Azərbaycan İrsinin Təbliği Assosiasiyası Kanada mədəniyyət festivalında

Azərbaycan İrsinin Təbliği Assosiasiyası (AHDA) Kanada sakinlərini Azərbaycan mədəniyyəti ilə tanış etmək məqsədilə müxtəlif festivallarda və başqa tədbirlərdə çıxış edən, maarifçilik fəaliyyəti ilə məşğul olan həmfikir könüllülər qrupudur. Assosiasiyanın fəaliyyətinin ilk illərində cəmi bir neçə nəfərdən ibarət olan bu qrup zaman keçdikcə genişlənib, bir sıra ailələr onun fəaliyyətinə qoşulub. Bu gün belə ailələrdə həm uşaqlar, həm də valideynlər müxtəlif tədbirlərdə çıxış edirlər. Rəqqasların istifadə etdikləri milli kostyumları valideynlər özləri tikir, bəzi geyimləri isə Bakıdan gətirirlər. Assosiasiyanın rəqs qrupları çoxmillətli tərkibə malikdir: qürbətdə yaşayan soydaşlarımız, türklər və başqa xalqlar bizim rəqsləri birgə ifa edirlər.

Kollektivin çoxşaxəli fəaliyyəti və daim genişlənən repertuar ifaçıların ən müxtəlif kütləvi tədbirlərdə çıxış etməsinə imkan verir. Azərbaycan İrsinin Təbliği Assosiasiyası ciddi və səmərəli fəaliyyət göstərən kollektiv kimi tanınıb. 2016-cı ilin yayında AHDA kollektivi Kanadanın Kalqari və Edmonton şəhərlərində keçirilən musiqi irsi festivallarında iştirak edib. Kanadada yaşayan xalqların musiqi və rəqslərinin təqdim edildiyi bu tədbirlərdə Assosiasiyanın rəqs qrupu “Naz eləmə”, “Qaval”, “Yallı”, “Daşlı qaya”, “Uzundərə” və digər Azərbaycan rəqslərini təqdim edib. AHDA həm də Kalqaridə imkansız ailələrə kömək məqsədi ilə təşkil olunmuş “United Way” xeyriyyə konsertində iştirak edib. AHDA kollektivinin Kanadada keçirilən musiqi irsi festivallarında çıxışlarının əsas məqsədi yerli tamaşaçıları Azərbaycan mədəniyyəti ilə tanış etməkdir.

Xudaferin.eu

17:55