Avstriyada mühafizəkarlar ilə sağçı-radikallar arasında koalisiya danışıqları başlayır

 

Oktyabrın 15-də Avstriyada keçirilən növbədənkənar parlament seçkilərindən sonra yeni hökumətin təşkil olunması üçün danışıqların hansı siyasi düşərgələr arasında aparılacağı müəyyənləşib.

Seçkilərdə qalib gələn mərkəzçi-mühafizəkar Avstriya Xalq Partiyasının rəhbəri Sebastian Kurts ötən həftənin sonu parlamentdə təmsil olunacaq bütün siyasi qüvvələrlə aparılan ilkin danışıqlardan sonra koalisiya danışıqlarını sağçı-radikal Avstriya Azadlıq Partiyası ilə aparmaq niyyətində olduqlarını açıqlayıb. S.Kurts mətbuata açıqlamasında Avstriya Azadlıq Partiyasını koalisiya danışıqlarına dəvət edərək, qarşılıqlı rəğbət, ölkədə lazımi dəyişikliklərin həyata keçirilməsi üçün siyasi iradə və əzmkarlıq, eləcə də Avropa yönümlü istiqamətin bu danışıqlar üçün əsas şərtlər olduğunu qeyd edib.

Həmin gün keçirilən mətbuat konfransında Avstriya Azadlıq Partiyasının rəhbəri Hayts-Kristian Ştraxe öz partiyasının koalisiya danışıqlarına hazır olduğunu elan edib. Tərəflər danışıqlara vaxt itirmədən başlayacaqlarını və ilk görüşün oktyabrın 25-də keçiriləcəyini bildiriblər. Hər iki partiya koalisiyalı hökumət təşkil edəcəyi halda parlamentdəki yerlərin mütləq əksəriyyəti (183 yerdən 113-ü) yeni hökumətə məxsus olacaq.

Xudaferin.eu

"Avropa Bürosu"

 

09:22