“Balet, ömrüm mənim” filminin təqdimatı olacaq

8 dekabr 2016-cı il tarixində Nizami Kino Mərkəzində “Balet, ömrüm mənim” sənədli filmin təqdimatı keçiriləcək. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Dublyaj” studiyasında çəkilmişdir. Azərbaycanın görkəmli balet ustaları, xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun yaradıcılığına həsr olunmuş filmin leytmotivini həyatda və yaradıcılıqdakı məhəbbət mövzusu təşkil edir. Seçdikləri peşədə onilliklər boyu birgə yaşayıb fəaliyyət göstərmiş, qoşa qarımış film qəhrəmanları milli balet məktəbinin müxtəlif inkişaf mərhələlərinin iştirakçısı və şahidi olmuşlar.

Parlaq yaradıcılıq uğurları, nailiyyətlər, maraqlı görüşlər və tanışlıqlarla dolu iki uzun ömür yolu filmdə öz əksini tapmışdır. Ekrandakı hadisələr kinoxronika kadrları ilə canlandırılır, müxtəlif illərdə filmin qəhrəmanları ilə yaradıcılıq münasibətlərində olan Azərbaycanın və Rusiyanın görkəmli sənət ustalarının xatirələrində şərh olunur. Xatirələrini bölüşənlər arasında xalq artistləri Yuriy Qriqoroviç Vladimir Vasilyev, Mixail Lavrovski, Vyaçeslav Qordeyev, Rusiyanın əməkdar artisti, Yaroslav Sex, Azərbaycanın və Rusiyanın əməkdar artisti, baletmeyster Vitaliy Axunov, balet tənqidçisi Aleksandr Maksov, “Balet” jurnalının baş redaktoru Valeriya Uralskaya və s. vardır. Eyni zamanda, filmin qəhrəmanları ilə uzun illik yaradıcılıq əməkdaşlığı və dostluq telləri ilə bağlı olan SSRİ Xalq rəssamı Tahir Salahov, opera müğənnisi xalq artisti Fidan Qasımova, xalq yazıçısı Anar, xalq artisti , dirijor Rauf Abdullayev, əməkdar incəsənət xadimi Fərəc Qarayev filmdə Rəfiqə Axundova və Maqsud Məmmədovun həyatından ən yaddaqalan hadisələrdən söhbət açırlar.
Film rejissoru Gülər Tokgöz, ssenari müəllifi Rəhilə Abbasova, operatoru Emin Hüseynov, montaj rejissoru Etibar Həsənov, prodüserləri Qafar Məcidov və Aysel Rəcəblidir. Müəlliflər filmin qəhrəmanlarının sənət zirvələrini fəth etmələrini dəqiq ölçülmüş xronoloji ardıcıllıq baxımından araşdırmayaraq, qarşılarına daha maraqlı məqsəd qoymuşlar. Filmdə yaradıcılıq prinsipləri, üslub özəllikləri, balet ənənəsinə və yeniliyə münasibətlərini Rəfiqə Axundova və Maqsud Məmmədovun öz dillərindən eşitmək olur. Onların həyat amalı filin son kadrlarında səslənir:   “Biz yolumuza davam edirik – artıq görə bildiyimiz işlərə nəzər salıb, hələ nələr edə biləcəyimizi düşünərək...” 8 dekabr saat 18:00-da Nizami Kino Mərkəzinin Mətbuat zalında filmin yaradıcı heyəti, eləcə də çəkilişlərdə iştirak etmiş xalq artist Vladimir Vasilyevin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Xudaferin.eu

14:06