Azərbaycan Xalça Muzeyinin yaranmasının 50 illiyi Macarıstanda qeyd edilib

 

Budapeştdə fəaliyyət göstərən Tətbiqi Sənət Muzeyində Azərbaycan Xalça Muzeyinin 50 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə mühazirəçi qismində Azərbaycan Xalça Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova çıxış edib. Tədbiri Tətbiqi Sənət Muzeyinin direktoru Zoltan Çelovzki açıb.

Şirin Məlikova onun üçün yaradılan bu fürsətə görə Z.Çelovzkiyə və Azərbaycanın Macarıstandakı səfirliyinə minnətdarlığını bildirib. Sonra o, Azərbaycanın xalçaçılıq sənətinin tarixi və ənənələri barədə ətraflı təqdimatla çıxış edib. Direktor Azərbaycanın xalçaçılıq sənətinin inkişafı ilə bağlı bu ölməz sənət sahəsinin inkişafına xüsusi diqqət ayırdıqlarını söyləyib. Yeni Xalça Muzeyinin inzibati binası barədə məlumat verən natiq hazırda 50 illik yubileyini qeyd edən bu mədəniyyət ocağının fəaliyyətindən, burada nümayiş olunan nadir sənət nümunələrindən və gələcək planlardan bəhs edib. Azərbaycanın görkəmli xalçaşünası Lətif Kərimovun ölkəmizdə xalçaçılığın inkişafında əhəmiyyətli roluna diqqət çəkən Ş.Məlikova onun bu sahədəki xidmətlərindən söz açıb.

Ş.Məlikova çıxışı zamanı Azərbaycan ərazilərinin 20 faizinin 25 ildən artıqdır ki, erməni işğalı altında olduğunu vurğulayıb. O, işğal altında olan xeyli sayda mədəniyyət ocağımızın, sənət əsərlərimizin erməni vandalları tərəfindən məhv edildiyini təəssüf hissi ilə bildirib.

Təqdimat qonaqlar tərəfindən böyük maraqla qarşılanıb, onların Azərbaycanın mədəni irsi və xalçaçılıq məktəbinə dair sualları cavablandırılıb.

Xudaferin.eu
“Avropa Bürosu”

09:42