Avstraliya azərbaycanlıları yerli sakinlərlə həmrəylik nümayiş etdirirlər

Son günlər bütün dünya ictimaiyyəti Avstraliyada baş verən dəhşətli meşə yanğınlarını və təbii fəlakətin doğurduğu fəsadları diqqətlə izləməkdədir.

Qeyd edək ki, yanğınlar nəticəsində 12 milyon hektar ərazi, 1000-dən çox ev külə dönüb, 500 milyona yaxın heyvan məhv olub və 20-yə yaxın sakin vəfat edib. Baş verənlər bütün avstraliyalılar kimi, bu ölkədə yaşayan azərbaycanlı icmasının üzvlərini də sarsıdıb.

Avstraliya Azərbaycanlıları Assosiasiyasının və Viktoriya Azərbaycan Mədəniyyəti Assosiasiyasının rəhbərliyinin Federal hökumətin Baş nazirinə və yerli hökumət strukturlarına ünvanladıqları məktublarda dəhşətli meşə yanğınlarının törətdiyi fəsadlarla mübarizədə dövlət strukturlarına dəstək ifadə olunub.

Müraciətlərdə soydaşlarımızın bu çətin günlərdə yerli əhali ilə həmrəy olduğu, təbii fəlakətin qarşısının alınması üçün hər cür yardım göstərməyə hazır olduğu vurğulanıb. Qeyd edilib ki, yanğınlara qarşı mübarizədə əsl qəhrəmanlıq göstərən yanğınsöndürmə xidmətinin, polis əməkdaşlarının və könüllülərin əməyi yüksək qiymətləndirilir, həlak olanların və xəsarət alanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verilir.

Viktoriya Azərbaycan Mədəniyyət Assosiasiyasının nümayəndəsi Ofeliya Hirt bildirib ki, xəsarət alan insanlara yardım göstərilməsi üçün təsis edilmiş xüsusi fonda artıq vəsaitlər köçürülüb, müxtəlif yardım əşyalarının, qida məhsullarının təxliyə məntəqələrində yerləşən şəxslərə qısa zaman ərzində çatdırılması istiqamətində işlər görülür.

16:04