Firəngiz Əlizadənin əsərləri Jiverni festivalında səsləndirilib

 

Fransanın Normandiya departamentində keçirilən Jiverni kamera musiqisi festivalında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin əsərləri səsləndirilib.

Jiverninin İmpressionistlər Muzeyi və Vernon Meriyasında təşkil olunan konsertlərdə Azərbaycanın klassik musiqi əsərləri, eləcə də Şərq bəstəkarlarının və Şərq musiqisindən ilham almış Qərb bəstəkarlarının əsərləri də təqdim olunub. Festivalın direktoru Mişel Stros tədbirdə çıxış edərək Firəngiz Əlizadənin bəstələrini dünya klassik və avanqard əsərlərinin təması əsasında yaratdığını vurğulayaraq, onun və digər görkəmli musiqiçilərimizin simasında Azərbaycan musiqisinin dünyanın musiqi sənətinə və elminə böyük töhfələr verdiyini qeyd edib. 1998-ci ildən etibarən hər il keçirilən festival bu il Firəngiz Əlizadənin muğamsayağı əsəri ilə açılıb. “İpək yolu” mövzusuna həsr edilmiş festivalda tarixi yolun üzərində yerləşən ölkələrdə təkamülə töhfə vermiş elm və biliyin əsrlərboyu necə cərəyan etdiyini azərbaycanlı musiqiçi həzin notlarının gücü ilə canlandırıb.

Azərbaycanlı bəstəkarın əsərlərini və digər dünya şöhrətli musiqiləri görkəmli pianoçu Jan-Klod Vanden (Belçika), məşhur skripkaçılar Mişel Stros (Fransa), Nikita Boriso-Qlebski (Rusiya), əfsanəvi səsə malik Şaron Koste (Fransa-Kanada mənşəli) ifa ediblər. Firəngiz Əlizadənin əsərləri dünyanın bir çox ölkələrində səsləndirilib və böyük maraqla qarşılanıb. Bu ilin əvvəlində bəstəkarın “Amsterdam Royal Concertgebouw”un böyük salonunda təqdim olunan “Nasimi Passion” əsəri də musiqisevərlər tərəfindən coşqulu alqışlarla qarşılanıb. Parisdə UNESCO-nun baş qərargahında Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə ölkəmizin UNESCO-ya üzv olmasının 25 illik yubileyinin qeyd edilməsi çərçivəsində böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü tədbirində də “Nassimi Passion” əsəri səsləndirilib və maraqla qarşılanıb.

Xudaferin.eu
“Avropa Bürosu”

15:35