MOSKVA SƏFƏRİMİN NAMİQ ABDULLAYEV SƏHİFƏSİ

   Bu ilin Novruz günlərində Moskvaya səfərim və orada etdiyim məruzələr və keçirdiyim görüşlər barədə iki yazı paylaşmışdım, üçüncünü, sonuncunu yazmağı vəd etmişdim, amma 31 mart tədbirləri, yeni kitabımın nəşri və daha sonra bu Nərimanov olayları gündəmi tutdu. Düzü bu yazını yazıb-yazmamaq da özüm üçün sual altında idi, çünki sırf şəxsi məsələmlə bağlı idi ki, belə mövzularda bölüşməyi sevmirəm. Amma adını çəkməyə güclə izn aldığım bir şəxsə sözümü çatdıra bilməyimin yeganə yolunu bu yazıda gördüyümdən, qərar verdim.
 
 Novruz səfərindən bir müddət əvvəl, yanvarın 31-də Ustadımız Ramiz Abutalıbovun vəfatının bir ili və Rəsulzadənin doğum günü münasibətilə Moskvada keçirilən tədbirdə iştiraka dəvət edilmişdim və tədbirin iştirakçıları olan  diaspora  soydaşlarımız məni şəhərin mərkəzində, çox xudmani və rahat, başlıcası bir həmvətənimizə məxsus  oteldə yerləşdirmişdilər (adətən Səfirliyimizin Qonaq evi, yaxud “Budapeşt” otelində  qalıram). İndiyədək adını belə eşitmədiyim həmin bu həmvətənimiz ayın 31-də məni oteldən götürərək öz maşınında tədbir yerinə –  Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi adlanan nəhəng park-məkanda “Azərbaycan” pavilyonuna aparmalı idi. Namiq Abdullayevlə beləcə tanış olduq. Yol boyu söhbət etdik, Ordubaddan olduğu, ali təhsilini vətəndə aldıqdan sonra Moskvaya köçdüyü və 20 ildən artıq müddətdə burada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu öyrəndim.

Uca qamətli, sağlam, gümrah, özünəməxsus koloritli ləhcəsi, həddən artıq lütfkar davranışı və nəzakətli nitqi ilə diqqətimi çəkən bu soydaşımızın da, sən demə, özünə görə güclü müşahidə qabiliyyəti varmış. Yol boyu mənim nəfəs problemim olduğuna və öskürdüyümə diqqət yetirib səbəbini soruşdu, iki il əvvəl çox ağır keçirdiyim kovid xəstəliyinin fəsadı olaraq fibroz əlamətlərinin qaldığını boynuma alası oldum. Bu haqda dərinə getmək istəmədiyimi görsə də Namiq söhbəti davam etdirdi. Moskvada özünün klinik xəstəxana sistemi olduğunu bildirib mənə mütləq tam müayinə olunmağı təklif etdi.

Təşəkkür edib, ertəsi gün günortaya yaxın artıq  Bakıya qayıtmalı olduğumu, heç cür yubana bilməyəcəyimi desəm də, həmsöhbətim müayinə üçün cəmi bir saat vaxt tələb olunduğunu vurğulayaraq təklifində israr etdi. Səhər tezdən maşın göndərəcəyini, müayinəni və məni vaxtında aeroporta çatdıracaqlarını bildirib “müzakirəni” bağladı. Həqiqətən ertəsi gün erkən maşın gəldi, klinikaya yetişəndə artıq bütün tibbi personalı hazır vəziyyətdə gördük, TAM müayinədən keçdim və... ilkin göstəricilərdən (KT və s.) səhhətimin heç də sevindirici olmadığı, əksinə, kritik həddə yaxınlaşdığı aydınlaşdı. Yəqin ki, vəziyyətin ağırlığını bildirmək üçün heç olmasa bir rəqəm açıqlamalıyam: ağ ciyərin 90 % fibrozla əhatə olunması və bəzi digər fəsadlar. Təcrübəli və çox diqqətli həkimlər bu halda mənim ayaq üstə olduğum, nəfəs aldığım, hələ səfərə çıxdığım və bu qədər danışa bildiyimə heyrət etdilər. Nə isə..., ilkin müalicə yazıldı, (yolda dərmanlar köməkçisi tərəfindən alındı!) və mənə təcili ya Moskvada, ya Bakıda güclü pulmonoloq – ağ ciyər həkiminin nəzarəti altında ən ciddi müalicə almaq tövsiyə olundu. 
   
Təbii ki, səhhətimin xeyli pozulduğunu özüm də görürdüm, tibbə və sağlamlığıma qarşı bir qədər səhlənkar olsam da, “bu kitabı bitirim, bu tədbiri başa vurum, bu işi  görüm” kimi bəhanələrə daha yer qalmadığı aydın idi. 2 gündən sonra  moskvalı yeni dostum və himayəçim Namiq Abdullayev öz klinikasında mənim bütün qalan müalicə göstəricilərim üzrə bir konsilium keçirdi, həmin sənədləri və həkimlərin yekun rəylərini mənə göndərdi. Bakıda dostlar dərhal təcrübəli pulmonoloq həkim tapdılar, Zaur doktor bu sənədlərlə tanış oldu və öz təcrübəsi əlavə olunmaqla çox güclü müalicəyə başladıq. Bütün bu müddət ərzində Namiqin məndən xəbər tutduğunu və daim köməyini təklif etdiyini deməyə yəqin ki, ehtiyac yoxdur. 
   
Bir ay ərzində iki kurs ciddi müalicədən və, nə gizlədim, Bakıda ayrı-ayrı müəssisələrdə keçdiyim müayinə nəticələrinin bir-birindən ciddi fərqlərini görəndən sonra, Novruz tətillərindən faydalanaraq bir daha Moskvaya getməyə, müayinə olunmağa və həm də səfərin verdiyi fürsətdən faydalanıb dostlarla nəzərdə tutduğumuz tədbirlərdə iştirak etməyə qərar verdim. Öz aləmimdə guya bunu həmin vaxt Bakıda olan Namiq Abdullayevə “zəhmət vermədən” etməyi qərarlaşdırmışdım. Amma artıq yola düşdüyümü eşitdikdə  (klinikada gün almaq üçün istər-istəməz ona müraciət etməli oldum) dərhal aeroporta maşın göndərərək onun otelində qalmaq tapşırığı verdi, klinikaya özü Moskvaya qayıtdıqdan sonra getməyi məsləhət bildi və sonrası məlum... 
   
Moskvadakı klinikada 3 saatdan artıq çəkən tam müayinə artıq müsbət nəticələri ilə sevindirdi. Ağ ciyərlər xeyli təmizlənərək fibroz örtüyü  25-30 % -ə enmişdi. Bu bir aylıq müalicə üçün çox yaxşı nəticə idi və Zaur doktora böyük təşəkkür düşür. Təbii ki, bu və digər nəticələr də hələ uzun müddət öz müalicəsini tələb edir ki, əlbəttə ciddi məşğul olmalıyam. Amma bunları yazmaqda məqsədim heç də sizləri öz problemlərimə diqqət etməyə deyil, gözlənilməyən halda həyatıma daxil olmuş və çox ciddi bir məqamda mənə əvəzsiz, həm də israrlı diqqəti və qayğısı ilə müstəsna yaxşılıq etmiş bir insana necə minnətdarlıq etmək yollarını aramağımdır. Etiraf edim ki, Moskvadakı bütün xərclərimi çəkməyə tam imkanım olduğu halda Namiq buna heç bir vəchlə imkan vermədi, necə tapşırmışdısa, nə oteldə, nə klinikada ödəniş etmək cəhdlərim baş tutmadı. Hətta həkimlərin mənə verdiyi sənədlərin bir nüsxəsi ona göndərildiyindən bir də gördüm dərmanları da alıb otelin resepşini vasitəsilə otağıma gətiriblər. 
 
  Buna nə deyəsən... Bütün etirazlarıma: “borcumuzdur, bizim böyük alimimizsiniz, qulluq buyurun” – cavabını verir, söhbəti dəyişirdi. Bakıya qayıtmaq ərəfəsində görüşmək üçün vədələşəndə, birdən “bu gün ad günümdür, gələ bilərsinizsə maşın göndərim, ailəm də çox şad olar” dedi. Getməyə bilərdimmi?!
   
Namiqin Moskva şəhər ətrafındakı gözəl evində gördüyüm mənzərənin oyatdığı xoş ovqat sözlə ifadə ediləsi deyil. Gözəl simalı, gülərüzlü, şirinsözlü xanımı, bir-birindən yaraşıqlı 3 övladı (2 məktəbli – qız və oğlan və sonuncu 6 aylıq oğlan), və sevdikləri qardaş, bacı, əmi  və s... oğlunun 46 yaşını qeyd etməyə yığışmış  böyük bir Ordubad camiəsi. Məlum oldu ki, Namiqin qohum-əqrabasının və yaxın dostlarının bir hissəsi Moskvada yaşayır və orta sahibkarlıqla məşğuldurlar. Məclisdəki qonaqlar, xüsusilə yaşlı və cavan xanımlar, gənclər, uşaqlar arasında Azərbaycanın gözəl adət-ənənələrinin, böyük-kiçik davranışının uzaq bir diyarda, tamamilə yad mühitdə bu qədər dərindən qorunub saxlandığı olduqca xoş təsir bağışlayırdı. Xüsusilə Moskva ali məktəblərində təhsil alan gənclərin və məktəbli uşaqların səlis rus dili qarşısında (özüm onları bu dildə danışdırırdım) öz aralarında və valideynləri ilə təmiz Azərbaycan dilində danışması ayrıca qeyd edilməlidir.


   
Mən Moskvadakı Azərbaycan diasporunun ən müxtəlif zümrələri ilə tanışam. Artıq bir neçə nəsil bu ölkədə yaşayan və Moskva mühitinə tam inteqrasiya olunmuş, özləri və övladları müxtəlif səviyyələrdə biznes, sənaye-təsərrüfat, inzibati orqanlar, elm, təhsil, səhiyyə, mədəniyyət, mətbuat sahələrində çalışan,  əsasən rus dilli, amma Vətənləri ilə də əlaqələrini üzməyən dairələrdən tutmuş Moskvada təhsil alan gənclərimizə qədər. Təbii ki, Moskva mühitində Azərbaycan adını saxlamaq üçün bu müxtəlif təbəqələrin hər birinin öz yeri var. Düşünürəm ki, Namiq Abdullayevin təmsil etdiyi, Moskvaya son 25-30 ildə yığışmış və bu kiçik müddətdə, yad bir iqtisadi-ictimai mühitdə artıq özünün yerini orta biznesdə təsdiq etmiş azərbaycanlılar nəsli bizim diasporumuzun yeni təbəqəsidir. Tamamilə yeni şərtlər və münasibətlər sistemində orta sahibkar qismində fəaliyyət göstərən, Rusiya cəmiyyətinə inteqrasiya olunan, bu fəaliyyəti ilə öz həmvətənləri və yerli sakinlər üçün yüzlərlə iş yeri açan Namiq Abdullayev kimi iş adamları həm də doğulduğu Vətənə, torpağa, adət-ənənəsinə, doğma dilinə bağlılığı ilə, bu Vətənlə daha sıx əlaqələri ilə Rusiyadakı diasporumuz arasında xüsusi yer tutur. Təsadüfi deyil ki, Azərbaycanla bağlı bir çox tədbirlərin təşkilində və xüsusilə maliyyə məsələlərində Namiq Abdullayevin iştirakı həmişə qeyd olunur və bunu yalnız əlaqədar qurum rəhbərləri deyil, sıravi soydaşlarımız, müxtəlif diaspor təşkilatlarının üzvləri də təsdiq edir. Əslində Namiqin bir Azərbaycanlı olaraq Vətən təəssübkeşliyindən əlavə, bir insan kimi xeyirxahlığı, sadəliyi və hədsiz təvazökarlığı haqda soydaşlarımız arasında əfsanələr gəzir, və çox təəssüf ki, onun öz “qadağası” üzündən nəinki bu haqda bir söz yaza, hətta o gözəl məclisindəki şəkilləri belə paylaşa bilmirəm. Amma öz nümunəmdə şahidi olduğum və özünün təşəbbüsündən irəli gələn diqqət və qayğının mənə “bir alim kimi” hörmətinə dair yeganə fakt olmadığını vurğulamağı, Kovid xəstəliyinin Rusiyada və Azərbaycanda tüğyan etdiyi bir vaxtda Namiq Abdullayevin hələ yalnız Azərbaycandan tanıyıb-tanımadığı 30-dan artıq ağır xəstəni öz hesabına Moskvaya gətirdiyi,  otelində saxlayıb klinikasında sağaltdığı, onların heç birinin həyatını dəyişmədiyi kimi hadisələri nəzərə çatdırmağı lazım bilirəm. 
   
Deməyə daha nə qalır ? Namiq Abdullayevə, onun ailəsinə, ətrafındakı dostlarına, həmkarlarına, azərbaycanlıların Rusiyadakı bu yeni, savadlı, işgüzar, xeyirxah, dürüst, və eyni zamanda yüksək Vətən təəssüblü nəslinə  yeni uğurlar arzulayaq. Rusiya Azərbaycan üçün tarixən və indi də mühüm ölkə olaraq qalır. Orada Azərbaycanın güclü dayaq və imkanlarının olması vacib şərtdir. Bu dayaqlar isə soydaşlarımız üzərində qurulur. 
  Namiq Abdullayevə təşəkkür və sonsuz minnətdarlıq hissi ilə.     

Solmaz Rüstəmova-Tohidi   
Xudaferin.eu                     

10:31