“Almaniyadakı azərbaycanlılar xüsusilə tibb sahəsində özlərini göstərirlər” – MÜSAHİBƏ

“Niyə bunun faydalarını dünyada fəaliyyət göstərən müəssisələr görürsə, bunu doğma torpağım görməsin?”
Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin üzvü, Baku-Nürnberg Mədəniyyət və Təhsil mərkəzinin idarə heyətinin sədri, Avropada tanınmış mühəndis-alim, dünyanın bir çox ölkələrində qeydiyyata düşmüş 60-dan çox patentin müəllifi, Almaniyanın “Siemens Energy” şirkətinin nümayəndəsi Yaşar Musayev Medianews.az-ın qonağı oldu.

Tanınmış alim suallarımızı cavablandırdı.

– Artıq bir ili də geridə qoyduq, xaricdən baxanda Azərbaycanı 2022-ci ildə necə dəyərləndirirsiniz? Geridə qoyduğumuz ili uğurlu hesab etmək mümkündürmü?

– 2022-ci il zəngin bir il oldu. İstər bir fərd, istərsə də Avropada yaşayan azərbaycanlı kimi. Ümumilikdə, cari il Azərbaycan Respublikası üçün məzmunlu oldu. Belə ki, Azərbaycan 44 günlük müharibədən sonra qalib, sözünü demiş bir xalq kimi dünya miqyasında mövqeyini daha da gücləndirdi.

2022-cü ildə Avropada, əfsuslar olsun ki, 75 ildən sonra qonşularımız Rusiya-Ukrayna arasında müharibə başladı. Müharibənin başlaması geostrateji hadisədir. Bu hadisə istəsək də, istəməsək də bizim regiona da təsir edir. Bu baxımdan, Azərbaycanın belə çətin geosiyasi regionda yerləşməsinə baxmayaraq, yenidən stabil inkişaf xətti tutması sevindirici haldır. Azərbaycanla Avropa İttifaqının həm iqtisadi, həm mədəni, həm siyasi, həm də iqtisadi əlaqələri genişlənir. Bu da çox sevindirici haldır. Xüsusilə, Almaniyada yaşayan soydaş kimi bunu rəqəmlərlə təsdiq edə bilərəm.

– Sizcə, Avropa İttifaqının tələbləri nələrdir? Avropalılar nə istəyir?

– Avropa İttifaqı regionda və Qafqazda sabitliyin tərəfdarıdır. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir. Azərbaycan bu dəstəyi qalib statusunda da hiss edir. Ən önəmli hadisələrdən biri də odur ki, enerji resurslarının həm istehsalı, həm də nəqli baxımından dünyada geosiyasi xəritənin yenidən işlənib-hazırlanması və bəzən də maraqların burada toqquşması, Azərbaycanın Ali Baş Komandanının apardığı siyasət zərgər dəqiqliyi ilə hesablanıb. Bir tərəfdən sabitliyin qorunub saxlanılması, o biri tərəfdən mövcud olan enerji resurslarından optimal istifadə Azərbaycan xalqının gələcəyi üçün hesablanmış uzunmüddətli strateji enerji mühüm bir faktdır.

– Necə hesab edirsiniz, bu gün enerji resurslarından səmərəli istifadə edə bilirikmi?

– Enerji resurslarının mövcud karbohidrogen resurslarının yeni “yaşıl hydrogen” enerji resurslarına keçid dövrünü yaşayırıq. Bir tərəfdən digitallaşma məsələsi sürətlə baş verir, digər tərəfdən enerji böhranında dünyada mövcud olan müxtəlif enerji istehsalçısı olan ölkələrdəki müxtəlif şirkətlər düzgün və qeyri-düzgün mövqe sərgiləyirlər. Bu məsələlərdə Azərbaycanın mövqeyi sevindiricidir. Qarşılıqlı əməkdaşlıq, müqavilələr əsasında bütün beynəlxalq hüquq normalara əməl edərək Azərbaycan elə bir şərait yaradıb ki, onlarla tərəfdaş ölkə bundan faydalanır. Həm Azərbaycan, həm də tərəfdaş olan ölkələr üçün bu, çox səmərəlidir.

Ali Baş Komandanızımın da dediyi kimi, “Sözümüzün imzamız qədər qüvvəsi var”. Amma bu qədər inkişaf və dünyaya inteqrasiya etdiyimiz bir zamanda, əfsuslar olsun ki, qısqanc mövqe sərgiləyən ölkələr də az deyil.

– Siz xaricdə yaşayan azərbaycanlı olaraq, bu mövqeyi hiss edirsinizmi?

– Əlbəttə, fərd kimi hiss edirəm. Amma ümumiləşdirib bunu Almaniya üçün demək mümkün deyil.

– Bəs, hansı Avropa ölkəsi üçün demək mümkündür?

– Misal üçün, Fransann Azərbaycana olan münasibəti o qədər də ürəkaçan, başadüşülən deyil. Azərbaycanın uğurlarına cənub qonşularımız da qısqanclıqla yanaşır. Bu qısqanclıq hərbi təlimlərin keçirilməsinə qədər gedib çıxır. Ancaq onlar bir şeyi bilsinlər ki, Azərbaycanın apardığı hazırkı siyasət sülhə əslanan siyasətdir. Bu, o demək deyil ki, bizim öz maraqlarımızı idarə etməyə gücümüz yoxdur. Siyasi, geosiyasi hərbi baxımdan, Azərbaycan sözünü deyir. Azərbaycan müstəqil dövlətdir. Yaxşı olardı ki, onlar bizimlə əməkdaşlıq etsinlər. Onlar bizimlə əməkdaşlıqdan ancaq faydalana bilərlər. Biz də istəyirik ki, xalqımız sülh və əminamalıq şəraitində yaşasın.

– Pandemiyadan sonra enerji böhranı, sizcə, daha da çoxalmadımı?

– Enerji böhranının pandemyia ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, pendemiya dövründə insanlarn çoxunun başı öz daxili problemlərinə qarışmışdı. Eenrji böhranı dünyada maraqların müxtəlif geosiyasi bölgələrində yenidən bölüşdürülməsindən əmələ gələn böhrandır. Bunun da əsas səbəbi karbohidrogen yataqlarının müxtəlif ölkələrdə istehsalçılardan istehlakçılara daşınması baxmından əmələ gələn böhrandır. Əlbəttə ki, enerji ölkə iqtisadiyyatına təsir edən ən vacib sahədən biridir. Xüsusilə, bizim qonşularımız olan Rusiyada, İranda enereji ehtiyatları ölkə iqtisadiyyatında mühüm rol oynayır. Enerji siyasəti strateji siyasət hesab edilir.

– Aprel ayında “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildiniz. Bu sizə hansı məsuliyyəti aşıladı?

– O diploma layiq görülmək mənim üçün gözlənilməz oldu. Bu, mənə böyük fəxarət hissi yaşatdı, eyni zamanda, Vətən qarşısında məsuliyyətimi daha da artırdı. Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında iştirak edirdim. Orada müxtəlif təltiflər təqdim edildi, təltif olunanlardan biri də mən oldum. Məni bu diploma layiq gördüyü üçün dövlət başçısına, İlham Əliyev cənablarına təşəkkür etmək istəyirəm. Diasporla İş üzrə Dövlət Komitəsinə də minnətdaram ki, onlar da dünyada yaşayan azərbaycanlıları azərbaycançılıq ideyaları ətrafında birləşdirən dövlət qurumudur. Komitənin sədri Fuad Muradova təşəkkür edirəm. Mənə təqdim edilən bu diplom inamın göstəricisidir.

– 44 günlük müharibə zamanı əsgərlərimiz ön cəbhədə vuruşsa da, dünya azərbaycanlıları yaşadıqları ölkədə informasiya müharibəsinin fəal iştirakçılarından idilər. Yəqin ki, məhz bu fəaliyyətinizə görə dövlət başıçısı tərəindən mükafatlandırıldınız…

– Biz həmin günlər Brandenburg Darvazasının qarşısındakı 18 Mart Meydanında dünyadakı bütün azərbaycanlıları meydanlara cəlb etmişdik. Bu, dünyada disporamızın ən böyük mitinqi idi. Nəinki Azərbaycanda, heç Almaniyada belə bir hadisə olmamışdı ki, 10 min nəfər insan Brandenburq qapıları qarşısında Azərbaycanın haqq səsini dünyaya çatdırsın. Brandenburq qapıları da vacib bir siyasi və coğrafi məkandır. Almaniyanın bu ərazisində ABŞ, Fransa, İngiltərə, Rusiya, Avropa Şurasının rəsmi səfirlikləri yerləşir. Meydanda çıxış edəndə o səfirliklər də bizə baxıb dinləyirdi. Ondan sonra bizə məktublar göndərildi, təzyiqlər olundu, müraciətlər edildi. Bunların heç biri bizi qorxutmadı. Biz beynəlxalq hüquq normaları çərçivəsində çıxış edirdik. Oradan əsgərlərimizə, Azərbaycanda olan qardaş və bacılarımıza, Ali Baş Komandanımıza xoş sədalarımızı və dəstəyimizi göstərdik. Mən həmin ərəfədə Almaniyanın təxminən 15 deputatı ilə şəxsən görüşdüm.

– 2023-cü ildə qarşınıza hansı hədəfləri qoymusunuz? Bu hədəflər üçün ilkin addımlar atılıbmı?

– Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi dünya alimlərinin müxtəlif sahələrdə tanınmış alimlərin elmi konfransını təşkil edəcək. Bu elmi konfransda məqsəd həmin alimlərin xarici ölkələrdə qazandığı müxtəlif sahələrdə ən qabaqcıl texnologiyaları, bilikləri Azərbayacana gətirmək və burada onun tətbiqi yollarını tapmaq, bu işin koordinasiyasını təşkil etməkdir. Əgər bu işi Azərbaycanda reallaşdırsaq, çox böyük bir iş olar.

Dünyanın bir çox ölkələrində qeydiyyata düşmüş 60-dan çox patentin müəllifiyəmsə, niyə bunun faydalarını Almaniya, Avropa, dünyada fəaliyyət göstərən müəssisələr görürsə, bunu Azərbaycan da, doğma torpağım da görməsin? Bura mənim vətənimdir. Hər bir azərbaycanlı çalışmalıdır ki, qanunlar çərçivəsində gücü ilə vətəninə, xalqına faydalı olsun.

– Hazırda Almaniyanın “Siemens Energy” şirkətinin nümayəndəsisiniz. Orada hansı işlər görülür? Bildiyimiz qədəri ilə Almaniyada ilk böyük vəzifədə olan azərbaycanlısınız.

– Bu şirkətdə elm və texnika bölməsinin şöbə rəhbəriyəm. Müxtəlif bölmələri var. Müxəssisəmizdə dünya üzrə təxminən 90 min işçi çalışır. Artıq sevindirici haldır ki, Almaniyadakı azərbaycanlılar xüsusilə tibb sahəsində özlərini göstərirlər. Almaniyada 1000-dən çox Azərbaycandan gəlmiş həkim fəaliyyət göstərir. Azərbaycanın Texniki Universitetindən gəlmiş 30-dan yuxarı Almaniyanın müxtəlif yerlərində rəhbər vəziflərdə işləyən həmvətənlərim var.

Çalışmışam ki, öz zəhmətimlə, əməyimlə Azərbaycanı layiqincə təmsil edim. Görüləcək işlərimiz hələ çoxdur.

Xəyalə Rəis
Mənbə:Medianews.az
Xudaferin.eu

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda hazırlanıb.

13:39