Milli Musiqi Günü bəstəkarın ev-muzeyində qeyd edilib

 

Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin ev-muzeyində bəstəkarın anadan olmasının 132-ci ildönümünə və Milli Musiqi Gününə həsr olunmuş “Tarixlərə sığmayan şəxsiyyət” adlı tədbir keçirilib.

Ev-muzeyinin direktoru, əməkdar incəsənət xadimi Sərdar Fərəcov Üzeyir bəyin adı ilə bağlı olan əlamətdar gün münasibətilə musiqi xadimlərini, tədbir iştirakçıları təbrik edib. O, Şərqdə ilk opera, operetta janrının, bənzərsiz musiqi irsinin müəllifi Üzeyir Hacıbəylinin yaradıcılığından söhbət açıb.

Tədbirdə akademik Telman Əliyev, filologiya elmləri doktoru Asif Rüstəmli, əməkdar artist Yaqub Zurufçu, tanınmış şair Yusif Həsənbəy, Ü.Hacıbəylinin ailə yaxını Telman Ağdamski və başqaları bayram münasibətilə musiqisevərləri təbrik edib, festivalın əhəmiyyətindən, bu tədbirin ölkəmizi dünyada həm də musiqi diyarı kimi tanınmasındakı rolundan danışıblar.

Çıxış edənlər, həmçinin dahi bəstəkarın zəngin həyat və yaradıcılığından söhbət açıb, milli Azərbaycan musiqisinin inkişafında Üzeyir Hacıbəyli məktəbinin rolunu xüsusilə vurğulayıblar. Bildiriblər ki, bu gün dünyanın məşhur musiqiçiləri Üzeyir bəyin musiqisini dinləyir, onu tanıyır və qiymətləndirirlər. Tədbir çərçivəsində əməkdar artist Yaqub Zurufçunun Üzeyir Hacıbəyli irsinə həsr etdiyi “Klassik əsərlər” disk-kitabının təqdimatı keçirilib. Yaqub Zurufçu Sərdar Fərəcovun müşayiəti ilə böyük bəstəkarın əsərini ifa edib.
Sonda gənc musiqiçilər dahi bəstəkarın əsərlərindən ibarət kompozisiya təqdim ediblər.

Xudaferin.eu

09:20