Azərbaycan İstanbulda uluslararası kitab sərgisində təmsil olunacaq

 

4-7 noyabr tarixində İstanbulda 36-cı Beynəlxalq Kitab Sərgisi keçiriləcək.
 

Ölkəmizin zəngin mədəniyyətinin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təmsil və təbliğ olunması məqsədilə “Azərnəşr”, “Kaspi Nəşrləri”, “Hədəf Nəşrləri”, “Altun kitab”, “Qələm” və “Parlaq imzalar” nəşriyyatlarının əməkdaşlarından ibarət nümayəndə heyəti sərgidə iştirak edəcək. Onu da qeyd edək ki, hər il sərgiyə dünyanın əksər ölkələrindən çoxsaylı iştirakçılar gəlir. Azərbaycanın mədəniyyətinin, müasir inkişafının və Qarabağ həqiqətlərinin təbliğ olunması, eyni zamanda nəşriyyat və informasiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması baxımından bu tədbir böyük əhəmiyyət daşıyır.

Budəfə sərgidə 36 kvadratmetr sahədə qurulacaq stendimizdə milli tariximizə, mədəniyyətimizə və ölkəmizin turizm potensialına dair nəşrlər ziyarətçilərin diqqətinə təqdim ediləcək. Həmçinin sərgi-yarmarkada bir sıra tədbirlər nəzərdə tutulub.

4 noyabr tarixində milli pavilyonda görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illiyi münasibətilə tədbir və “Molla Pənah Vaqif” və Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmış “M.P.Vaqif. Biblioqrafiya” kitablarının təqdimatı olacaq. Noyabrın 5-də stendimizdə 2016-cı ildən etibarən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi üzrə türkcə çap olunmuş 8 kitabın təqdimat mərasimi olacaq.

Xudaferin.eu

Türkiyə, "İstanbul Bürosu"

 

10:22