İran mollakratiya rejimi “pəhləvilər dönəmi”nə qayıdır

 

Farsca “qəliz ləhcələri olanlar” və “sonsuz qadınlar” müəllimliyə alınmayacaq

 

Tehran mollakratiya rejiminin Təlim və Tərbiyə Nazirliyi bundan sonra müəyyən şərtlərə uyğun olmayan vətəndaşları müəllimlik işinə qəbul etməyəcək. Yeni nizamlamaya görə, “fars dilində qəliz ləhcələri olanlar” ibtidai məktəb müəllimi, sonsuz qadınlar ümumiyyətlə müəllim ola bilməyəcəklər. Nazirliyin müəyyən xəstəlikləri olan vətəndaşların müəllimlik vəzifəsi üçün müraciətinin rədd ediləcəyini açıqlayıb. Nazirliyin açıqladığı “xəstəliklər siyahısını” yarı-rəsmi “fars xəbər agentliyi” dərc edib.

Ç, G, J və Q kimi fars hərflərinin tələffüzünə mane olan və dəyişilməsi mümkün olmayan qəliz ləhcələri olanların ibtidai məktəb müəllimi habelə fars dil və ədəbiyyatı müəllimi olması yasaqdır. Boyun hündürlüyü, dişlərin sayı, eşitmə və görmə qabiliyyəti, qan təzyiqi və ürək xəstəliklərindən tutmuş qadın xəstəlikləri və ləhcə problemlərinə qədər bir çox halların diqqətə alındığı siyahıda müəllimlik vəzifəsi tələb edən minimum şərtlər və meyarlara yer verilib. “Qadın xəstəlikləri” qismində sonsuzluq, “erkən və ya gecikmiş yetkinlik” və “uterus xəstəlikləri” kimi problemlər yaşayanların müəllimliyə alınmayacağı qeyd edilib. Danışma problemi yaşayan ya farscada ləhcələri olan vətəndaşların isə ibtidai məktəblər və fars dili və ədəbiyyatı dərsləri qismində müəllim ola bilməyəckləri bildirilib.

“Ç, G, J və Q kimi fars hərflərinin tələffüzünə mane olan və dəyişilməsi mümkün olmayan qəliz ləhcələri olanların ibtidai məktəb müəllimi, habelə fars dil və ədəbiyyatı müəllimi olması yasaqdır,” deyə Təlim və Tərbiyə Nazirliyinin yeni nizamlamasında dərc edilib. Belə ki ölkədəki müxtəlif toplumlar arasında siyahıda qeyd edilən hərfləri farslardan fərqli tələffüz edənlər əsasən türklərdən və ərəblərdən ibarətdir.

Qeyd edək ki, mollakratiya rejimi farslaşdırılma siyasətinin yeni düsturlarını tətbiq etməklə öz hegemonluğunu daha da artırmaq taktikasını rəsmiləşdirməyə çalışır. Belə bir proses ilk dəfə Rza Pəhləvi diktatorluöunun yaranması dönəmində baş veribdir. Bütün toplumları farslaşdırmaq və iranlılaşdırmaq modeli ilə pəhləvilər sülaləsi düz 54 il iqtidarda oldular.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

14:06