Müslüm Maqomayevin xatirəsi Belarusda böyük coşqu ilə anılıb

 

Belarusun Qomel Vilayətinin Jlobin şəhərində dünya şöhrətli müğənni və bəstəkar, xalq artisti Müslüm Maqomayevin anadan olmasının 75 illiyinə həsr olunan sərgi və konsert təşkil olunub.

Azərbaycanın bu ölkədəki Səfirliyi və Belarus Azərbaycan İcmaları Konqresinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə ölkəmizin milli geyimləri, tarixi və mədəniyyətini özündə əks etdirən sərgi təşkil olunub. “Azərbaycan və Belarus: mədəniyyət xalqları birləşdirir” adlı sərgidə tamaşaçılara İrəvan qrupuna aid Azərbaycan xalçaları haqqında kitablar, ölkəmizin tanınmış mədəniyyət və ictimai xadimləri haqqında bilgilər, milli geyimlərimiz, milli mətbəximizin inciləri sayılan plov və paxlava, digər şirniyyat məhsulları təqdim olunub. Daha sonra Belarusun tanınmış ifaçılarının iştirakı ilə konsert keçirilib. İfaçılar M.Maqomayevin repertuarından mahnılar ifa ediblər.

Tamaşaçılar böyük sənətkarın xatirəsinə hörmət əlaməti olaraq, səsləndirilən əsərləri böyük coşqu ilə qarşılayıblar.

Xudaferin.eu
Belorus, “Minsk Bürosu”

09:34