Avropa Şurasından ermənilərə sərt təpki

İşğalçı Ermənistanın dekabrın 29-da cəbhə xəttində şəhid olan Azərbaycan ordusunun əsgəri Çingiz Qurbanovun nəşini qaytarmaması beynəlxalq hüquq normalarına sığmayan hərəkətdir. Azərbaycan tərəfi bununla bağlı beynəlxalq qurumlara müraciət etsə də heç bir irəliləyiş yoxdur. Uzun illərdir beynəlxalq qurumların Ermənistanın törətdiyi cinayətlərə səthi yanaşması problemin həll olunmamasına səbəb olub. Bu günlərdə Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland Ermənistanı Azərbaycan əsgərinin meyitini qaytarmağa çağırıb. Bu barədə Avropa Şurasının baş katibi bu gün yaydığı bəyanatda bildirib. "Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda birbaşa rol oynamasa da, bu məsələdə daim ATƏT-in Minsk qrupunun rolunu dəstəkləyir. Bununla belə, münaqişənin humanitar aspektləri bizi narahat etməkdədir. Mən bilirəm ki, ötən ilin 29 dekabr tarixində tərəflər arasında baş vermiş atəşkəs rejiminin pozulması insan tələfatına səbəb olub və eyni zamanda, erməni silahlı qüvvələrinin baş vermiş döyüşlər nəticəsində həlak olmuş azərbaycanlı əsgərin meyitini hələ də saxladıqlarından xəbərdaram.

Mən tərəfləri qətiyyətlə atəşkəs rejiminə əməl etməyə çağırıram və məsələnin humanitar tərəflərini nəzərə alaraq, 2010-cu ildə yüksək səviyyədə keçirilmiş Həştərxan razılaşmalarına uyğun olaraq, ATƏT-in Minsk qrupu həmsədrlərinin meyitlərin gecikdirmədən, dərhal qaytarılmasına dair etdikləri çağırışları tam şəkildə dəstəkləyirəm”, - T. Yaqlandın bəyanatında deyilir. Bu bəyanatdan sonra AŞ Ermənistana qarşı hansısa addım ata bilərmi? Yoxsa hər zaman olduğu kimi yenə də bu bəyanat olaraq qalacaq?
Hərbi-ekspert Üzeyir Cəfərov deyir ki,beynəlxalq qurumların özlərini bu cür aparması təəssüf doğurur: “Ermənilərdə bir damcı vicdan deyilən şey də qalmayıb ki, 29 dekabrda həyatını itirmiş Azərbaycan əsgərinin cansız bədənini qaytarsın. Bunlar bütün vicdan hissini itiriblər. Ermənistan bu hərəkətilə 2017-ci il üçün çox ağır bir ənənənin başlanğıcını qoydular. Ermənistan buna görə cavab verməli olacaq və Azərbaycan heç vaxt bunu onlara bağışlamayacaq, cavabsız qoymayacaq. O ki qaldı Avropa Şurasının, ATƏT-in Minsk qrupunun bəyanatlarına, Ermənistan bilir ki, bu beynəlxalq qurumların adları gurultulu səslənsə də onların daxilində heç nə yoxdur. Əgər onların heç bir təsir gücü yoxdursa, Ermənistan da sözsüz ki, özünü belə həyasızcasına aparır və Azərbaycana qarşı əzələ nümayiş etdirir. Ermənistan istəyir göyə çıxsın, istəyir özünü yerə vursun həlak olmuş əsgərimizin nəşini qaytaracaq. Sadəcə qaytarmamaqda məqsədi ondur ki, Azərbaycan ermənilərdən üzr istəsin və etiraf etsin ki, guya Azərbaycan bunlara qarşı diversiya həyata keçirib. Dəhşətlisi isə odur ki, 20 ildən artıqdır Azərbaycan torpaqlarının varını, dövlətini, yeraltı, yerüstü sərvətini talayan oğru, quldur bir dövlət Azərbaycanla hədə dilində danışır. Adama sual verərlər ki, sənin Azərbaycandan nə alacağın var ki, özünü belə hikkəli, iddialı aparırsan? Belə bir söz var ki, sirkə nə qədər tünd olarsa, öz qabını çatdadar. Ermənistan bu gün Cənubi Qafqazda bu siyasəti həyata keçirir. Ermənistan bu etdiklərinə görə çox peşiman olacaq. Çingiz Qurbanovun nəşinin verilməməsi və beynəlxalq qurumların da aciz şəkildə görünməsi gələcəkdə Azərbaycan üçün bir dərs olmalıdır. Erməniləri də yerində oturtmaq üçün bundan sonra Azərbaycanın çox gözəl imkanları olacaq”.
Ekspert xüsusilə vurğulayıb ki, bir əsgər nəşinin qaytarılmasına gücü çatmayan beynəlxalq qurumlardan heç nə gözləmək olmaz: “Bu problemin həll olunmasının yeganə mexanizmi Azərbaycan ordusunun erməni əsgərlərini cəhənnəmə vasil etməsi, maddi və mənəvi itkilərin vurulmasıdır. Bu mexanizmi də işə salmaq lazımdır. Bu atəşkəsdir, sülh yoludur, bunlar hamısı formal xarakter daşıyır və ancaq beynəlxalq qurumlara sərf edən məsələlərdir. ATƏT-in susmağının da yeganə səbəbi odur ki, Azərbaycanın səbr kasası daşsın və başqa yollara əl atsın və onlar da bəyanat versinlər ki, bunun qarşısını almaq lazımdır. Beynəlxaq qurumlar Ermənistana sanksiya tətbiq etməlidir, ancaq ermənilərin havadarları da heç vaxt buna imkan verməyəcəklər”.

Vilayət Muxtar
Cebhe.info

12:26