Gənc fəal Qiyas İbrahimin kassasiya şikayəti rədd edilib

 

Amnesty International təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu “vicdan məhbusu” elan edib. Martın 14-də Ali Məhkəmə həbsdəki gənc fəal Qiyas İbrahimovun kassasiya şikayətinə baxıb. Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İmran Hacıqayıbovun sədrlik etdiyi məhkəmə heyəti şikayəti rədd edib.

Qiyas İbrahimov digər gənc fəal Bayram Məmmədovla birgə Bakı Ağır Cinayətlər Məhkəməsinin onları 10 il azadlıqdan məhrum edən hökmündən apellyasiya şikayəti vermişdilər. Həmin şikayət üzrə Bakı Apellyasiya Məhkəməsinin verdiyi ilkin qərardan Ali Məhkəməyə müraciət edilib.
Ali Məhkəmədəki çıxışında gənclərin vəkili Elçin Sadıqov ilkin baxış iclasının qərarının qanunsuz olduğunu bildirib. Vəkil qeyd edib ki, birinci məhkəmə instansiyasında icraat qanunsuz aparılmışdı, gərəkli məhkəmə istintaqı təmin edilməmişdi. Bakı Apellyasiya Məhkəməsi isə ilkin baxış iclası zamanı müdafiə tərəfinin ədalətli hökm verilməsindən ötrü vacib olan vəsatətlərini təmin etməyib.
NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov bu il mayın 10-da Heydər Əliyevin abidəsinin üzərində siyasi şüarlar yazdıqdan sonra həbs olunublar. Ancaq onları qanunsuz narkotik maddə dövriyyəsində ittiham edərək hər birini 10 il azadlıqdan məhrum ediblər.

Amnesty International təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu “vicdan məhbusu” elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik maddə ittihamı saxtalaşdırılıb. Amma hakimiyyət təmsilçiləri onların “siyasi məhbus” olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.

Amerikaninsesi.org

10:14