Azərbaycan Dövlət Rəqs Ansamblı Moskva səhnəsində

 

Azərbaycan Dövlət Rəqs Ansamblı Moskva Dövlət Filarmoniyasının P.İ.Çaykovski adına konsert zalının səhnəsində möhtəşəm proqramla çıxış edib. Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutan konsert böyük anşlaqla keçib.

Rusiya paytaxtının mədəni həyatında əlamətdar hadisəyə çevrilən iki hissədən ibarət “Mənim Azərbaycanım” konsert proqramında milli rəqslərimiz, eləcə də “Koroğlu” dastanının motivləri əsasında hazırlanmış milli balet təqdim olunub. Azərbaycan Dövlət Rəqs Ansamblına bədii rəhbəri, Rusiyanın xalq artisti, tanınmış xoreoqraf Dikalu Muzakayev bildirib ki, Azərbaycan rəqsləri zərifliyi, incəliyi, eyni zamanda qəhrəmanlıq, mərdlik notları ilə fərqlənir. “Azərbaycan müxtəlif mədəniyyətləri özündə birləşdirən misilsiz mirvaridir. Burada həm Qafqaz regionunun, həm Orta Asiya, eləcə də türk xalqlarının mədəniyyətini sezmək olur. Bu gün təqdim etdiyimiz “Koroğlu” baleti isə Qafqazda qəhrəmanlıq dastanının süjeti və xalq rəqsləri əsasında hazırlanmış ilk milli baletdir. Çox şadıq ki, Moskva tamaşaçıları “Mənim Azərbaycanım” konsert proqramını böyük hərarətlə qarşıladı”,- deyə ansamblın bədii rəhbəri vurğulayıb.

Qeyd edək ki, Diku Muzakayevin rəhbərliyi ilə rəqs kollektivinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə yüksəlib. Yeni bədii rəhbər bu vəzifəyə təyin olunmazdan əvvəl Azərbaycan mədəniyyətini, incəsənətini və xüsusilə də folklorunu dərindən öyrəndiyini deyir: “Əminəm ki, xalq ilə düzgün dialoq aparmaq üçün onun mədəniyyətinə bələd olmaq lazımdır. Azərbaycanda həm tamaşaçılar, həm ölkə rəhbərliyi rəqs sənətinə sevgi və qayğı ilə yanaşırlar. Bu isə sənətin inkişafı üçün çox vacibdir. Azərbaycan xalqını səmimiliyinə, xeyirxahlığına, dostluğa qiymət vermək bacarığına görə çox sevirəm”.

Konsertdə xalq rəqsləri ilə yanaşı, Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Tofiq Quliyev və digər görkəmli Azərbaycan bəstəkarlarının əsərləri əsasında səhnələşdirilmiş rəqslər təqdim olunub. “Qaytağı”, “Nəlbəki”, “Qazaxı” və digər xalq rəqslərimiz xüsusi maraqla qarşılanıb. Konsertin sonunda tamaşaçılar “Koroğlu” milli baletinə baxıblar. Düşmənə qarşı amansızlıq, vətəninə sevgi, sülhsevərlik Azərbaycan Dövlət Rəqs Ansamblı kollektivinin bu yeni layihəsinin əsas süjet xəttidir. Baletin sonunda qadınlar ağ örpəklə səhnəyə çıxıb “Laçın” mahnısının sədaları altında rəqs edilər. Səhnə əsəri tamaşaçıya sülh, həmrəylik, barış mesajı göndərir. Konsert salonunda tamaşaçılar arasında Rusiyanın tanınmış mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri də vardı.

Xudaferin.eu

RF. "Moskva Bürosu"

 

09:27