Baş bankirdən utancverici müqayisə

Məhəmməd Talıblı: «Elman Rüstəmovun müqayisəsi onu deməyə əsas verir ki, indiyə qədər yürüdülən iqtisadi siyasət iflasa uğrayıb və hər şey yenidən qurulmalıdır»

“Uzun illər hakimiyyətdə olan biri kimi demək istəyirəm ki, 2017-ci ilin büdcə və vergi siyasətinə baxdıqda həqiqətən də vəziyyətin gələn ilin mürəkkəb olacağını deyə bilərik. Amma bu o demək deyil ki, vəziyyət çox pisdir. Azərbaycan 90-cı illərdə bundan da pis durumlarda yaşayıb”.
Bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov 2017-ci il dövlət büdcə layihəsinin Milli Məclisin komitələrində müzakirəsi zamanı deyib. Elman Rüstəmov söyləyib ki, deputat Zahid Orucun tutduğu irad və etdiyi tənqid yerindədir: “Bu gün formalaşmış büdcəyə böyük əmək qoyulub. Maliyyə Nazirliyinin böyük zəhməti var. Zahid Orucla razılaşıram ki, bizim kommunikasiya siyasəti effektli deyil”.
Elman Rüstəmovun açıqlaması kifayət qədər maraq doğurur. Baş bankirin 130 milyarddan çox neft pulu daxil olan iqtisadiyyatla 90-cı illərin iqtisadiyyatını müqayisə etməsi nə dərəcədə doğrudur.
İqtisadçı Məhəmməd Talıblı bildirdi ki, müqayisənin qüsurlu olduğunu bir neçə məqam göstərir. M.Talıblı vurğuladı ki, 90-cı ildə Azərbaycan iqtisadiyyatı təcrid olunmuş vəziyyətdəydi: “Təcrid olunmuş iqtisadiyyat isə bütün əlaqələri yenidən bərpa etməliydi. Həm də iqtisadiyyatı yenidən qurmaq lazım idi. Həmin dövrdə yaşanan tənənzül onunla bağlı idi ki, biz bir sistemdən başqa bir sistemə keçirdik. Amma indiki vəziyyət ona görə həmin dövrlə müqayisə olunur ki, Azərbaycan sanki iqtisadiyyatı neftsiz yenidən  qurmaq vəzifəsiylə üz-üzə qalıb. Bu baxımdan müqayisə aparıla bilər. Amma nəzərə almaq lazımdır ki, hazırkı dönəmdə 130 milyard neft pulu gəlmiş iqtisadiyyat yenidən bu pulları əldə etmək haqqında düşünür. Bu onu deməyə əsas verir ki, indiyə qədər yürüdülən iqtisadi siyasət iflasa uğrayıb. Hər şeyi yenidən qurmaq məcburiyyətində qalmışıq».
M.Talıblının sözlərinə görə, müqayisənin qüsurlu olması göz önündədir. Ölkə iqtisadiyyatını bu vəziyyətə gətirməyin milli  məsələ olduğunu deyən M.Talıblı vurğuladı ki, günü-gündən ağırlaşan sosial-iqtisadi durum, manatın dəyərdən düşməsi iqtisadi durumu ağırlaşdırır: «SSRİ sistemindən ayrılmış iqtisadiyyatımızda hiper inflyasiya hökm sürürdü. Hazırda da biz iqtisadiyatı yenidən qurmaq üçün istehsal templərini yüksəltməli, ölkənin idxaldan aslılığını azaldılmalı, iqtisadi artıma nail olmaq lazımdır. Bütün bunlar onu deməyə əsas verir ki, iqtisadiyyatın qızıl dövrünü arxada qoymuşuq və bundan sonra yaşayacaqlarımız qızıl dövrün böhranıdır».

Xəyal
(Azadlıq.info)

16:00