Frankfurtda Güney Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi anıldı

 

Almaniyanın Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycanın milli pavilyonunda Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir ölkəmizin Almaniyadakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsini icra edən Aslan Cəfərov tədbirdə Azərbaycandakı alman məskənlərinin yaradılmasının tarixindən bəhs edib, tolerant mühitdə iki xalq arasında formalaşan mədəni əlaqələri diqqətə çatdırıb. Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov multikultural dəyərlərin qorunması və təbliği baxımından bu tədbirlərin önəmindən söz açıb, multikulturalizmin çoxmillətli dövlətlərdə yaşadılmasının əhəmiyyətindən danışıb. Kərim Tahirov qonaqlara qeyd edilən sərəncamla bağlı cari ildə çap olunmuş kitablar barədə də məlumat verib. Direktor Milli Kitabxananın fondunda olan arxiv materialları əsasında Almaniyada belə kitabların nəşri ilə bağlı layihələrin gerçəkləşdirilməsinin vacib olduğunu bildirib.

Sonra “Şprenflingen Gensingen” İcmalar Birliyinin rəhbəri Manfred Şerer, Avropa Əməkdaşlıq Forumunun sədri, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Samira Patzer İsmailova, Mayns-Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür, Almaniya əyalət parlamentinin sabiq üzvü Rahim Şmidt Azərbaycan ilə Almaniya xalqlarının mədəni bağları, dostluq əlaqələri barədə məlumat veriblər. Çoxsaylı ziyarətçilərin qatıldığı tədbirin sonunda qonaqlara “İRS” jurnalının Güney Qafqazda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş nömrəsi hədiyyə edilib.

Xudaferin.eu
Almaniya, “Frankfurt Bürosu”

09:49