Özbəkistan orkestrinin Azərbaycan sevgisi

 

Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən “Soqdiana” xalq çalğı alətləri orkestri yeni mövsümün açılışını edib. 1991-ci ildə yaradılan kollektivin bədii rəhbəri Özbəkistanın əməkdar artisti, professor Fizruzə Abduraximovadır.
 

Orkestr Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edir və daim repertuarında Azərbaycan bəstəkarlarının əsərlərinə geniş yer verir. Yeni mövsümün açılış konsertində də Avropa bəstəkarları ilə yanaşı Azərbaycan bəstəkarlarının əsərləri səslənib.

Tədbirdə orkestrin xidmətləri haqqında danışılıb, kollektivin bədii rəhbəri Fizruzə Abduraximovaya Özbəkistan Mədəniyyət Nazirliyinin fəxri fərmanı təqdim edilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov tədbirdə çıxış edərək ölkəmizin zəngin musiqi ənənələri haqqında danışıb, Şərqdə ilk operanın dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən yazıldığını diqqətə çatdırıb, Azərbaycan musiqisinin Özbəkistanda maraqla qarşılandığını qeyd edib. Bildirib ki, mərkəzin xətti ilə keçirilən tədbirlərdə orkestr daim iştirak edir.

Sonra orkestr Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından parçalar, Fikrət Əmirovun “Qarabağ Azərbaycan incisidir” əsərini səsləndirib. “Qarabağ Azərbaycan incisidir” əsəri ifa olunarkən monitorlarda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış, Qarabağın füsunkar təbiəti, Azərbaycan torpaqlarının işğalı, bu torpaqlarda dağıdılmış abidələrdən bəhs edən videoçarx nümayiş etdirilib.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

10:16