Madrid Kataloniyanın muxtariyyətini dayandırır

 

İspaniya Nazirlər Şurası oktyabrın 21-də Kataloniyanın özünüidarə səlahiyyətini ləğv etməyə imkan verən Konstitusiyanın 155-ci maddəsini işə salmaq üçün təcili iclas keçirəcək.

Hökumətin bununla bağlı yaydığı bəyanata əsasən, iclasda “ispaniyalıların və Kataloniya sakinlərinin maraqlarını qorumaq və muxtariyyətdə konstitusiya qaydalarını bərpa etmək məqsədilə” məsələnin Senatın müzakirəsinə çıxarmaq üçün tədbirlər görüləcək. Bir müddət əvvəl İspaniya hökuməti Kataloniya liderinə sorğu göndərərək muxtariyyətin müstəqilliyinin elan edilib-edilməməsi məsələsinə aydınlıq gətirməsini tələb edib.

Kataloniyanın lideri Karles Puçdemon buna cavab olaraq, İspaniya hökuməti qarşısında şərt qoyub və Madridin dialoqa razı olmayacağı təqdirdə regionun müstəqilliyi məsələsini parlamentdə səsverməyə çıxarmaqla hədələyib. Həmin məktub Kataloniya hökumətinin “Twitter” səhifəsində dərc olunub. Bu cavab mərkəzi hökuməti qane etməyib.

Xatırladaq ki, oktyabrın 1-də Kataloniyada İspaniya hökumətinin tanımadığı və ölkənin Konstitusiya Məhkəməsi tərəfindən qadağan edilən referendum keçirilib. Bundan sonra Barselona hökuməti müstəqillik bəyannaməsi imzalayıb. Lakin Puçdemon İspaniyanın mərkəzi hökuməti ilə danışıqları yüngülləşdirmək üçün sənədin qüvvəyə minməsini təxirə salıb.

Xudaferin.eu
“Avropa Bürosu”

09:29