İşğalçı qüvvələrin müqaviməti qırılıb

Emin Həsənli: “Ermənistan danışıqlar masasında məğlub  ölkə kimi oturacaq”

Oktyabrın 2-də - Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycanın əks-hücum əməliyyatları ilə başlayan Böyük Vətən Savaşının 6-cı günündə də ordumuzun çox böyük uğurlar əldə etdiyi rəsmi şəkildə açıqlanıb.  Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə bildirib ki, işğal altında olan ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin əsas hərbi infrastrukturu, logistika sistemlərinə çox ciddi zərbələr vurulub.

O qeyd edib ki, 30 il ərzində Ermənistan işğal olunmuş ərazilərimizdə hərbi infrastruktur, istehkam sistemləri qurub. Bu bazaların qısa müddət ərzində sıradan çıxarılması Ermənistan silahlı qüvvələrinin müqavimətinin sıradan çıxarılması deməkdir: “Bu müddət ərzində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum nəticəsində Ermənistan silahlı qüvvələrinin əsas təchizatına dəyən ziyan onların müqavimətini, döyüş qabiliyyətini əsaslı şəkildə zəiflədib. Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatları davam etdirilir. Ermənistan tərəfi raket hücumları həyata keçirməklə beynəlxalq hüquq normalarını pozur. Lakin Azərbaycan Silahlı Qüvvələri tərəfindən onlara adekvat cavab veriləcək”.

Onu da əlavə edək ki, Oktyabrın 2-də ordumuz tərəfindən Gorus-Laçın-Xankəndi yolundakı körpünün partladılması anlarını əks etdirən video da yayılıb. Bu isə artıq düşmən tərəfindən təmas xəttinə hərbi sursatın, texnikanın, canlı qüvvənin gətirildiyi quru yollarının kəsilməsi deməkdir və ordumuzun böyük nailiyyətidir. 

Emin Həsənli: “Azərbaycan tərəfi 40 dəqiqəyə Ohanyan xəttini darmadağın  etdi” - FOTOLAR

Emin Həsənli

Müharibənin 6-cı günündə əldə edilən nəticələri dəyərləndirən hərbi ekspert Emin Həsənli bildirdi ki, vətən müharibəsinin ilk 6 günündə Murov dağı, Talış yüksəkliyi, Madagiz istiqamətində, Füzuli-Cəbrayıl istiqamətində kəndlərin və yüksəkliklərin azad edilməsi böyük üstünlükdür: “Dağlıq Qarabağ adından da göründüyü kimi, dağlıq ərazidir, zirvələr azad olunur, ordumuz möhkəmlənir, Ermənistan ordusuna çox sarsıdıcı zərbələr vurulur. Düşmənin nə qədər texnikası, 200-dən artıq tankı, 228-dən artıq artilleriya qurğuları, 5 komanda məntəqəsi, artıq 3000-i keçən canlı qüvvəsi məhv edilib. Ermənistan bu rəqəmləri açıqlamır. Ən əsası odur ki, müasir hərbi elmin qanunlarına uyğun olaraq planlı-proqramlı, şərait, zaman, hər bir amil nəzərə alınmaqla Azərbaycan  ordusu çox uğurlu hərbi əməliyyatlar keçirir. Əks-hücum əməliyyatları çox uğurludur, Ermənistan ordusu panikadadır, artıq avtomaşınlarını qoyub qaçırlar. Həmin avtomaşınlar əsgər daşımaq üçün idi. Postları bir-bir verməyə məcbur olurlar və geri çəkildikcə, vəziyyət daha da kəskinləşəcək”.

Ekspertin sözlərinə görə, yaxın günlərdə Ermənistanda hərbi böhran, onun arxasınca sosial böhran başlayacaq, onun arxasınca siyasi böhranın şahidi olacağıq: “Bundan sonra Dağlıq Qarabağdan Ermənistana sürətli köç başlayacaq. Ermənilər səfərbərlikdən yayınırlar, bu ölkədə səfərbərlik 55 yaşın üzərindədir. Səfərbərlik də çox bərbad gedir. Azərbaycanda gördük ki, xalq bütünlüklə səfərbər olub, döyüşməyə hazırdır. Bizdə ancaq Müdafiə Nazirliyinin istədiyi xüsusi ixtisaslar üzrə ehtiyac olan hərbçiləri 50 yaşına qədər səfərbər edirlər, Ermənistanda isə yaşından asılı olmayaraq hər kəs məcburi şəkildə gətirilir. Azərbaycanda insanlar toy-bayrama gedən kimi cəbhəyə yola düşürlər, bu psixoloji hazırlığın çox böyük önəmi var. Bu 6 günlük döyüş Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaradıb. Xalqımız bir bayraq ətrafında birləşib, hər kəs qələbəni gözləyir. Yaxın günlərdə vətəndaşlarımız qələbə bayramını qeyd edəcək, bayrağımız Azərbaycanın bütün ərazilərində dalğalanacaq. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini itirmişik, 2020-ci ildə isə Cümhuriyyətin bütün ərazisini bərpa edəcəyik. Bu, Azərbaycan üçün  çox vacibdir”.

Müharibənin dayandırılıb danışıqlar masasına oturulmasına gəlincə, E.Həsənli torpaqlar azad edilmədən bunun mümkün olmadığını bildirdi: “Azərbaycan 2016-cı ildə bunu etdi. O vaxta qədər də Ermənistana böyük şans verdik. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsindən heç birinə əməl etmədilər. 2016-cı ilin aprelində də israrlı xahişlər oldu, Ermənistanı danışıqlara dəvət etdik, ancaq əks reaksiya gördük. Biz onları yaxşı tanıyırıq, daha da yeni torpaq iddiaları irəli sürdülər. İndi Azərbaycanın bircə şərti var, torpaqlardan çıxsınlar, bütün torpaqlarımız azad olunsun, silahlı qüvvələr getsin, ondan sonra danışıqlar gedə bilər. İndiki halda hansı danışıqlardan söhbət gedir. Ən pis variant belə odur ki, Ermənistanın bütün hərbi gücünü məhv edib sonra müharibəni dayandıraq. Ermənistan danışıqlar masasında məğlub bir ölkə kimi oturacaq. Azərbaycan ordusu buna nail olacaq. İndiki halda danışıqların gündəmə gəlməsi tezdir. BMT və ATƏT-in həmsədrləri bizə minnətdar olmalıdır ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini Azərbaycan yerinə yetirir. Hal-hazırda Azərbaycan həmin qətnamələrin icrası ilə məşğuldur. Yeganə yol odur ki, Ermənistan dövləti, parlamenti Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsin və qoşunlarını çəksin. Burada silah-sursatını qoyub getsin. Yeganə yol budur və alternaativ yol yoxdur. 27 ildən çoxdur ki, alternativ yollar hər variant üzrə müzakirə olunub, indi bircə yol var  torpaqların azad edilməsi”.

xudaferin.eu

10:17