Almaniyanın quzeyində son on ilin ən böyük daşqını qeydə alınıb

“Aksel” qasırğası və leysan yağışları Almaniyanın Baltik dənizi sahillərində 2006-cı ildən bəri ən böyük daşqına səbəb olub. Daşqın nəticəsində sahilyanı şəhərlərin küçələri su altında qalıb. Xəsarət alanlar barədə hələlik heç bir informasiya verilmir.

Təbii fəlakətdən ən çox Rostok və Ştralzund şəhərləri zərər çəkib, Vismar liman şəhərində isə suyun səviyyəsi normadan 1,83 metr yüksəyə qalxıb. “Deutsche Welle” qəzetinin məlumatına əsasən, “Aksel” qasırğası Almanıyanın Langeoq adası yaxınlığından keçən Danimarkanın “Reederei Maersk” şirkətinə məxsus gəminin göyərtəsindəki bir neçə konteyneri aşırıb. Nəticədə dalğalar on minlərlə oyuncaq və pasxa yumurtasını sahilə atıb.
Qeyd edək ki, 2006-cı ildə Almaniyanın şərqində baş verən daşqın zamanı Elba çayının səviyyəsi 7,5 metrədək yüksəlmişdi. O vaxt Drezden şəhəri və ətrafında yaşayan 25 min sakin təxliyə olunmuşdu.

Xudaferin.eu
Almaniya, “Berlin Bürosu”

11:09