Bağımsızlıq çağı ədəbiyyatı və ədəbiyyatşünaslığı

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu dövlət bağımsızlığının 25 illiyinə həsr edilən “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyinin təqdimatı olub.  Ədəbiyyat İnstitutu ilə Milli Kitabxana arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Sənədi institutun direktoru İsa Həbibbəyli və Milli Kitabxananın direktoru Kərim Tahirov imzalayıblar. K.Tahirov İ.Həbibbəylinin rəhbərliyi ilə iki cilddə hazırlanmış kitabla ilgili çıxış edib və müqavilənin hər iki qurum arasında Azərbaycan elminin, ədəbiyyatının inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev müstəqillik dövrü ədəbiyyatının müxtəlif problemlərindən, müstəqilliyimizin 25 ilində ədəbiyyat sahəsində əldə olunan uğurlardan söz açıb. V.Əliyev nəşrin gənclərin və gələcək nəsillərin müstəqillik dövrü Azərbaycan ədəbiyyatını öyrənmələrinə mühüm töhfə olacağını söyləyib. İ.Həbibbəyli bildirib ki, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı Ədəbiyyat İnstitutunun ədəbi-mədəni ictimaiyyətə hədiyyəsi və müstəqil dövlətçiliyimizin 25 illiyinə elmi hesabatıdır. 15 fəsildən ibarət ikicildlik AMEA-da son illərdə başlanılan və ardıcıl davam etdirilən islahatların nəticəsidir.
Nəsrdə sosialçılıq, “repressiya” mövzusu, tarixin həqiqətləri, memuar ədəbiyyatı, realizmdən modernizmə, qadın yazıçıların yaradıcılığında müasirlik, yaradıcı gəncliyin nəsr axtarışları, 1990-cı illər şeirində ideya-məzmun yenilikləri, estetik təmayüllər, dekadans şeir mənzərələri, cənublu şairlər müstəqillik illərində, ədəbi qruplar və poetik manifestlər, yeni teatr estetikası axtarışları və digər konkret məqamlar 1990-cı illər ədəbi prosesini bütövlükdə və hərtərəfli əks etdirir.
Filologiya elmləri doktoru, professor Tehran Əlişanoğlu “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyi barədə məlumat verib. Qeyd olunub ki, nəşrdə 15 fəsil, onlarla icmal və portret oçerk, yüzdən çox yarımbaşlıq yer alıb. Kitab müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeniliyini, zənginliyini və təkrarsızlığını ortaya çıxarır. Qeyd edilib ki, iki cilddə və iri həcmdə (1890 səhifə) hazırlanmış kitab monoqrafik səciyyə daşıyır.

Xudaferin.eu

 

16:13