Avstriyada keçirilən parlament seçkilərində mərkəzçi-mühafizəkarlar qalib gəliblər

 

Avstriyada keçirilən növbədənkənar parlament seçkilərində mərkəzçi-mühafizəkar Avstriya Xalq Partiyası qalib gəlib. Seçki məntəqələri bağlandıqdan sonra elan edilən ilkin nəticələrə əsasən, vitse-kansler və xarici işlər naziri 31 yaşlı Sebastian Kurtsun başçılıq etdiyi Avstriya Xalq Partiyası seçicilərin 31,6 faizinin rəğbətini qazanaraq, seçkilərdə qalib gəlib.

 

Federal kansler Kristian Kernin rəhbərlik etdiyi Avstriya Sosial-Demokratlar Partiyası isə seçkilərdə uğursuz nəticə göstərib və 26,9 faizlə ikinci yerdə qərarlaşıb. Sağçı-populist Avstriya Azadlıq Partiyası isə 26 faiz səslə üçüncü ən güclü siyasi qüvvə olduğunu təsdiqləyib və Avstriya Xalq Partiyası ilə koalisiya danışıqlarına girmək üçün əlverişli mövqe qazanıb. 1986-cı ildən bəri Avstriya parlamentində təmsil olunan Yaşıllar Partiyası cəmi 3,9 faiz səs toplayıb. Əgər ən son nəticələrin elan olunacağı 19 oktyabr tarixinədək səslərin sayı dəyişməsə, Yaşıllar Partiyası parlamentdən kənarda qalacaq.

Parlamentdə təmsil olunmaq üçün dörd faizlik həddi keçən digər partiyalar isə NEOS (5,1 faiz) və "Peter Piltsin siyahısı" (4,3 faiz) olub. Qeyd edək ki, 22-ci çağırış parlament seçkilərində səsvermə hüququna malik vətəndaşların 79,7 faizi iştirak edib. Yerli vaxtla saat 21.00-dək səslərin 99 faizi sayılıb.

 

Xudaferin.eu

"Avropa Bürosu"

 

09:05