Bakıda sakinlər palçıq içində yaşayır

Paytaxt Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində “Yeni Tinglik”  adlanan ərazidə yollar bərbad vəziyyətə salınıb. Qəsəbə sakini Zaur Adili dəfələrlə bələdiyyə sədri Heyran Kərimovanın qəbulunda olduğunu, lakin bu problemə heç bir əncam çəkmədiklərini deyib: “Heyran xanım deyir ki, get, kimə istəyirsən şiakyət elə. Dəfələrlə əraziyə öz hesabımıza torpaq tökmüşük. Qocalar, uşaqlar gedib-gələ bilmir. Hər gün işə, məktəbə gedənimiz var. Niyə biz yazıqları düşünən yoxdur? O, onun üstünə atır, bu da bunun. Oyun oynayırlar. Gör neçə ildir bizim yollar bu vəziyyətdədir”.

Məsələ ilə əlaqədar Kürdəxanı bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyədən bildirilib ki, onların hesabında heç bir vəsait yoxdur, sakinlərdən pul yığa bilmirlər. H.Kərimovanın köməkçisinin sözlərinə görə, qəsəbədə yolların vəziyyətinə görə onlar məsuliyyət daşımır. Qəsəbə bələdiyyəsi, o cümlədən də rayon icra hakimiyyətindən bildirilib ki, bir neçə il öncə yeni su xəttinin çəkilməsi üçün ərazi koreyalı mühəndislər tərəfindən qazılıb. Aidiyyatı qurumlar “Azəravtoyolservis” və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin bu işdə məsul olduğunu söyləyib. “Azəravtoyolservis”lə əlaqə saxladıqda bəlli olub ki, adıçəkilən ərazi qurumun sərəncamında deyil.
“Azərsu”nun mətbuat katibi Anar Cəbrayıllı isə bildirib ki, “Kürdəxanı qəsəbəsinin su təchizat sistemlərinin yenidən qurulması Koreya Beynəlxalq Əməkdaşlıq Agentinin ayrıdığı qrant hesabına həyata keçirilib: “Azərsu” sadəcə olaraq podratçı şirkətin gördüyü bu işin gedişinə nəzarət edib, biz burda işləməmişik. Ərazidə işlər yekunlaşıb, sistemlər istismara təhvil verilib. Dövlət Komitəsi tərəfindən gördüyümüz işlər təsdiqlənib. İşlərimizi yekunlaşdıraraq ərazini öncəki vəziyyətinə gətirmişik. Hansı ərazidə asvalt olub, hansı ərazidə torpaq olub, o qatı bərpa etmişik. Tinglik ərazisində də torpaq olub, bu səbəbdən ora torpaq tökmüşük, asvalt çəkməmişik. Bu gün insanlar yağış yağanda ərazinin palçıq olmasından şikayətlənirsə, bunun bizə aidiyyatı yoxdur. Yerli icra nümayəndəliyi və bələdiyyə müraciət etmək lazımdır”.

Cebhe.info

15:51