"Günlərdən ŞEİR" adlı layihənin növbəti qonağı Təbriz şairləri olub

 

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da "Günlərdən ŞEİR" adlı layihənin növbəti iştirakçıları ilə görüş keçirilib. Layihənin budəfəki qonaqları Təbriz şairləri - Fəranək Fərid, Sima Ciddi, Mina Zeynali, Zəhra Təhmasibzadə olub.

Layihə İLESAM - Azərbaycan, Milli Kitabxana və AYB Müşfiq Komissiyasının birgə təşkilatçılığı ilə həyata keçirilir. Tədbirdə kitabxananın direktoru, professor Kərim Tahirov və AYB-in mətbuat katibi, şair Xəyal Rza çıxış edərək Təbrizdən gələn şairlər haqda qısa məlumat verib, bu günlərdə keçirilən bütün mədəni tədbirlərdə onların da iştirak etdiyini vurğulayıblar.

“The first” mükafatına layiq görülmüş “İpək” təxəllüsü ilə şeirlər yazan Fəranək Fərid ədəbiyyat nümayəndələrinə minnətdarlığını bildirib, şeirlərindən nümunələr səsləndirib. Sonra Səid Muğanlı, Səhər Bərani, Alma Muğanlı şeirlərini oxuyublar. Bədii qiraət ustası Zəhra Təhmasib Müjgan xanım və Mərziyə Əhmədinin yaradıcılığına məxsus şeirləri səsləndirib. Sonda Kərim Tahirov bu günlərdə Təbrizdə səfirlik tərəfindən yaradılacaq Azərbaycan Evinə ədəbiyyatımıza dair 180 nüsxə kitab göndərildiyini və bu yaxında baş tutacaq Təbriz Kitab Sərgisində də kitabxananın iştirak edəcəyini deyib, bir daha qonaqlara təşəkkürünü bildirib.

Xudaferin.eu
“Bakı Bürosu”

09:36