Bakıda caz havası davam edir

 

Bakı Beynəlxalq Caz Festivalı rəngarəng musiqi axşamları, məşhur ifaçıların konsertləri ilə sənətsevərlərin görüşünə gəlməyə davam edir.

Tədbiri açan Fransanın səfiri Orelia Buşez festivalın yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, bu cür tədbirlər ölkələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət edir. Rişar Qalyanonun yaradıcılığından danışan fransalı diplomat qeyd edib ki, akkordeonçunu vətənində caz sənətinin nəhəngi adlandırırlar. O, akkordeonun bütün növlərində məharətlə ifa edir.

Sonra akkordeonçu Rişar Qalyano populyar kompozisiyalar səsləndirib. Konsertdə, həmçinin Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə “Baku Simfonietta” orkestri çıxış edib. Dünya şöhrətli akkordeon ifaçısı, bəstəkar Rişar Qalyano jurnalistlərə açıqlamasında Bakıdan xoş təəssüratla ayrılacağını deyib. Müxtəlif ölkələrin milli musiqilərinə qulaq asdığını diqqətə çatdıran ifaçı Azərbaycan muğamını dinləmək istədiyini bildirib. O, Bakıdakı konsertinin caz pərəstişkarlarının yaddaşında hələ uzun müddət qalacağına inamını ifadə edib.

Festivalın daha bir konsertində Türkiyənin “Önder Focan ve Şalliel Bros” caz qrupu çıxış edib. “Şur” musiqi klubunda keçirilən konsertdə qrup klassik və müasir caz sənətinin imkanlarını mükəmməl nümayiş etdirib. Pop və klassik musiqinin müxtəlif janrlarının sintezi təsiri bağışlayan kompozisiyalar tamaşaçıların ürəyincə olub. Festivalın daha bir qonaq heyəti - İsveçrənin “Mats Up” qrupu “Rotunda” caz klubunda çıxış edib. Oktyabrın 27-də isə İsveçin “Bobo Stenson trio”su bu məkanda caz həvəskarlarının qarşısına çıxacaq.

“Euronews” telekanalında Bakı Beynəlxalq Caz Festivalı haqqında süjet yayımlanıb. Telekanalın əməkdaşı Volfanq Şpindler builki festivalın proqramının möhtəşəm olduğunu vurğulayır. Reportajda festivalın direktorlarının müsahibəsi də yer alıb. Qeyd olunur ki, festivalda fank-cazdan etno-cazadək caz musiqisinin müxtəlif növləri təqdim olunur. Oktyabrın 28-dək davam edəcək festivalda Almaniya, ABŞ, İsveçrə, İsveç, Niderland, İsrail, Türkiyə, Norveç, Kolumbiya, Qvineya, Meksika, Polşa, habelə Azərbaycanın caz kollektivləri iştirak edir.

Xudaferin.eu
“Bakı Bürosu”

09:30