Nəriman Qurbanov: Otuz illik həsrətdən sonra Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada görüşmək qürurvericidir

Aprelin 21-dən 25-dək Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada Dünya Azərbaycanlılarının V qurultayı keçiriləcək. Artıq dünyanın müxtəlif ölkələrindən, o cümlədən Gürcüstandan bu qurultaya nümayəndələr seçilib.

AZƏRTAC-ın Gürcüstan müxbiri həmin nümayəndələrdən biri, Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanovla görüşüb, onun qurultayla bağlı fikirlərini öyrənib.

N.Qurbanov deyib ki, Dünya Azərbaycanlılarının V Qurultayının Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi olan Şuşa şəhərində keçirilməsi bizim böyük sevinc və qürur hissimizdir. Otuz illik həsrətdən sonra nə xoşdur ki, biz ilk dəfə olaraq Şuşada görüşəcəyik. Bu tarixi Zəfər hər bir azərbaycanlının qələbəsidir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bizə qələbə sevincini yaşadan qüdrətli Ordumuza bir daha təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin.

N.Qurbanov Dünya Azərbaycanlılarının V Qurultayından gözləntiləri barədə də danışıb: “Otuz illik həsrətdən sonra biz ilk dəfə Şuşada toplaşacağıq. Bu gün hər kəs Qarabağda davam etməkdə olan bərpa və quruculuq işlərini böyük ruh yüksəkliyi ilə izləyir. Əlbəttə ki, Dünya Azərbaycanlılarının V Qurultayında hər bir iştirakçının işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı quruculuq işləri ilə əlaqədar olan fikirləri bizim üçün çox vacibdir. Bizlər də öz növbəmizdə, öz fəaliyyətimizlə bölgədə yeni imkanları nəzərdən keçirib, bu istiqamətdə öz səylərimizi daha da artırmaqda davam etməliyik.

AZEBİ-nin İdarə Heyətinin sədri Azərbaycan dövlətinin diaspor siyasətini və bu siyasətin inkişaf perspektivlərini də yüksək qiymətləndirib.

Onun sözlərinə görə, II Qarabağ müharibəsində tarixi faktların dünya ictimaiyyətinə və mətbuatına çatdırılmasında Diasporla İş üzrə Dövlət Komitəsi də çox mühüm işlər görüb. Azərbaycanın ərazi bütövlüyünün və suvenirliyinin müdafiə edilməsi, tarixi həqiqətlərin dünyada, o cümlədən Gürcüstanda ictimaiyyətə çatdırılması hər bir soydaşımızın diqqət mərkəzində olub və olmaqda davam edir. Azərbaycan cəmiyyətləri və dərnəklərinin fəaliyyətinin gücləndirilməsi, əməkdaşlığın daha da möhkəmləndirilməsi, diasporumuzun daha da mütəşəkkil formada təşkilatlanması işinə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin göstərdiyi dəstəyin zəruriliyi kimi vacib məqamları bizlər hər zaman hiss etmişik. İnanırıq ki, bu qurultaydan sonra sadalanan işlərdə daha mütəşəkkil olacağıq. Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, dövlətimizin ədalətli mövqeyini müdafiəsində, azərbaycançılıq ideyasının təbliğində mühüm işlər görəcəyik.

Xətayi Əzizov
Xudaferin.eu

09:40