Ekspert Təhsil Nazirliyinin məlumatlarında UYĞUNSUZLUQ aşkarladı

Cənub bölgəsində pedaqoji işçilər arasında keçirilən diaqnostik qiymətləndirmədə 0 (sıfır) nəticə göstərən 300 müəllim haqqında yayılan xəbərlər gündəmi zəbt edib. Təhsil Nazirliyi məsələyə aydınlıq gətirərək cənub bölgəsində diaqnostik qiymətləndirmədən keçən müəllimlər arasında 0 (sıfır) nəticə göstərən müəllimin olmadığını iddia edib. Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov qeyd olunan faktla bağlı Təhsil Nazirliyinin məlumatlarında uyğunsuzluq olduğunu üzə çıxarıb. Ekspert deyib ki, nazirliyin məlumatında Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı rayonlarının 7163 müəllimin iştirakı qeyd edilib: “Halbuki, Təhsil Nazirliyinin təqdim etdiyi rəsmi saytındakı məlumatlar bununla üs-üstə düşmür. Böyük rəqəm ziddiyyəti var. Özlərinin təqdim etdiyi məlumatda uyğunsuzluq olduğu halda mənim tərəfimdən təqdim olunan məlumatın həqiqətə uyğun olmadığını yazırlar. Nazirlik əməkdaşının qeyd etdiyi linkdə Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı rayonlarının 7163 müəllimin yox, 7500-dən çox müəllimin iştirak etməsi göstərilib. Mənim əldə etdiyim məlumatda isə diaqnostik imtahanda burdan 7426 müəllimin iştirak etməsi göstərilib. Tədqim etdiyim rəqəmlər Təhsil Nazirliyinin təqdim etdiyi rəqəmlərə daha yaxındır. Bundan əlavə, 7163 müəllimdən 1152 nəfərinin 80 %-dən yuxarı nəticə qazanması qeyd edilir. Bəs yerdə qalan 6011 müəllimin nəticəsi necədir? Müqayisə edək: 2014-cü ildə Bakı şəhərində keçirilmiş imtahanla (Təhsil Nazirliyi, Hesabat 2015 jurnalı, səh 18, diaqram 1 və diaqram2) , Bakı şəhərində 28.758 nəfər iştirak etmişdi ki, onlardan 18,2 faizi əla (80 fazidən çox), 57,6 faizi yaxşı (10-80 faiz arası), 24,2 faizi 10-fazidən aşağı nəticə göstərmişdi. Bu da biliyin qiymətləndirilməsi qaydalarına görə 2 və ya 0 bal hesab olunur”.

Ekspert vurğulayıb ki, ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydalarının 5.3-cü maddəsinə görə diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllim hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil olunur: “Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qiymətləndirmə meyarlarına görə 0-10 bal toplayan neçə alır? Əlbəttə ki, 2. Bu 0 bal deməkdir. Qiymətləndirmənin əsasları ilə baxsaq, əlbətdə ki, bu nəticə ortaya çıxacaq. Biz şagird qiymətləndirməsi ilə müqayisə etsək görərik ki, şagirdlər müəllimlərindən çox bilir. Özünün 10 fazilik savadı olmayan müəllim, şagirdə necə bilik verə bilər? Təki bizim müəllimlərin biliyi, savadı, peşəkarlığı həmişə yüksək olsun. Təhsilin inkişafını mənim qədər çətin ki, istəyən olsun. Əlbəttə ki, təmənnasız olaraq bunun üçün əlimdən gələni etmişəm, edirəm və edəcəyəm. Kimlərsə təssüflər olsun ki, Papadan artıq katolik olmaq istəyir”.  
Qeyd edək ki, ötən gün mətbuatda cənub bölgəsində keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri ilə bağlı məlumat yayılıb.  Məlumatda bildirlir ki, müəllimlərin imtahanında 7426 nəfər iştirak edib. İmtahanda iştirak edən 2764 ibtidai sinif müəllimindən 269-u, 704 riyaziyyat müəllimindən isə 33 nəfəri tədris etdiyi fəndən – öz ixtisasından 0 (sıfır) qiymət alıb.

Alçina Amilqızı
Cebhe.info

08:22