“The New York Times” qəzetində “Leyli və Məcnun” operası haqqında məqalə dərc edilib

 

Oktyabrın 26-dan 29-dək Nyu-Yorkdakı Linkoln mərkəzində “Leyli və Məcnun” operası göstəriləcək. Bununla əlaqədar “The New York Times” qəzetində həmin opera haqqında məqalə dərc edilib.

 

Amerikalı tamaşaçılara yeni interpretasiyada təqdim olunacaq tamaşada məşhur xoreoqraf Mark Morrisin rəqs qrupu iştirak edəcək. Əsas partiyaları xalq artisti Alim Qasımov və  əməkdar artist Fərqanə Qasımova ifa edəcəklər. Məqalədə qeyd edilir ki, XX əsrin əvvəlində Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yazdığı bu operanın mövzusu qərbdə “Romeo və Cülyetta” məşhur olduğu kimi şərqdə eyni dərəcədə geniş yayılmış bir sevgi dastanı barədədir. Şekspirin faciəsində olduğu kimi, bu əsərdə də iki gəncin vaxtsız ölümü ilə nəticələnmiş nakam sevgisindən bəhs olunur.
Morrisin sözlərinə görə, “Leyli və Məcnun” əhvalatı intim münasibətlər barədə deyil, insanın ölümündən sonra da davam edən xalis mənəvi münasibətlər barədədir. “Leyli və Məcnun” dastanı əsrlər boyu saysız-hesabsız incəsənət əsərlərinin mövzusu olub. Dahi Azərbaycan şairləri Nizami Gəncəvi (XII əsr) və Məhəmməd Füzulinin (XVI əsr) eyniadlı poemaları, sonrakı dövrdə çoxsaylı rəsm əsərləri, kinofilmlər, mahnılar, balet əsərləri hətta Erik Kleptonun məşhur “Leyla” mahnısı da bu mövzuya həsr edilib.
Məqalədə daha sonra qeyd edilir ki, Üzeyir Hacıbəylinin bu operası Yaxın Şərqdə ilk opera hesab edilir və bu baxımdan, o dövrün beynəlmiləlçiliyini təcəssüm etdirir. “Leyli və Məcnun” əsərinin “İpək yolu” ansamblı üçün adaptasiyasında iştirak etmiş azərbaycanlı musiqişünas Aida Hüseynova deyir: “Hacıbəylinin bu meqalayihəsi öz millətinin irsini qoruyub saxlamaqla onu dünyaya inteqrasiya etmək üçün nəzərdə tutulub”.

Məqalədə qeyd edilir ki, strukturlaşdırılmış improvizə və ornamentasiya parçaları ilə səciyyəvi olan bu kompozisiya adi opera elementləri ilə muğamın çox orijinal hibrididir. Tamaşada rəqslərin ifaçıları Azərbaycan bayrağının rənglərinə uyğun qırmızı-göy rəngli geyimlərdə çıxış edirlər. Məlum olduğu kimi, Mark Morris ilk dəfə on il bundan əvvəl Yo-Yo Manın rəhbərlik etdiyi “İpək yolu” ansamblı, Alim Qasımov və Fərqanə Qasımova ilə birlikdə çıxış edib və elə həmin vaxtdan “Leyli və Məcnun” operası ilə maraqlanıb.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

11:58