Alman mətbuatı Kərkükün separatçılardan azad olunmasını şərh edir

 

Almaniya KİV-ləri Kərkük əyalətinin və onun inzibati mərkəzinin İraqın hökumət qüvvələri tərəfindən kürd separatçılardan azad edilməsini rəğbət hissi ilə xəbər veriblər.

Oktyabrın 16-da İraqın hökumət qüvvələri Kərkük əyaləti qubernatorunun eyniadlı şəhərin mərkəzində yerləşən iqamətgahına və inzibati binaya nəzarəti öz üzərlərinə götürməklə, bu regionda İraq Konstitusiyasının qüvvəsini bərpa ediblər. Hərbçilər binanın üzərindən kürd muxtariyyətinin bayrağını çıxarıb, əvəzinə İraq bayrağını sancıblar. Bazar ertəsi səhər ordu Kərkük əyalətinə daxil olub, mühüm infrastruktur obyektlərini, o cümlədən hərbi aerodromu və neft yataqlarını nəzarətə götürüblər.

İraq ordusu şəhərə daxil olandan sonra kürd silahlı dəstələri təşvişə düşərək, demək olar ki, müqavimət göstərmədən dərhal geri çəkilməyə başlayıblar. Onlarla birgə kürd əsilli minlərlə sakin Kərkükü tərk edib.
Baş verən hadisələri izləyən AFP müxbirinin sözlərinə görə kürdlərin əksəriyyəti Ərbil və Süleymaniyyə şəhərlərinə tərəf üz tutublar. Bu hadisələrdən əvvəl İraqın baş naziri Heydər əl-Abadi həm Bağdadın, həm də “kürd muxtariyyəti” hökumətinin nəzarət etmək iddiasında olduğu ərazilərdə kürd bayraqlarının çıxarılmasını və İraq bayraqlarının saxlanmasını əmr edib. “İraq Kürdüstanı”nın tərkibinə daxil olmayan Kərkük əyaləti Bağdaddakı mərkəzi hökumət ilə kürd muxtariyyəti arasında mübahisəli ərazilərdən biridir. Qondarma İslam Dövlətinin döyüşçüləri qovulandan sonra bu regionun böyük hissəsini nəzarətə götürmüş peşmerq qüvvələri əyalətdə tez-tez etnik təmizləmə aparırlar.
Bağdaddakı mərkəzi hökumət İraq kürdlərinin müstəqilliyi haqqında referendumun nəticələrinin ləğv olunmasını tələb edirdi. İraq ordusunun əməliyyatı İraq kürdlərinin rəhbərliyinin həmin tələbi yerinə yetirməkdən imtina etməsinə cavab idi. Almaniya KİV-ləri son hadisələr barədə müəyyən dərəcədə təmkinlə və hətta rəğbətlə yazırlar.

Xudaferin.eu
Almaniya, “Berlin Bürosu”

10:10