Kitabxanada “Vətənə həsrət şair” mövzusunda seminar keçirildi

 

Nizami rayon MKS-in Mərkəzi Kitabxanasında Almaz Yıldırımın anadan olmasının 110 illiyinə həsr edilmiş “Vətənə həsrət şair” mövzusunda seminar-məşğələ keçirilib. Əvvəlcə şairin yaradıcılığına həsr edilmiş “Vətənə həsrət şair” mövzusunda sərgiyə baxış olub.

Tədbirdə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Almaz Yıldırımın keşməkeşli həyat yolundan, onun doğma Azərbaycana olan böyük məhəbbətindən, Vətənin istiqbalına dərin bir ümid bəsləməsindən söhbət açılıb. Çıxış edənlər A.Yıldırımın əsərlərində Vətən həsrətinin ifadə vasitələrinin müxtəlif və rəngarəngliyindən, şeirlərinin hər birində doğma yurdun solmaz obrazını yaratmasından danışıblar. Şairin şeirlərində çəkdiyi iztirabların, böyük həsrətin ifadəsini tapdığı vurğulanıb. Bu gün onun həsrət qaldığı Vətənində adının qürurla çəkildiyi, xatirəsinin uca tutulduğu bildirilib, canından əziz bildiyi xalqının onunla fəxr etdiyi vurğulanıb.

Sonda seminar-məşğələ iştirakçılarına kitabxananın metodika-biblioqrafiya şöbəsinin işçilərinin tərtib etdiyi “Vətənə həsrət şair” adlı metodik və biblioqrafik vəsaitlər paylanıb. Kitabxananın fəal oxucularının ifasında şairin yaradıcılığından seçmələr əsasında “Vətənə həsrət şair” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.

Xudaferin.eu
“Bakı Bürosu”

09:14