Daşkənddə “Arşın mal alan”nın özbəkcə yeni quruluşda ilk tamaşası olub

 

Daşkənddəki Mukimi adına Özbəkistan Dövlət Musiqili Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının özbək dilində yeni quruluşda ilk tamaşası olub.

Tamaşanın nümayişində səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.

Tamaşaya teatrın rejissoru, əməkdar incəsənət xadimi Əhəd Farmanov quruluş verib. Əsas rolları Aman Yuldaşev, Dilarəm Abdualimova, Nargiza Şahobova, Musallam Dadajonova, Baxram Baltoev, Marifat Artikova və başqaları ifa ediblər.

“Arşın mal alan” ilk dəfə Özbəkistanda 1919-cu ildə Daşkənddəki “Kolizey” teatrında tamaşaya qoyulub. Elə həmin il Bakıdan gələn rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan azərbaycanlılardan ibarət teatr truppası yaradıb və əsər bu qədim şəhərdə səhnələşdirilib. Əsər 1921-ci ildə Buxarada tamaşaya qoyulub. 1922-ci ildə Daşkəndin “Raxat bağçası” teatrında Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycandan gələn aktyorlar bu əsərə səhnə həyatı veriblər. Sonrakı illərdə “Arşın mal alan” dəfələrlə Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm, Səmərqənd şəhərlərində tamaşaçılara təqdim edilib.

Üzeyir Hacıbəylinin bu ölməz əsəri 100 ildən artıqdır ki, Orta Asiyada ən məşhur tamaşa kimi səhnədən düşmür, teatrlar zaman-zaman bu əsərə müraciət edirlər. Bir neçə il əvvəl isə Daşkənddəki Operetta Teatrı “Arşın mal alan”ı rus dilində tamaşaya hazırlayıb. Bu əsər 76 ölkənin 187 teatrında səhnələşdirilib. 1945-ci ildə çəkilən “Arşın mal alan” filmi isə 136 ölkədə nümayiş etdirilib.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

09:30