Manatın bahalaşmasındakı gizlinlər

 

Rəşad Həsənov: “Bu, investorlarda ABŞ-a və Tramp hakimiyyətinə şübhələri artırıb”

Fuad İbrahimov: “Mövcud prosesi ABB-lə əlaqələndirmək olmaz”

Xəbər verdiyimiz kimi, mayın 16-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə ayın dördüncü valyuta hərracı keçirildi. Keçirilən valyuta hərracında manatın orta çəki məzənnəsi 1,7022 səviyyəsində formalaşıb. Baş tutan valyuta hərracında dollar bir qədər də ucuzlaşdı.İlkin məlumatlara görə Neft Fondunun hərraca çıxardığı vəsaitin hamısı satılmayıb. Hərracda 35 milyon dolların ancaq 71,7 faizi və ya 25 milyon 100 min dolları satılıb. Buna baxmayaraq bu dəfə hərracda dollara böyük tələbat müşahidə edilib.Belə ki, bu dəfə banklardan 20 sifariş daxil olub.Sifarişlərin məbləği 100 min - 1 milyon dollar arasında olub.Banklar dolları 1.7000 -1.7030 manat kursu ilə sifariş ediblər.Onlardan həcminə görə ən böyüyü 12 milyon və 7 milyon dollarlıq sifarişlər olub.Həmin sifarişlər yuxarıdakı məzənnə ilə reallaşdırılıb.

Dollara tələb artdıqca manat niyə bahalaşır?

 

İqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, banklardan 20 sifarişin daxil olması böyük tələb deyil: “Hərraclara bundan artıq vəsaitlər təşviq olunur. Ötən ilin sentyabr ayında bir hərracda 700-800 milyon dollar qədər tələb müşahidə olunmuşdu.Hazırkı tələbatın səviyyəsi aşağıdır.Demək olar ki, maliyyə bazarları kifayət qədər kiçilib.Əsas oyunçu Beynəlxalq Bank Mərkəzi Bank tərəfindən hərracdan kənar dəstək alıb.Bu baxımdan da hərracın nəticələrində manatın möhkəmlənməsi təbii qəbul olunandır”.

İqtisadçı dolların məzənnəsinin düşməsini başqa faktorlarla əlaqələndirib. Rəşad Həsənovun qənaətincə, son iki gündə dünya bazarlarında ABŞ dolları öz mövqeyini ciddi şəkildə itirməkdədir: “Hətta mayın 17-də dolların məzənnəsi son 6 ayın ən aşağı səviyyəsinə enib. Buna səbəb isə Trampın ABŞ-a məxsus məxfi məlumatları Rusiya Xarici İşlər Nazirliyi ilə paylaşması kimi xəbərlərin yayılması oldu. Bu, investorlarda ABŞ-a və eyni zamanda Tramp hakimiyyəti ilə bağlı şübhələri artırır.Beləliklə də son iki gündə demək olar ki, Avro, Yapon Yeni, qızıl, o cümlədən, inkişaf etməkdə olan ölkələrin valyutaları bahalaşmaqdadır.ABŞ dolları kəskin dəyər itirir.Bunun müqabilində Azərbaycanda da oxşar ssenarinin valyuta bazarlarında, manatın məzənnəsində öz təsirini göstərməsi təbii qəbul olunandır”.

İqtisadçı-alim Fuad İbrahimov bildirib ki, dollara tələbin artmasına baxmayaraq hazırda ümumi makroiqtisadi səviyyədə manat həcminin azalması prosesi gedir: “Mərkəzi Bank bundan alət kimi istifadə edir. Bu səbəbdən məzənnəyə təsiretmə gücünə malikdir. Ancaq bu proses institutsional səviyyədə yox, Mərkəzi Bankın təsiredici cəhdləri nəticəsində gedir. Bu o demək deyil ki, manat həqiqətən də institutsional səviyyədə möhkəmlənir.Doğrudur, manatı sabit saxlamaq üçün bu alətdən bir müddət istifadə etmək olar, amma ümumi götürdükdə bu, iqtisadiyyatın kiçildilməsi prosesidir.Yəni, makroiqtisadi səviyyədə götürdükdə orta və iri, o cümlədən, kiçik sahibkarlıq sinfinin inkişafına maneçilik törədə biləcək bir alətdir.Təsir ancaq bununla bağlıdır”.

Dolların məzənnəsinin aşağı olmasının Azərbaycan Beynəlxalq Bank ilə əlaqəsinə gəlincə, iqtisadçı bildirib ki, mövcud prosesi ABB-lə əlaqələndirmək olmaz: “Xarici kreditrorlar qarşısında borcundan imtina edib öz borc payını dövlətə ötürməyin adı texniki defoltdur. Hazırkı vəziyyətdə bunu manatın məzənnəsilə uyğunlaşdırmaq əsassızdır”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

10:05