik etmişdir.

Hazırda hüquq müdafiə fəaliyyətini davam etdirir.

Xudaferin.eu

23:53