“Bəxtiyar”ın Ağabalası yad olunacaq

 

Oktyabrın 27-də Dövlət Teatr Muzeyində görkəmli teatr və kino aktyoru, Xalq artisti Ağasadıq Gəraybəylinin anadan olmasının 120 illiyinə həsr edilən tədbir keçiriləcək.

Tədbir Azərbaycan Kinematoqrafçılar İttifaqı, Dövlət Teatr Muzeyi və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşəcək. Dövlət Film Fondundan bildirilib ki, tədbir çərçivəsində əvvəlcə unudulmaz sənətkarın həyat və yaradıcılığına həsr olunan fotosərgi açılacaq. Tədbirdə A.Gəraybəylinin milli kinomuzun və teatrımızın inkişafındakı xidmətləri vurğulanacaq, tanınmış sənət adamları onunla bağlı xatirələrini bölüşəcəklər.

1897-ci ildə Şamaxıda bəy ailəsində dünyaya gələn sənətkar səhnədə və ekranda 100-dən artıq obraz yaradıb. 1933-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan Ağasadıq Gəraybəyli “Müfəttiş”, “Nişanlı qız”, “Əliqulu evlənir”, “Ölülər”, “Aydın”, “Yurdsuz insanlar”, “Od gəlini”, “Fərhad və Şirin”, “Ovod” və digər səhnə əsərlərində bir-birindən fərqli rollarda çıxış edib. İlk dəfə filmə 1924-cü ildə çəkilən A.Gəraybəyli “Qız qalası”nda həkim obrazını mükəmməl tərzdə oynayıb. O, həmçinin “Hacı Qara” filmində Əsgər bəy, “Dəcəl dəstə” uşaq filmində ata, “Fətəli xan” tarixi –bioqrafik filmində İran sərdarı rollarını ifa edib. Aktyorun “Bəxtiyar” filmindəki Ağabala obrazı onun kino yaradıcılığında xüsusi yer tutur. “O olmasın, bu olsun” kinokomediyasındakı Rüstəm bəy surəti aktyorun teatr və kinoda yaratdığı ən müvəffəqiyyətli işlərindən hesab edilir. A.Gəraybəyli “Qızmar günəş altında” filmində Sərdarov, “Leyli və Məcnun”da İbn Xalid, “Yaşamaq gözəldir, qardaşım”da Dayı, “Poçt qutusu”nda Bəy, “Uzlduzlar sönmür”də Jandarm, “Bizim küçənin oğlanları”nda Rüstəm kişi, “Mən mahnı qoşuram” və “Musiqi müəllimi” filmlərində epizodik rollarda çıxış edib.

İstər teatrda, istərsə də kinoda bu böyük sənətkarın yaratdığı yüzlərlə surət, onun tükənməz zəhmətinin, gərgin əməyinin gözəl bəhrəsidir.

Xudaferin.az

"Bakı Bürosu"

 

09:15